Gələcəyə səyahət alınmadı

Saakaşvili həmişə iki “qırmızı xətt”i gözləyirdi
Yeni prezident Marqvelaşvili Gürcüstanı hansı istiqamətə aparacaq?



Gürcü xalqı ötən həftənin son günündə yeni prezidentini seçdi. Bu şəxs hazırda hakimiyyətdə olan "Gürcü arzusu” koalisiyasının prezidentliyə namizədi olan Georgi Marqvelaşvilidir. Baş nazir Bidzina İvanişvilinin hökumətində təhsil naziri olan yeni prezident yaxın günlərdə postuna əyləşəcək. 2003-cü ildə "Qızılgül inqilabı”nı həyata keçirərək hakimiyyətə gələn Mixail Saakaşvilini əvəzləyəcək Marqvelaşvilinin Gürcüstanı hansı istiqamətə aparacağı bəlli deyil. Hakimiyyətə gələn zaman "Gürcüstanı gələcəyə səyahətə aparacam” - deyən Saakaşvili bu günlərdə işlərinin tam öhdəsindən gələ bilmədiyini söylədi. Buna sadəcə zamanı çatmadığını bildirən gürcülərin demokrat adlandırdığı prezident, ölkəsini bir çox parametrlərə görə bataqlıqdan çıxardığını da söylədi. Gürcülərin "Mişa” adlandırdığı Saakaşvilinin 10 illik prezidentliyi dövrünü xarakterizə edən müşahidəçilər onun haqqında sadəcə bir şey deyirlər - "Şevardnadzedən qalma sovet idarəçilik sistemini dağıtdı, rüşvət bataqlığından ölkəni xilas etdi, gürcü xalqına demokratik dəyərləri aşıladı, Gürcüstanda demokratik sistemi qurdu”. Saakaşvilinin ən böyük səhvi isə 2008-ci ildə Rusiyaya qarşı cəbhə açması idi. Ekspertlər bu müharibəni yersiz sayırlar.

Saakaşvilinin böyük səhvi Rusiya ilə müharibə idi

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətincə, Saakaşvilinin ən böyük xidməti demokratik seçkilərin keçirilməsinə nail olmasıdır: "Saakaşvilinin dövrünə qədər seçki prosesləri qanlı olaylarla yadda qalırdı. Demokratik seçkilər nəticəsində Saakaşvili cəmiyyəti formalaşdırdı, fikirləri dəyişdi. Hesab edirəm ki, artıq Gürcüstanda hakimiyyət dəyişiklikləri yenidən qanlı olaylar müstəvisində həll edilməyəcək. Digər tərəfdən Saakaşvili korrupsiyanı aradan qaldırdı. Halbuki Şevardnadzenin dönəmində rüşvətxorluq pik həddə idi. Müəyyən islahatlar apardı, polis, ədliyyə sistemində dəyişikliklər etdi. Məmur özbaşınalıqlarına son qoyuldu. Eyni zamanda Rusiyanın köləliyindən çıxaraq Qərbə inteqrasiya yolunu tutdu”. Bununla yanaşı, politoloq Saakaşvilinin böyük səhvlərinin də olduğunu inkar etmir: "Rusiya ilə savaşa girməsi böyük səhv idi. 2008-ci ilin avqust müharibəsi Abxaziya və Osetiyanın itirilməsi ilə nəticələndi”. E.Şahinoğlu deyir ki, Saakaşvilinin nüfuzuna ən böyük zərbə Gürcüstan həbsxanasında baş verən işgəncə olaylarının üzə çıxması idi: "Bu xalqda hakimiyyətə və məmurlara qarşı inamı azaltdı. Nəticədə prezidentin partiyasının nüfuzu aşağı düşdü, seçkilərdə məğlubiyyətə uğradı. Onu məğlubiyyətə uğradan başlıca səbəb isə özünün formalaşdırdığı cəmiyyət oldu. Saakaşvili elə bir sistem qoydu ki, xalq hakimiyyətə kimi istəyir gətirə bilmək gücünün olduğunu gördü. Bunu isə Saakaşvilinin məğlubiyyəti yox, uğuru saymaq lazımdır”.

Gürcü xalqının "Mişa”ya ehtiyacı yaranacaq

Yeni prezident Marqvelaşvili Gürcüstanın hansı siyasət aparacağı ilə bağlı hələlik açıqlama verməsə belə, əksəriyyət İvanişvili siyasi xəttinin davam edəcəyi qənaətindədir. Çünki Marqvelaşvili, İvanişvilinin "Gürcü arzusu”dur.

