Vaya dönən toy karvanı...

Bəy-gəlin olmaq heç kimə xüsusi imtiyaz vermir
“Sən yolun hərəkət hissəsindəsənsə, hamı kimi sən də yol-hərəkəti qaydalarına tabe olmalısan”

Toy kortejlərindən çox yazılıb, çox danışılıb. Bəy-gəlin avtomobilini müşayiət edən maşın karvanının sürət həddini aşması, yol hərəkəti qaydalarını kobudcasına pozması, həm karvandakıların, həm də digər avtomobillərin və piyadaların da həyatını riskə atmaları hallarının tez-tez təkrarlanmasına baxmayaraq bir ağıllı adam tapılıb, bu sərsəm gedişata "dur” demir.

Növbəti bədbəxt hadisə srağagün paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət bəy-gəlin kortejində hərəkət edən "Hyundai” markalı avtomobil tuneldə sürəti artıraraq karvandakı 5 avtomobili ötməyə cəhd edib. Lakin sürücü idarəetməni itirərək tunelin beton yolayrıcına çırpılaraq aşıb.

Avtomobilin sürücüsü xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Prospektin əsas tunelində bir müddət tıxac yaranıb.

Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə "Hyundai” yol kənarına çəkilib. Toy korteji isə yoluna davam edib.

Məlumdur ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı dəfələrlə xəbərdarlıqlar edib. Toy karvanlarının yol-nəqliyyat qəzalarına səbəb olduğunu, toyların yasa çevrildiyini təəssüflə bildirib. Amma bütün bu deyilənlər sanki daşa dəyir. Toy sahibləri yüksək səsli siqnallarla və maşın karvanları ilə gəlin-bəy müşayiət etməkdən vaz keçmir. Toy karvanındakı avtomobillərin "ziq-zaq”larından bezən sürücülərin də gücü söyüşə çatır. Toy sahibinin yeddi arxa dönənini söyüşlərə "qərq edirlər”. İndi qarğış yiyəsi oldunuzmu?!

Hələ bu, sadəcə başqalarının əsəbi ilə oynamaqdı. Vay o gündən ki, özündən müştəbehlərin yekəxanalığı qanlı hadisələrlə, qəzalarla nəticələnə. Toyun vaya dönüşü belə olur.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli "Şərq”ə açıqlamasında cəmiyyətimizdə başqasının maraqlarını nəzərə almaq mədəniyyətinin aşağı səviyyədə olmasını təəssüflə qeyd etdi:

- Xatırlayarsınız, Balakəndən bir ailə gözəl nümunə göstərib, gəlini Bakıya qatarla gətirmişdi. Heç kimi əziyyətə salmadan, kimisə toy karvanına qoşmadan, siqnal səsini şəhərlə bir etməyib hamısı qatara bilet alıb paytaxta gəlmişdilər. Görün, nə gözəl hərəkətdir. Allah o ailəni xoşbəxt eləsin. Deməli, bu ailənin təməli artıq sağlam əsaslar üzərindədir. Toy karvanlarındakı maşınların avtoxuliqanlıq etdiyini nə qədər görmüşük. Səs siqnallarından lüzumsuz yerə istifadə edirlər, qarşı yola çıxırlar, süni sıxlıq yaradırlar, yolun hərəkət hissəsini tuturlar, maşınların hərəkətinə mane olurlar, işıqforda da dayanmırlar. Sanki toy karvanındakılar xüsusi imtiyaz sahibidirlər. Bəylə-gəlin olmaq insana heç bir xüsusi imtiyaz vermir ki! Sən yolun hərəkət hissəsindəsənsə, hamı kimi sən də yol-hərəkəti qaydalarına tabe olmalısan. Bəylə-gəlin valideynləri üçün, qohumları üçün əzizdir, toy günündə hamı onları təbrik edir. Amma ictimai yerdə heç kimin digərindən üstünlüyü yoxdur. Hər kəs qanunlara, ictimai qaydalara uyğun davranmalıdır. İnsanda gərək mədəniyyət olsun, etik davranışları bilsin. Bir insan yolu keçmək istədikdə, görürsə ki, kimsə orada dayanıb, deyir, bağışlayın, icazə verin, keçim. Bu, adi bir mədəniyyət nümunəsidir. Toy günü isə biz nə qədər mədəniyyətsizliyin şahidi oluruq. Maşınlar şadlıq saraylarının qarşısında düzülür, avtomobillərin hərəkəti iflic olur. Kiməsə görə kimsə evinə, işinə gecikir.

Maarifləndirmə işi aparılmalıdır ki, belə kobud hərəkətlərə yol verilməsin. Sürücülər də düşünməlidir ki, onun hansısa səhlənkarlığı, səhv hərəkəti faciələrə səbəb ola bilər. Toy yasa çevrilər. Bu işdə ağsaqqallar, ailələrin böyükləri xüsusilə diqqətli olmalıdır və hamını qayda-qanuna riayət etməyə çağırmalıdırlar. Amma bəzən irəli düşən elə dırnaqarası böyüklərə rast gəlirsən, baxırsan, cavanlara öyüd-nəsihət verməkdənsə, özləri qaydanı pozur. Cavanları daha da qızışdırırlar.

Ümumiyyətlə, cəmiyyətimizdə ətrafdakıları nəzərə almaq, insanların rahatlığını pozmamaq, istirahətlərinə mane olmamaq mədəniyyəti zəifdir. Hər kəs özünü, öz rahatlığını, öz kefini düşünür. Biz cəmiyyətin bir üzvüyüksə, cəmiyyətin tələblərinə hörmət etməliyik.

Məlahət Rzayeva