Müzəffər Baxışov: “Cəzaları sərtləşdirməklə, cinayətin qarşısını almaq qeyri-mümkündür”
Səidə Qocamanlı: “Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkədə ölüm hökmü bərpa oluna bilməz”
Milli Məclisin deputatları erkən nikahlar, boşanmalar, intiharlar və uşaqlara qarşı zorakılığın artmasından narahatlıqlarını bildiriblər. Həmkarlarının narahatlığını bölüşən millət vəkili Elmira Axundova isə "sherg.az”a açıqlamasında bu cür hallara qarşı dəfələrlə müraciətlər, çağırışlar etdiyini deyib.
Dəfələrlə qadınlara və uşaqlara qarşı zorakılıq edənlərin ölüm hökmü ilə cəzalandırılması məsələsini qaldırdığını vurğulayan Elmira Axundova ölüm hökmünün bərpasında israrlı olduğunu deyib: "Uşağı, qadını zorlayanlar, qadınları uşaqların gözü qarşısında vəhşicəsinə öldürənlərə ölüm hökmü verilməlidir. Adam öldürən cinayətkar layiqli cəzasını almalıdır. Kimisə öldürürlər sonra da həbsxanada dövlət onları 20 il yedizdirir”.
Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, ölüm cəzası olsaydı, vəziyyətin fərqli olacağını düşünmür:
"Ölüm cəzasının Azərbaycanda bərpasına heç bir ehtiyac yoxdur. Həmin əməllərə görə ölüm hökmü olsaydı da, o cinayət törədiləcəkdi. Çünki cinayət sosial hadisədir. Bu və ya digər cəzaları sərtləşdirməklə, o cinayətin qarşısını almaq qeyri-mümkündür. Sadəcə, xüsusilə ağır cinayətin baş vermə şəraitini aydınlaşdırmaq lazımdır ki, həmin şəxsin özünün psixi vəziyyəti hansı səviyyədədir, özünü xarakterizə edən hallar nədən ibarətdir. Hətta sovet dövründə də dövlət əmlakının xüsusi və külli miqdarda mənimsənilməsinə görə, (10 min manatdan artıq) Cinayət Məcəlləsində 88-1-ci maddədə ölüm cəzası nəzərdə tutulmuşdu. Hüquqşünasın dediyinə görə, sözügedən cəzanın nəzərdə tutulmasına baxmayaraq, həmin vaxt xüsusilə və külli miqdarda dövlət əmlakının oğurlanmasının qarşısını almaq qeyri-mümkün idi. Hər saniyə, hər dəqiqə o oğurluqlar baş verirdi. Sadəcə buna qarşı olaraq cinayətlərin baş verməsinə şərait yaradan halların aradan qaldırılması üçün müəyyən tədbirlər görülməlidir”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə millət vəkilinin təklifi ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, Avropa Şurasına üzv olan və hələ bu quruma üzv olmazdan əvvəl ölüm hökmünü ləğv edən bir ölkə üçün bu cəzanın bərpası Azərbaycanın beynəlxalq imicinə zərbə vura bilər:
"Ölüm hökmünün bərpası bir sıra beynəlxalq təşkilatlara üzv olan və beynəlxalq konvensiyalara qoşulan Azərbaycana yaraşmaz. Başa düşürəm, qadınlara və uşaqlara qarşı zorakılıq halları, vəhşicəsinə törədilən cinayətlərin sayı həddindən artıq artıb. Amma bu problemləri yaradan səbəblər axtarılıb, tapılmalı və qarşısı alınmalıdır. Ölüm hökmünün bərpası heç də problemdən çıxış yolu deyil. Dünya təcrübəsində bəzi dövlətlərdə ölüm hökmü olsa da, bizim üçün bu hökmün bərpası məqsədəuyğun deyil. Avropa Şurasının tamhüquqlu üzvü olan bir ölkədə ölüm hökmü bərpa oluna bilməz”.
Hüquq müdafiəçisinin sözlərinə görə, cəzaları sərtləşdirmək yolu ilə bu probemin müəyyən qədər qarşısını almaq olar. Ölüm hökmü Azərbaycanda ömürlük cəza ilə əvəz olunub. Hesab edirəm ki, insanlara qarşı ağlasığmaz cinayət törətmiş cinayətkarlara ömürlük cəza verilə bilər.
Şəymən