Tahir Kərimli ittihamlarla razılaşmır

“Azərbaycan Parlamenti də, dövləti də Xocalı hadisəsini soyqırım kimi qəbul edir”
“Təkliflər var ki, Xocalı abidəsi daha mərkəzi yerə köçürülsün, 20 Yanvar şəhidləri abidəsinə birləşdirilsin”




Erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən olan, bəşər tarixinə Xocalı soyqırımı kimi yazılan qanlı faciədən 25 il ötür. Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində qanlı hadisələr

hər il olduğu kimi bir daha xatırlanır, faciənin səbəbləri təhlil edilir. Soyqırımın hələ də yetərli dərəcədə hüquqi qiymət almadığını və dünyada lazımi səviyyədə tanıdılmadığını düşünənlər faciə ilə əlaqədar xüsusi qanunun qəbul olunmasını zəruri hesab edirlər. Onlar iddia edirlər ki, hər il Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrinin parlamentində müzakirələr aparılır. Hətta bəzi ölkələr faciəni soyqırım olaraq tanıyırlar.

Lakin Xocalı hadisəsi parlamentimizdə soyqırım kimi tanınmır, onunla bağlı qanun qəbul olunmur. Bəzi deputatlar Xocalı soyqırımı ilə bağlı kifayət qədər sənəd qəbul olunduğunu əsas gətirərək, bu barədə xüsusi qanuna ehtiyac olmadığını deyirlər. Onların fikrincə, qanun hansısa məsələnin, konkret sahə üzrə fəaliyyətin tənzimlənməsi məqsədilə qəbul olunur. Faciə üçün qanun qəbul edilmir. Ekspertlər də vurğulayırlar ki, Milli Məclisdə 1994 və 2002-ci ildə Xocalıda baş verənlər soyqırım kimi tanınıb. Xocalı faciəsinin soyqırım kimi tanınması haqda qərarlar qəbul olunub. O cümlədən, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamında Xocalı faciəsi soyqırım kimi qeyd edilib. 

Mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parlamentə qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. Deputat xatırladıb ki, Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı bir ay əvvəl böyük iclas keçirilib və qərara alınıb ki, soyqırımın 25 illiyi ilə əlaqədar geniş tədbirlər, mərasimlər təşkil olunsun: 

"Parlamentin müvafiq komitəsində konkret Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlanır. Layihə iki ay müddətində hazır olmalıdır. Yəqin ki, yaz sessiyasında qanun parlamentdə müzakirə olunacaq. Şəxsən mən təklif etmişəm ki, faciə layihədə genosid, yəni soyqırım olaraq vurğulansın. Bu ifadənin önəmi böyükdür. Görürsüz, ermənilər illərdir çalışırlar ki, ABŞ prezidentləri 1915-ci ildəki hadisələrə genosid desinlər. Amma bütün səylərinə baxmayaraq, istəklərinə nail ola bilmirlər. Xocalı hadisələri Amerikanın bir sıra ştatlarında, o cümlədən bəzi ölkələrində soyqırım kimi tanınsa da, əksər dövlətlərdə bu hadisə qətliam, qırğın kimi qeyd olunur. Yəni bir çox ölkə bu məsələdə söz oyunu ilə məşğul olur. Ona görə də biz soyqırım sözünün yazılmasını təklif etmişik. Hətta müzakirələr zamanı qərara gəlmişik ki, təkcə Xocalı deyil, 1918-ci il 31 mart soyqırımı da daxil olmaqla son 200 ildə ermənilərin başımıza gətirdiyi bütün qətliamlara hüquqi qiymət verilsin. Həmin günlərlə bağlı xüsusi tədbirlər keçirilsin. Təkliflər var ki, Xocalı abidəsi daha mərkəzi yerə köçürülsün, 20 Yanvar şəhidləri abidəsinə birləşdirilsin və s. Dövlət bu təkliflərin hamısını dəyərləndirir. Təbii olaraq, biz də hesab edirik ki, məsələnin bu qədər gecikməsi yaxşı hal deyil”. 

Deputat bildirib ki, Azərbaycanda soyqırımla bağlı cinayət məcəlləsində xüsusi maddə var. Ancaq parlament üzvləri çalışırlar ki, soyqırım hadisələrinə konstitusiya qanunları səviyyəsində baxılsın: 

"Nəzərə alaq ki, bəzi xarici dövlətlərdə Qarabağ savaşına ermənilərin "milli azadlıq hərəkatı” kimi baxanlar da var. Əlbəttə, bu cür düşüncələri inkar etmək üçün əlimizdə kifayət qədər imkanlar, tarixi faktlar var. Erməni qaniçən Zori Balayan körpə uşaqları, qadınları necə vəhşi üsullarla öldürdüyünü öz kitabında etiraf edir. Belə faktlar çoxdur. Ermənilər açıq şəkildə genosid siyasəti yeridiblər. Düşüncəm odur ki, məruz qaldığımız soyqırımlara görə, beynəlxalq məhkəmələrin qurulmasını gözləməməliyik. Bu cür hadisələrə beynəlxalq instansiyalarda baxmaq mümkün deyil. Çünki Azərbaycanla yanaşı, düşmən tərəf də buna razılıq verməlidir. Məlumdur ki, Ermənistan həqiqətin ortaya çıxmasının tərəfdarı deyil. Avropa İnsan Haqqları və digər beynəlxalq məhkəmələr də bizi yarıtmayacaq. Yuqoslaviya, Kosovo, Burkino-Faso və Mali məsələləri ilə bağlı qurulan məhkəmələr ədalətli qərar verə bilməyib. Çıxış ona qalır ki, bu işlə ancaq özümüz məşğul olaq. Xocalı soyqırımı ilə bağlı Respublika Prokurorluğunda iş yekunlaşdıqdan sonra Azərbaycan məhkəmələri müvafiq hökmü icra etsinlər. Genosidlə bağlı məhkəmələrdə qiyabi hökm çıxarmaq mümkündür. Eyni zamanda burada zaman məhdudiyyəti də yoxdur. Bir daha təkrar edirəm ki, Azərbaycan Parlamenti də, dövləti də Xocalı hadisəsini soyqırım kimi qəbul edir. Sadəcə olaraq hadisələrin tanınması ilə bağlı bizdə hüquqi prosedur tam formalaşmayıb”.

İsmayıl