Prezident İlham Əliyevin deputat Əli Əhmədovu baş nazirin müavini təyin etməsi ilə parlament üzvlərinin sayı bir nəfər də azalıb. Bununla da Milli Məclisdə boş deputat yerlərinin sayı üçə çatıb. Hazırda 19 saylı Nərimanov, 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələri deputatsızdır. Qeyd edək ki, konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs deputat ola bilməz.
Bu səbəbdən Ə.Əhmədov mandatından imtina etməlidir. Ə.Əhmədovdan millət vəkili statusunun alınmasına münasibət bildirən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov qeyd edib ki, müraciətdən sonra iki ay ərzində MSK məsələyə baxıb qərar qəbul etməlidir. Boş qalan deputat yerlərinə seçkilərin keçirilməsi məsələsinə toxunan M.Rəhimov bu məsələnin MSK-nın səlahiyyətində olmadığını deyib.
Keçmiş MSK üzvü Ənvər Əliyev isə məsələnin birbaşa MSK-nın səlahiyyətlərinə aid olduğunu bəyan edib: "Parlamentdə boş qalan yerlərə əlavə seçkilərin keçirilməsi MSK-nın funksiyasıdır. Qurum istədiyi vaxtı müəyyən edərək sözügedən dairələr üzrə seçki keçirə və boş yerləri doldura bilər. Yəni proses mümkünsüz və çətin deyil. Amma görünür, "yuxarı”dan göstəriş gəlməmiş komissiya "özbaşına” hərəkət etmək istəmir”.
Ə.Əliyev bir daha vurğulayıb ki, qanunvericilik orqanında olanların icraedici orqanlarda çalışması qanunaziddir. Çünki icra orqanları qanunverici orqan qarşısında cavabdehdir, məsuliyyət daşıyır: "Təəssüf ki, bizim parlamentin 15 faizi eyni anda icra orqanlarında da fəaliyyət göstərir. Düzdür, əvvəllər belə şeylər yox idi. Ancaq indi nəyə görəsə, həm qanunverici, həm də icraedici orqanda eyni adamın olması məqbul sayılır. Dünya praktikasında belə ziddiyyətə rast gəlmək mümkün deyil”.
Ekspertin sözlərinə görə, deputatlardan bir neçəsinin yerinin boş qalması elə də qorxulu şey deyil: "Təbii ki, bu, hüquqi cəhətdən yanlışdır. Amma nəzərə almaq lazımdır ki, boş yerlərin üçü də hakim partiyaya, YAP-a məxsusdur. Yəni onsuz da parlamentdə deputatların səs çoxluğu kifayət qədərdir. Bu baxımdan təcili seçkilərin keçirilməsinə lüzum görülmür. Ümumiyyətlə, əlavə seçki keçirilməyə də bilər. Əgər deputatsız dairələrin sayı lap çox olsaydı, yəqin ki, o halda seçkiyə ehtiyac duyulardı”.
Ə.Əliyevin fikrincə, hansısa millət vəkilinin yerində olmaması seçicilər üçün də o qədər önəm daşımır: "İndiyə kimi hansı deputat ona səs verən seçicinin ciddi problemini həll edib ki? Bir sıra televiziyalar və mətbu orqanlar dərdi olan insanların problemlərini daha tez gündəmə gətirirlər, nəinki adamların etimad göstərdikləri hansısa deputatlar. Yəni media bu işlə daha aktiv və operativ məşğul olur. Əgər deputatlar həqiqətən də öz seçicilərinin şikayətlərini parlament kürsüsündən səsləndirsəydilər, onda biz efirlərdə bu qədər problemli insanları seyr etməzdik”.