Xırda təkanlar olsa da...

Azərbaycanda güclü zəlzələ gözlənilmir
“Xəzərdəki zəlzələ ocaqlarında gedən proseslər nəticəsində neft-qaz yataqlarında müəyyən çatlar əmələ gəlir, parçalanma gedir”

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dünən mətbuat konfransı keçirib. İlk növbədə Azərbaycanda

zəlzələlərin, palçıq vulkanlarının bir-biri ilə əlaqəsi olduğunu vurğulayan baş direktor eyni zamanda vulkanların püskürməsi və aktivləşməsinə ən çox təsir edən amilin zəlzələlərlə bağlı olduğunu deyib.

Konkret olaraq, fevralın 6-da Sənqəçalda "Otmanbozdağ” vulkanının oyanmasına da zəlzələlərin təsir etdiyini vurğulayan Yetirmişlinin sözlərinə görə, həmin ərazinin yaxınlığında baş verən 7-8 zəlzələ bu vulkana təsir göstərib: 

"Vulkanın oyanması adi hal deyil, burada zəlzələlərin müəyyən təsiri var. Bu vulkanın parametrləri müəyyənləşib. Vulkanın dərinliyi 3 kilometr olub və 2 dəfə püskürüb. Vulkandan ayrılan enerjinin gücü 1,5 və 1,7 coul idi. Bu da o qədər də böyük gücə malik deyil ki, nəticədə zəlzələ ocağını oyatsın və zəlzələ baş versin”.

SXM-nin baş direktoru xatırladıb ki, 2014-cü ildə dekabrın 20-də Qobustan rayonunda püskürən Şıxzərli vulkanından 2 gün öncə dekabrın 18-də həmin ərazinin yaxınlığında Şamaxı və Qobustanda zəlzələ baş verib. Onun sözlərinə görə, zəlzələlər bu vulkanın püskürməsinə səbəb olub.

Vulkanlarla bağlı ayrıca monitorinq aparmağa ehtiyac olduğunu vurğulayan Yetirmişli hesab edir ki, gərək vulkana yaxın 3-4 cihaz qurula ki, orada olan vəziyyəti izləmək mümkün olsun: 

"Bunun üçün vulkan ətrafında mobil stansiyalar qurmaq lazımdır. Vulkan və zəlzələnin vaxtını bilmək olmur, amma hər bir halda ərazidə baş verən prosesləri izləmək olar”.

Azərbaycanın seysmo-aktiv bölgədə yerləşməsi məsələsinə toxunan Q.Yetirmişlinin sözlərinə görə, il ərzində Azərbaycanda və həmsərhəd ərazilərdə irili-xırdalı 9 mindən artıq yeraltı təkan qeydə alınır.

Ötən il mərkəz tərəfindən 10 mindən artıq yeraltı təkanın qeydə alındığını və onlardan 2 mindən çoxunun dünyada olan zəlzələlərin payına düşdüyünü deyən Q.Yetirmişli qeyd edib ki, qalan 8 minə yaxını Azərbaycan və həmsərhəd ərazilərdə olub. Baş direktorun sözlərinə görə, zəlzələlərin sayına baxmayaraq, Azərbaycanda baş verən zəlzələlər fon səviyyədə-zəif və orta gücdədir: "Yalnız ötən il İmişlidə baş verən zəlzələ nisbətən güclü olub. Lakin dərində baş verdiyi üçün fəsadlar törətməyib”.

Q.Yetirmişli həmçinin bu ilin əvvəlindən Azərbaycan və sərhəd zonalarında 1050-dən çox yeraltı təkan olduğunu da deyib: 

"Zəif təkanlar olduğundan hiss edilməyib. Amma bu gün ölkədə elə bir bölgə yoxdur ki, orada zəlzələlərin baş verməsi üçün güclü hazırlıq getsin. Ümumiyyətlə, Azərbaycanda kotostrafik, güclü və təhlükəli zəlzələ gözlənilmir”.

Baş direktorun məlumatına görə, bu ildən başlayaraq Azərbaycanda seysmik rayonlaşdırma aparılacaq. Seysmik rayonlaşdırılma Almaniya Yer Elmləri Mərkəzi ilə bu ildən ilkin olaraq, pilot layihə kimi Səbail rayonundan başlanacaq və seysmik aktivlik müəyyən ediləcək. Tədqiqatların aparılması üçün Almaniyadan da cihazlar gətiriləcək və aktivlik müəyyənləşəcək.

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru neft-qaz yataqları ilə zəngin olan Xəzərdə potensial gücə malik zəlzələ ocaqlarının olduğunu da jurnalistlərin nəzərinə çatdırıb. O, Abşeron və Bakıda hiss olunan yeraltı təkanların da Xəzərdə olan zəlzələ ocaqları ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, Xəzər həm palçıq vulkanları, həm də zəlzələ ocaqları ilə çox zəngindir: "Cənubdan şimala qədər Xəzərdə zəlzələ ocaqları var. Bu da dərinlik qırılmaları ilə əlaqədardır. Xəzərdə dənizdibi seysmik stansiyalar yoxdur. İlkin olaraq üç belə dənizdibi stansiya alınsa da, bu günə qədər onları quraşdırmaq mümkün olmayıb. Onların yerləri müəyyən olunub, amma müəyyən çətinliklərlə bağlı hələ də quraşdırılmayıb. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq. Xarici mütəxəssislərlə bu istiqamətdə danışıqlar aparılır. Hansısa böyük bir qrant layihəsi çərçivəsində bu işləri başa çatdırmaq mümkün olar. Bu, bizim üçün çox mühümdür. Çünki dəniz dibinin dərinlik quruluşunun öyrənilməsi, potensialının müəyyənləşdirilməsi, tomoqrafiyası, kommunikasiya xətlərinin qurulmasında riskin qiymətləndirilməsi, seysmik mikro-rayonlaşdırılması çox vacibdir”.

Q.Yetirmişli onu da əlavə edib ki, hər bir ocaqda baş verən zəlzələ istər-istəməz dənizdəki "Günəşli”, "Azəri”, "Çıraq” neft-qaz yataqlarına təsir edir. Xəzərdəki zəlzələ ocaqlarında gedən proseslər nəticəsində neft-qaz yataqlarında müəyyən çatlar əmələ gəlir, parçalanma gedir: "Neft yatağı daxilində çatlar əmələ gəlirsə, yataqdakı neftin hər hansı bir istiqamətə axını olacaq”.

Şəymən