İnternet də bir asılılıqdır

“Burda söhbət tibbi müalicədən deyil, psixoloji müalicədən gedir”




Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalar İnstitutu uşaqlar və gənc nəsil arasında internet asılılığının fərdi-psixoloji aspektlərinin elmi tədqiqatına və psixometrik təhsilinə başlayır. Bu barədə institutdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, bu məqsədlər üçün profilaktik metodlar və psixoloji vəziyyətin qiymətləndirilməsi proqramları mövcuddur. 

"İnternet asılılığını müəyyən mənada tütündən asılılıq, narkomaniya, alkoqolizm və s. kimi ziyanlı vərdişlərə aid etmək olar”. İnstitutdan həmçinin bildirilib ki, internetdə nə qədər vaxt keçirmək olar, bunun hansı fəsadları ola bilər kimi məsələlərlə əlaqədar ilkin məsləhətləşmələr keçirmək yolu ilə profilaktik metodlar da mövcuddur. "Günümüzdə internet asılılığı geniş miqyas alıb. İnsanlar müəyyən mənada virtual reallıqda yaşamağa başlayıblar. Bu isə fiziki və psixoloji pozuntulara gətirib çıxara bilər. Bu gün bir çox ölkə bu problemin tədqiqatı ilə məşğuldur”.

İnternet və sosial şəbəkələrin həqiqətən də asılılıq yaratdığını deyən psixoloq Azad İsazadə dünyada bununla bağlı mübarizələrə başlanıldığını vurğulayıb:

 "Amma başa düşməliyik ki, sivilizasiyanın növbəti bir yeniliyi internetdir. Hazırda internetsiz həyatı təsvir edə bilmirik. Bununla bağlı hansısa ortaq məxrəc tapılmalıdır. Məsələn, insanlarda alış-veriş etmək kimi bir asılılıq var. Bu asılılığa son qoymaq üçün mağazaları bağlamaq lazım deyil. İnternet də bir asılılıqdır. Burda söhbət tibbi müalicədən deyil, psixoloji müalicədən gedir. Bu, neqativ, pis vərdiş kimi qəbul olunmalıdır və asılılığı istər fərdi, istər qrup şəkildə psixoterapiya formasında aradan qaldırırlar. Asılılıqları aradan qaldırmaq üçün mövcud üsullar və texnikalar var. Sadəcə bunları tətbiq etmək lazımdır. Məlumatıma görə, bəzi psixoloqlar bu texnikaları əsasən yeniyetmələr üçün geniş formada tətbiq etməyə başlayıblar”.

Yeganə Bayramova