Araşdırma jurnalistikası mediada həmişə yerini qoruyacaq

İstənilən dövrdə, sadəcə qısa məlumat xarakteri daşıyan xəbərlər cəmiyyəti qane etmir




(əvvəli ötən sayda)

Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rol oynayan, daim inkişafda olan fəaliyyət sahəsidir. Ona görə də, bu sferada çalışan kadrların peşə hazırlığı, onların nəzəri və təcrübi bilikləri çox vacibdir. Hazırda müasir jurnalistika media sahəsində illər boyu mövcud olmuş bir sıra metod və formalardan imtina edərək dövrə uyğun olaraq yeni tərzdə fəaliyyət göstərməyə başlayıb. Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır. Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər.

Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb. Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onun müəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı-jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu. 

Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı, cəhdin özü müəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan, hər jurnalistin araşdırmaçı-jurnalist olduğunu söyləmək mümkündür. 

Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir. Ekspertlərin fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli olmaqla, bir dedektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar. Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli iş gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız

jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma jurnalistikasına

nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.

Məsələ ilə bağlı "Şərq”ə danışan Türkiyənin "Anadolu” Agentliyinin əməkdaşı Ruslan Rəhimov internet medianın inkişafı ilə araşdırma jurnalistikasının arxa plana keçməsi fikri ilə razı olmadığını deyib: 

"Əksinə, araşdırma jurnalistika daha etibarlı xəbər əldə etmə baxımından bu gün də öz aktuallığını qoruyur. Cəmiyyətdə köklü problemlər olduğu müddətcə araşdırma jurnalistika medianın ən mühüm janrlarından biri olmağa davam edəcək. Media günlük xəbər siyasəti ilə yanaşı, sosial məsuliyyət anlayışı ilə ictimai əhəmiyyətli araşdırma mövzulara da yer ayırmalı, belə bir missiyasının olduğunu unutmamalıdır. İstənilən dövrdə, sadəcə qısa məlumat xarakteri daşıyan xəbərlər cəmiyyəti qane etmir. Araşdırma jurnalistikası çox vaxt sanki müxaliflik kimi qəbul edilsə də, əslində belə deyil. Araşdırma jurnalistika qəsdən gizlədilən, gizli qalması üçün müəyyən tədbirlər görülən, cəmiyyətin sosial, siyasi və iqtisadi olaraq zərər gördüyü bəzi həqiqətlərin üzə çıxarılması məqsədini güdür. Təbii ki, araşdırma jurnalistika çox vaxt aparan və daha çox zəhmət tələb edən bir sahədir. Amma buna rəğmən ciddi, etibarlı və təcrübəli jurnalistlər heç vaxt bu janrdan vaz keçməyəcəklər”.

"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev də jurnalistikada daha çox xəbər istehalının ön planda olması ilə bütünlüklə razılaşmadığını deyib: 

"Daim medianı izləyən oxucu da müəyyənləşdirə bilər ki, Azərbaycanın bütün növ media orqanlarında xəbər istehsalı ilə yanaşı, araşdırma, reportaj, analitika, müsahibə kimi janrlara da üstünlük verilir. Təbii ki, bu sırada xəbər istehsalı daha öndədir. Bunun da obyektiv səbəbləri var. Çünki Azərbaycan mediası bu gün oxucunu sosial şəbəkələrdən zorla toplayır. Heç kim sovet dövründə olduğu kimi qəzet-jurnal almaq üçün növbəyə durmur. Sosial şəbəkə istifadəçilərinin də böyük əksəriyyəti araşdırma və analitika deyil, xəbər axtarır. Amma oturuşmuş media qrumları, xüsusən də qəzetlərimiz gündəmdə olan mövzularla bağlı kifayət qədər araşdırma yazıları ortaya qoyurlar. Biz də onunla razılaşırıq ki, daha maraqlı və tutarlı araşdırma aparmaq üçün jurnalistə vaxt lazımdır. Əlbəttə, təkcə vaxt deyil, həm də üz tutacağı dövlət və qeyri-dövlət təşkilatları onlara ünvanlanacaq suallara ətraflı cavab verməlidirlər. Təbii ki, bunların hər ikisi eyni vaxtda mümkün olmur. Belə olan təqdirdə də "at üstü” araşdırmalar ortaya çıxır. Bu tipli araşdırmaların ortaya çıxmasında internetin də "rolu” böyükdür. Bütün hallarda Azərbaycan mediasında araşdırma mövzularını işləyən kifayət qədər peşəkar jurnalistlər var və zaman-zaman da onlar bu işin öhdəsindən yaxşı gəlirlər”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev araşdırma jurnalistikasının mühüm sahələrdən biri olduğunu deyib: 
"Cəmiyyəti düşündürən istənilən problemlə bağlı jurnalist araşdırmalarına ehtiyac olub. Bu gün də buna ciddi ehtiyac var. Sadəcə olaraq son dönəmlər xəbər jurnalistikası bir qədər ön plana keçib. Ona görə də bəzən elə təəssürat yaranır ki, artıq araşdırma mövzuların zamanı keçib. Amma heç də belə deyil. İndiki dövrdə kifayət qədər araşdırma yazılara rast gəlmək mümkündür. Jurnalist araşdırmaların aparılması sahəsində ixtisaslaşmış xeyli sayda həmkarımız var. İstənilən məsələ ilə bağlı ətraflı, balanslaşdırılmış, bütün tərəflərin mövqeyini özündə əks etdirən, problemin mahiyyətini açıqlayan araşdırma məqalələr yazan qabiliyyətli jurnalistlərimiz var. Sadəcə olaraq xəbər saytları jurnalist araşdırmalarına ehtiyac duymurlar”. Baş redaktora görə, bu məsələdə maddi təminat da mühüm rol oynayır: "Bəzən araşdırma aparan jurnalist günlərini həmin yazıya sərf etməli olur. Azərbaycanda elə bir media qurumu yoxdur ki, araşdırmaya sərf olunan əməyə uyğun olaraq jurnalisti qiymətləndirsin, ona yüksək məbləğdə qonorar versin. Bu baxımdan jurnalistlərin araşdırma yazılar yazması üçün stimul yoxdur. Amma istənilən halda mütəmadi olaraq mətbuatda araşdırma yazıları oxuyuruq. Həmkarlarımız çox məhdud imkanlar çərçivəsində, informasiya almaqla bağlı problemlərin olduğu dövrdə kifayət qədər maraqlı araşdırma yazılar hazırlayırlar. Bu yazılar həm siyasi, həm sosial sahələrlə bağlı olur”. 

İ.Quliyev son zamanlar sosial məsələlərlə bağlı xeyli jurnalist araşdırmalarına rast gəldiyini bildirib: 
"Şəxsən intihar hadisələri ilə bağlı bir neçə maraqlı yazılar oxumuşam. Bu baxımdan, belə qənaətə gəlmək olar ki, Azərbaycan mediasında araşdırma janrı hələ ölməyib. Bu sahə ilə məşğul olan xeyli sayda təcrübəli qələm sahibləri var. Sadəcə olaraq mətbuatın özünün araşdırmalara tələbatı yoxdur. Bəlkə bunun özü də təbii prosesdir. Dünya qloballaşıb, xəbər jurnalistikası dünyanın hər yerində özünə yer edib. İnsanlar məlumatları bir-iki cümlə almağa daha çox üstünlük verirlər. Ona görə də saytlarımızın xəbər jurnalistikasına üstünlük verməsi başa düşüləndir. Bununla yanaşı, ciddi media qurumları əhəmiyyətli təhlillərə, analitik yazılara yer ayırırlar”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb