Sürüşmə zonasına gecələr torpaq boşaldılır

Ərazidəki evlərə real təhlükə yaranıb




Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsinin sakinləri torpaq sürüşməsi təhlükəsi ilə üzləşiblər.

Bir neçə gündür ki, adıçəkilən ərazidə "Əhəng quyusu” adlanan yerə yaxın məsafədə dərə aşağı Xətai rayonu tərəfdən yük maşınları ilə torpaq tökülür. Xatırladaq ki, ərazi sürüşmə zonasına aiddir və bu, rəsmi məlumatlarda əksini tapır

Məhz gecə saatlarında ağır tonnajlı avtomobillər dərənin başına gələrək torpaq boşaldırlar. Sakinlər bu fikirdədir ki, yəqin haradasa yaxınlıqda tikinti işləri aparılır, qazılan torpağı uzaq məsafəyə daşıtdırmaq əlavə vəsait xərci tələb etdiyindən torpağı elə yaxınlıqdakı "sahibsiz” əraziyə boşaldırlar. Halbuki adıçəkilən ərazidə həm təpənin üstündə, həm də aşağı hissədə fərdi evlər yerləşir. Təpə aşağı o qədər torpaq tökülüb ki, artıq aşağı hissədə torpaq uçqunu əmələ gəlib. Bu isə ərazidəki evlərə real təhlükə yaradır. Sakinlər dünən Fövqəladə Hallar Nazirliyinə müraciət etməyi qərara alıb. Və Nazirliyin 112 xidmətinə zəng ediblər. Xidmətin 92 saylı operatoru tərəfindən müraciət qəbul edilib. Sakinlər FHN-nin məsələyə müdaxilə etməsini istəyir. Əks halda, böyük torpaq sürüşməsi olacağı labüddür. O zaman insanların və evlərin torpaq uçqunu altda qalmasının məsuliyyəti kimin üzərinə düşəcək?

Məlahət