Ana xəstə, ata çarəsiz...

Dünyaya dördəm gətirən ailənin qayğıları artıb
Mütəxəssislər isə hesab edir ki, bu vəziyyətdə mütləq dövlət dəstəyini göstərməlidir


Ailə quran hər kəs evindən körpə səsinin gəlməsi, valideyn olmağı arzulayır. Bu amil Şərq mentallığında daha çox önəm daşıyır. Hətta toplum olaraq uşaqsız ailəni uğursuz və lazımsız hesab edirik. Təbii ki, övlad sahibi olmaq ülvi hissdir və hər kəsin haqqıdır. Məişətimizdə hələ lap qədim zamanlardan körpə ailənin ruzi-bərəkət rəmzi sayılıb.

Lakin cəmiyyətimizdə bəzən uşaq sevgidən çox, qanunauyğunluq, zərurət kimi doğulur. Bu gün toplumda olan əsas faktorlardan biri dünyaya uşaq gətirən valideynlərin düşdüyü çıxılmaz vəziyyət və çətin həyat tərzidi. İmkanlarının məhdudluğunu, sosial problemlərini və şəraitini nəzərə almadan övladı olduğu təqdirdə davamlı şəkildə dünyaya körpə gətirmək nə dərəcədə məqbul sayılır?

Astara rayonunda da iki il öncə bənzər hadisə yaşanıb. İsail, İsrail, İbrahim və Zəhra Mahmudovlar 2015-ci il fevralın 2-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açıblar. Onlar bir yandan ailəyə sevinc, digər yandan isə problemlər gətiriblər. 6 aylıq olarkən doğulduqları üçün mütəmadi şəkildə dördəmlərin müalicəyə ehtiyacı var. Ata övladları dünyaya göz açana qədər tikintidə işləyərək ailəsini rahat şəkildə dolandıra bildiyini deyib: "İndi yoldaşım xəstədir, uşaqlara baxa bilmir. Mən də məcburam yanında qalım, uşaqlara baxım. Dövlət tərəfdən dəstək istəyirəm. Bu ev bizim deyil, başqasının evində yaşayıram. Bilmirəm o nə vaxt deyər burdan çıxın”.

Dövlət ailəyə hər ay 300 manat məbləğində ünvanlı sosial yardım verir. Amma körpələr altı aylıq doğulduğundan, mütəmadi onlar müalicə alır və bu məbləğ onların dərmanlarına belə kifayət etmir. Ana deyir ki, əsas problem onların ev şəraitidir.

Mart ayında isə dördəmlərin əkiz qardaşları dünyaya gələcək. Çoxuşaqlı ailəyə sahib olmaq gözəldir. Lakin dörd uşağın qayğıları üzərinə bir də əkiz uşaqların qayğısı ana və atanı tükəndirə, yora bilər. Əsas məsələ isə evi olmayan valideynlərin dörd uşaqdan sonra yenidən dünyaya əkiz uşaq gətirməsinin nə dərəcədə düzgün olmasıdır? 

Jurnalist-sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında çoxuşaqlılığa qarşı olmadığını deyib. Onun sözlərinə görə, evsizlik ailənin durumunu daha da çətinliyə salır və tək çıxış yolu dövlətin ailəyə kömək əlini uzatmasıdır: 


"Bir neçə ay 14-cü uşağı doğulan ailədən hazırlanmış reportajı efirdə izləyəndə müsbət enerji ilə yükləndim. Ata həyatından o qədər razı görünürdü ki... Uşaqlar da eləcə. Ata və böyük oğlu işləyərək ailənin hər tələbatını ödəyir. Amma ödəyə bilməsəydi, əsl problem onda yaranacaqdı. Uşaqlar ac-yalavac, üstü paltarsız, ayağı ayaqqabısız olsaydı, onda narahat olardıq. Dördəmlərin məsələsinə gəlincə, üçəm, dördəm hamiləliyin normal gedişi bir qədər nadir görünən hadisədir. Normalda əkiz, üçəm, dördəm və ya daha çox körpəyə hamilə olan qadınların səhhətində problem yaranır və körpələr vaxtından əvvəl doğulur. Bu da təbii ki, onların xüsusi qayğıya ehtiyac duyması deməkdir. Dördəmlərin müalicəyə ehtiyacı olduğu bir vaxtda əkiz uşağa hamiləlik can sıxıntısı yaradır. Dünyaya uşaqlar gələcək, bu əslində yaxşı xəbərdir. Amma o ailənin vəziyyətində bu xəbərə sevinməklə yanaşı, qayğılar da artacaq. Lazım idi ki, vaxtında hamiləlikdən qorunma yollarından istifadə edilsin, ailə planlaması barədə o ailənin məlumatı olsun. Hardan baxırsan bax, yekunda ailənin planlaşdırılmış hamiləlik, ailə planlamasından məlumatı olmadığını görürük. Abortun qəti əleyhinəyəm, heç bir halda körpələrin qətl edilməsinin tərəfdarı ola bilmərəm, bunun adı qatillikdir. Amma övlad qatili olmamaq üçün əvvəlcədən tədbirli olmaq lazım idi. Heydər Əliyev Fondu hər il yüzlərlə körpəni müalicə, əməliyyat etdirir. Fondun rəhbəri Mehriban Əliyeva dördəmlərə də kömək əlini uzadacaq mütləq. Başqa cür bu vəziyyətdən çıxmaq olmayacaq”.

Sosioloq Əhməd Qəşəmoğlu isə istənilən ölkədə bu cür vəziyyətdə olan ailələrə hökmən dövlət tərəfindən kömək olunduğunu söyləyib. Sosioloqun qənaətincə, əhalinin zəif və həssas təbəqəsinə sosial yardım etmək önəmlidir: 

"İstər sosialist və istərsə də indiki kapitalist və modern cəmiyyət quruluşunda çətinlikdə olan ailəyə köməklik göstərilir. Ailə təbii ki, arzuları ilə 4 uşağa sahib olmayıblar.

6 aylıq dörd uşağı böyütmək normal dörd uşağı böyütməkdən qat-qat çətindir. Elə təsəvvür edin ki, o ailədə 4 uşaq olmayıb, bəlkə də 6-7 uşaq olub. Ona görə də birmənalı olaraq hökumətin xüsusi qayğısı olmalıdır və iş adamlarımız var. Onlar da bu işdə kömək etməyə mənəvi borcludurlar”.

Yeganə Bayramova