Jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızının ölümünün səbəbi ilə bağlı yekun ekspertiza rəyinin açıqlanacağı tarix başa çatır. Bir müddət əvvəl açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Aparat rəhbəri Ceyhun Allahverdiyev yekun ekspertiza rəyinin oktyabrın 22-də elan olunacağını bildirmişdi. Məsələ ilə əlaqədar Ceyhun Allahverdiyevlə əlaqə yaratdıq. Lakin Aparat rəhbəri verdiyi vədə baxmayaraq, yekun ekspertiza rəyini açıqlamaqdan imtina etdi və yekun rəyi cinayət işinin aparıldığı Nəsimi Prokurorluğundan əldə edə biləcəyimizi söylədi. Nəsimi prokurorunun köməkçisi, Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işinin istintaq qrupunun üzvü İsmayıl Rövşənov isə ekspertizanın yekun rəyini almadığını söylədi. Xatırladaq ki, mərhum Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi Sina” klinikasında süd vəzi kanalınının əməliyyatı zamanı dünyasını dəyişib. Ekspertizanın ilkin rəyində ölümün səbəbi kimi həkim məsuliyyətsizliyi göstərilib. Bununla bağlı sentyabrın 25-də Nəsimi rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Qeyd edək ki, həkimlər - Topçubaşov adına Eksperimental Xəstəxananın həkim-cərrahı Fərəcullah İdrisov, 1 saylı Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiri Mahir Məmmədov və 1 saylı Klinik xəstəxananın anestezioloqu Firuz İbrahomov ekspertizanın ilkin rəyində günahkar bilinsələr də, hələ də iş başındadırlar və heç nə olmamış kimi əməliyyatlarda iştirak edirlər.