Şantajı bəzən böyük mütəşəkkil qruplar edir

Kriminalist məsləhət verir ki, onlara qarşı ən yaxşı mübarizə dövlət orqanlarına müraciət etməkdir


Son vaxtlar ayrı-ayrı şəxslərin, qadınların şantaj olunması ilə bağlı hallar artıb. Bəzi insanlar gəlir əldə etməyin yolunu, kimlərinsə şəxsiyyətini alçaltmaqda, onlardan sui-istifadə etməkdə görürlər. Texnologiyanın inkişafı müəyyən tərəqqilərə səbəb olsa da, bəzən onun törətdiyi mənfi hallar da gözdən yayınmır. İndiki dövrdə şantajlar müxtəlif formada həyata keçirilir. Ən aktual şantajlar isə məhz sosial şəbəkələrlə əlaqəlidir.

Qurbanlar arasında isə qadınlar üstünlük təşkil edir. Sosial şəbəkələrdəki etinasız münasibətlər, tanışlıqlar, qadınların düşüncəsizliyə yol verərək qarşı tərəfə şəxsi şəkillər göndərməsi sonda şantaja gətirib çıxarır. Bəziləri isə çıxış yolu tapmaqda çətinlik çəkirlər. Hətta şantaj ucbatından intihara sürüklənənlər az deyil. Beləliklə, kimisi canına qıyır, kimisi də çıxış yolunu şantaj edənə boyun əyməkdə görür. Qarşılığında tələb olunan maddi vəsaitlər verilsə də, bu çıxış yolu deyil. Çünki şantajla məşğul olan şəxsin yenidən pul tələbi gözlənilən addımdır. Əslində məsələ hüquq-mühafizə orqanlarına müraciət etməklə həll olunacaq qədər sadədir. Ona görə ki, istənilən halda şantaj cinayət əməli sayılır və əlaqədar orqanlar bu cür hallarla daim mübarizə aparmaqdadır.

Məsələ ilə bağlı kriminalist İlqar Altay "Şərq”ə açıqlama verib. Onun sözlərinə görə, şantaj maddi, ictimai və ya qrup marağından asılı olmayaraq qanunvericiliklə tənzimlənir: 

"Bu əməlin baş verməsinin səbəbləri şantaj edənin güc və qüvvəsindən, həmçinin məqsədindən asılıdır. Elə qruplar olur ki, onların şantaj etmələri üçün müəyyən qədər təşkilati qüvvə lazımdır. Bir var ki, şantajı hansısa oğru qrupları edir. Bir də cinayətkar tərkibli dövlət xidməti ünsürləri olur. Onlar dövlətin verdiyi səlahiyyətlərdən sui-istifadə edirlər. Aparaturalardan, izləmə metodlarından, vəzifələrdən istifadə edib camaatı şantaj edirlər və məqsədlərinə nail ola bilirlər. Şantaj olunanlar arasında həm kişilər, həm qadınlar ola bilər. Kişiləri müxtəlif məişət məqsədləri ilə, ya da onun şəxsi işinə qarışmaqla şantaj edirlər. Hesab edirəm ki, istənilən halda şantaja qarşı ən yaxşı mübarizə dövlət orqanlarına müraciət etməkdir. Azərbaycanda şantaja qarşı, xüsusilə Din orqanları, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi effektiv mübarizə aparır. Amma son illər keçmiş MTN bunu apara bilmirdi. Çünki MTN-nin özünün içərisində də bu işlə məşğul olanlar var idi. Lakin Dövlət Təhlükəsizlik Xidmətimiz yeni qurulmasına baxmayaraq bu istiqamətdə güclü işləyir. Düşünürəm ki, get-gedə mübarizə ilə əlaqədar öz işini möhkəmləndirib quracaqdır. Ümumiyyətlə isə bizim ölkədə şantajın qarşısı alınmalıdır. Çünki bu həm cəmiyyətə, həm də dövlətçiliyə böyük zərərlər gətirə bilir”.

Şantajla bağlı orta məktəblərdə də təhlükəli vəziyyət yaranıb. Bu üsuldan istifadə edərək şagirdlər bir çox şəxsləri, ən dəhşətlisi isə müəllimlərini şantaj edirlər. Maraqlıdır, onların bu hərəkətinə səbəb ailədə verilməyən tərbiyə, yoxsa onların ailəsi tərəfindən diqqətsizliyə məruz qalmasıdır? 


Şagirdlərin belə addım atmasının ailədəki tərbiyədən asılı olduğunu deyən İ.Altay ölkəmizdə onlar üçün ciddi hüquqi cəzaların olmadığını bildirib. Kriminalist bunu ölkəmizin humanist olmasında görür:

"Şantaj məsələsi elə də sadə və asan bir proses deyil. Buna xüsusi təşkilatçılıq lazımdır. Şagirdlər arasında belə hallar baş veribsə, bunu böyük şantaj hesab etmək olmaz, lakin müəyyən dərəcədə cinayət tərkibi var. Yetkin yaşlı insanı qanunla tərbiyə etmək və

cəzalandırmaq olur, o qanundan qorxur. 15-16 yaşında məktəb uşağını tək qanunla qorxutmaq mümkün deyil. Şagird gedib adam öldürəndə onu tutmaq da olmur. Kimisə gedib şantaj edib, bunun hardasa 6-7 illik cəzası var və bunu uşağa tətbiq eləmək mümkün olmur. Deməli, burda tərbiyə məsələsi ön plana keçir. Tərbiyənin arxasında isə, valideyn, məktəb, icra strukturları və ictimaiyyət durur. Bu bir az qəliz və qarışıq məsələdir. Onun üçün də uşaqlarda belə halların qarşısını almaq bir az çətindir”.

Yeganə Bayramova