Qonşu Gürcüstanda keçiriləcək prezident seçkilərinə 4 gündən az vaxt qalıb. Oktyabrın 27-si keçiriləcək kampaniyaya namizədliyi irəli sürülmüş 54 nəfərdən 11-i qatılacaq. Əsas namizədlər İvanişvilinin "Gürcü arzusu” Partiyasından Georgi Marqvelaşvili, Saakaşvilinin "Vahid xalq hərəkatı”ndan David Bakradze, "Demokratik hərəkat - vahid Gürcüstan Partiyası”nın rəhbəri Nino Burcanadze və Xristian Demokrat hərəkatının lideri Georgi Tarqamadzedir.
Gürcüstan cəmiyyətində bu 4 namizədin şansı daha çox qiymətləndirilir. Seçki marafonuna hazırlıq prosesləri isə normal müstəvidə davam edir. Seçkilər ərəfəsi ölkədə siyasi mübarizə yenidən intensiv xarakter almağa başlayıb. Hətta bu günlərdə Saakaşvili tərəfdarları ilə birgə 20 minlik bir mitinqin təşkil olunmasına nail olublar. Hələliksə ölkədə ikihakimiyyətlilik hökm sürür. Gürcüstandakı soydaşlarımız isə müxtəlif namizədləri dəstəkləyəcəklərini bildiriblər. Gürcüstanda baş tutacaq seçki prosesinin hazırkı durumunu dəyərləndirən əslən Gürcüstandan olan, bu ölkədə yaşayan soydaşlarımızın gündəlik qayğılarını, həyat tərzini və siyasi baxışlarını hər kəsdən yaxşı bilən "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanın Qafqazda unikal bir model olduğunu qeyd edib. Sədrin sözlərinə görə, Gürcüstan demokratiya ilə bağlı dünyanın qoyduğu oyun qaydalarına uyğun davranır: "Ona görə də sözügedən ölkə Cənubi Qafqaz ölkələri içərisində hələ ki, təkdir. Gürcüstanda qanunun aliliyi, vətəndaşlara qayğı, demokratik islahatlar, məmur özbaşınalığının, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması faktı aydınca görünür. Bu bir nümunədir. Çatışmazlıqlar da mövcuddur. Son 10 ildə Gürcüstan böyük bir yol keçib, demokratiyanın, xalqın iradəsinin üstün olduğunu göstərib. Bütün bunlar deməyə əsas verdi ki, çoxsaylı basqılara baxmayaraq Rusiyanın qonşuluğunda demokratik islahatlar aparmaq mümkündür”.
Z.Məmmədlinin qənaətinə görə, Gürcüstanda demokratiyanın ardıcıl xarakter alması Qafqazda proseslərin daha gözəl və xoş gələcək vəd edən məcraya yönəldilməsini stimullaşdıra bilər: "Gürcüstanda demokratiya çöksə və ya çökdürsələr, bu, Cənubi Qafqaz ölkələrinin gələcəyini ciddi sual altına ala bilər”. Birlik sədri Gürcüstandakı soydaşlarımızın siyasiləşməsini və siyasi proseslərə qatıldığını deyib: "Soydaşlarımız "gələni öymək, gedəni söymək” tendensiyasından uzaqlaşmaqdadırlar. Onlar müxtəlif siyasi partiyalarda təmsil olunurlar. Ola bilsin, təmsilolunma yetərli deyil. Hər halda onlarla hesablaşırlar. Siyasi rəqiblərin əksəriyyəti Borçalı türklərinin elektoral gücündən dəstək istəyirlər”.
Z.Məmmədli bəyan edib ki, seçkidə rəqabət əsasən hökumət başçısı İvanişvili ilə prezident Saakaşvilinin namizədləri arasında gedəcək: "B.İvanişvilinin namizədi Georgi Marqvelaşvili, M.Saakaşvilinin namizədi isə David Bakradzedir. Sonuncunun siyasi təcrübəsinə müəyyən mənada üstünlüklər verilə bilər. Amma indiki durumda şansların bərabər olduğunu düşünürəm. Nino Burcanadze faktoru da var. Mübarizənin bu üç qüvvə arasında getməsini gözləyirəm”.
Birlik rəhbəri söyləyib ki, indidən hər hansı namizədə simpatiya ifadə etməsi düzgün deyil: "Bu cür yanaşma prinsiplərimizə ziddir. Onu Gürcüstan vətəndaşları müəyyən edəcək. Gürcüstan cəmiyyətinə demokratik seçki arzulayırıq”. Z.Məmmədli onu da əlavə edib ki, siyasiləşmiş, yüksək siyasi və ictimai əhval-ruhiyyənin olduğu, ictimai nəzarət və komissiyaların qarşılıqlı nəzarət prinsipi ilə formalaşma mexanizmlərinin mövcudluğu, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərdiyi Gürcüstanda seçkilərin saxtalaşdırılması mümkünsüzdür: "Əsas namizəd qalibin əlini sıxmırsa və hesab edirsə ki, seçki saxtalaşdırılıb, onda bunu demokratik seçki adlandırmaq olmaz. Nümunə üçün xatırladım ki, Gürcüstanda parlament seçkisində dövlət başçısı Saakaşvili İvanişvilinin qələbəsini ilk təbrik edənlərdən oldu. Gürcüstanda rəqiblərin qalibi halal qalibiyyətinə görə təbrik etməsi vacib məsələdir. Xalqın iradəsinin dövlətin idarə olunmasında toplum olaraq iştirak etməsini reallaşdırmaq əsasdır. İnanıram ki, əsas namizədlər Gürcüstanda qalibi təbrik edəcəklər. Soydaşlarımızın daha güvənli yaşamasının kökü isə məhz bundadır”.