KTMT-yə erməni baş katibin seçilməsi heç nəyi dəyişmir

Beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu sübuta yetirir



Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurası təşkilata baş katibin seçilməsi ilə bağlı yekun sənəd hazırlayıb.

Bu sənəd quruma yeni sədr təyin olunması məsələsini həll etməlidir. Hərbi blokun mətbuat xidmətinin rəhbəri Vladimir Zaynetdinov deyib ki, KTMT-nin yeni baş katibi mütləq Ermənistandan seçiləcək və həmin şəxs 3 il müddətində bu vəzifəni icra edəcək.

 Onun sözlərinə görə, 2017-ci ilin aprelində yeni erməni baş katibin adı açıqlanacaq. 

Xatırladaq ki, quruma baş katib seçimləri bir-iki dəfə təxirə salınsa da, Ermənistan rəsmiləri təşkilata rəhbərlik etmək istiqamətində xüsusi canfəşanlıq göstərirlər. Amma ekspertlərin sözlərinə görə, düşmən ölkənin KTMT-yə müvəqqəti baş katib seçilməsi heç bir prosesə təsir göstərməyəcək. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, Ermənistan müstəqil tərəf deyil və İrəvanın mövqeyi birbaşa Kremldən asılıdır: 

"Ermənistan Rusiyanın forpostudur. Bu baxımdan seçiləcək erməni baş katib də sadəcə bir oyuncaqdır. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın belə bir addımı Dağlıq Qarabağ danışıqlarına mənfi təsir göstərə bilər. Belə hərəkətlərlə Azərbaycana təzyiq etmək imkansızdır. Beynəlxalq hüquq Azərbaycanın haqlı olduğunu sübuta yetirir. O mənada işğalçı Ermənistan təmsilçisinin baş katib seçilməsi heç nəyi dəyişmir. Təbii ki, formal baş katiblik məsələsi bölgədə baş verən proseslərə ciddi təsir edə bilməz”.

İsmayıl