Politoloq vurğulayıb ki, bu koalisiyadan xalqın gözləntiləri çoxdur: "Gürcü arzusu” bir çox vədlər verib. Əslində isə bu vədlər ötən il keçirilən parlament seçkilərində verilənlərin eynisidir: "İvanişvili baş nazir olduqdan bu yanadır, müəyyən yaxşı islahatlar aparıb. Eyni zamanda bu koalisiya Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olduğunu göstərdi. Gürcüstanın iki əsas ixrac məhsulu olan şərab və mineral suları artıq Rusiya bazarına çıxır. Gürcü xalqı demokratiyanı sevsə də, dolanışığın da yaxşı olmasını tələb edir. Gürcüstan xalqının yaxşı yaşaması üçün isə onun məhsullarının gəlir gətirdiyi ölkə Rusiyadır. Bu baxımdan İvanişvili hakimiyyəti xalqla yaxşı anlaşdı. Ola bilsin ki, İvanişvilinin rəhbərlik etdiyi koalisiyanın namizədi kimi seçkilərə qatılıb, qələbə qazanan Marqvelaşvili də Rusiya ilə münasibətləri yaxşılaşdıracaq. Yəni bu istiqamətdə fəaliyyətini genişləndirəcək”. Amma qarşıda bir problem var. O da Gürcüstanda Konstitusiyanın dəyişməsidir. Artıq bu dövlətdə prezidentin yox, baş nazirin və parlamentin səlahiyyətləri genişdir. E.Şahinoğlu deyir ki, bütün bunlar o anlamı vermir ki, Saakaşvilinin qurduğu sistemin ortasından xətt çəkiləcək: "Gürcüstanda sistemi bütünlüklə dəyişmək məncə çətindir. Sadəcə, müəyyən korrektələr ola bilər”. Politoloq gələcəkdə Saakaşvilinin yenidən hakimiyyətə qayıtmaq ehtimalının olduğunu da söyləyib: "Bu hakimiyyət islahatlar apara bilməsə, verilən vədləri yerinə yetirməsə, o zaman gürcü xalqının "Mişa”ya ehtiyacı yaranacaq. Növbəti parlament seçkilərində Saakaşvilinin partiyası qələbə qazana bilər. Hər halda Saakaşvili prezidentlik postundan getdi, siyasətdən deyil”.

İki "qırmızı xətt”

Bundan sonrakı Gürcüstan-Azərbaycan münasibətləri də maraq doğurur. Saakaşvilinin prezidentliyi dövründə bu iki ölkə dost və strateji tərəfdaş oldular. Azərbaycan tərəfindən Gürcüstana qoyulan investisiya, bir çox layihələrdə birgə iştirak bu iki dövləti ayrılmaz hala gətirib. Faktiki olaraq Gürcüstan Azərbaycanın sayəsində ayaqdadır desək yanılmarıq. Bunu Saakaşvili və onun hakimiyyəti yaxşı anlayırdı. "Gürcü arzusu” koalisiyası hakimiyyətə yeni gələn vaxtlar, baş nazir İvanişvili tərəfindən müəyyən bəyanatlar səsləndirildi. Hələ Azərbaycanın önəmini tam dərk etməyən İvanişvili ölkəmizin torpaqlarını işğal edən Ermənistanla əlaqələrdən, "erməni sevgisi”ndən danışırdı. Lakin bunlar İvanişvili Bakıya səfər edənə kimi oldu. Bakıda isə o artıq Azərbaycanın Gürcüstan üçün nə qədər önəmli olduğunu anladı. Hazırda da iki ölkə arasında münasibətlər normal, strateji tərəfdaşlıq səviyyəsindədir. Ekspertlər Marqvelaşvilinin prezidentliyi dövründə də bu siyasətin davam edəcəyini bildirirlər. Axı Marqvelaşvili İvanişvilinin komandasındandır, o da reallığı anlamamış deyil.

E.Şahinoğlunun sözlərinə görə, Azərbaycanla münasibətlər kontekstində Gürcüstan üçün iki "qırmızı xətt” var: "Həmin cizgiləri Saakaşvili gözləyirdi. Bunlardan biri Gürcüstan-Ermənistan münasibətlərinin səviyyəsidir. Fakt odur ki, Gürcüstan Azərbaycanın hesabına ayaq üstə dayanır. Oradakı investisiyalar, kreditlər, birgə layihələr Gürcüstanı ağır vəziyyətdən çıxarır. Bu səbəbdən də Tiflis İrəvanla münasibətlərdə Bakının maraqlarını nəzərə almalıdır”. İkinci "qırmızı xətt” kimi Gürcüstanda yaşayan azərbaycanlılar məsələsini göstərən politoloq qeyd edib ki, Marqvelaşvili Borçalı mahalının problemlərini diqqətdə saxlamalıdır: "Oradakı soydaşlarımızın problemlərinin bir qismi hələ də qalmaqdadır. Bunların həllinə çalışmalıdırlar. Əgər bu cizgilərdən kənara çıxsalar, o zaman Gürcüstan-Azərbaycan münasibətlərində kataklizmlər meydana çıxa bilər”.