Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gücləndirilmiş, fövqəladə iş rejimində fəaliyyətə başlayıb.
Etibarlı mənbələrdən "Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Səlim Müslümov nazir təyin olunan gündən nazirlikdə böyük narahat əhval-ruhiyyə hökm sürür. Dünəndən etibarən isə iş rejimi daha da ağırlaşdırılıb.
Əslində, xəbər verən mənbə deyir ki, bu rejimin S. Müslümovla əlaqəli olub-olmadığının bəlli deyil. Ehtimal edilir ki, nazirlikdə yüksək vəzifə tutan şəxslər yeni nazirin qəzəbinə tuş gələ biləcəklərindən ehtiyat edirlər. Buna görə də S. Müslümov nazirlik binasını tərk etdikdən sonra iş vaxtını başa çatdırırlar.
Ötən gündən isə Nazirlikdə çalışanlar səhər saat 9-dan axşam saat 21.00-a kimi işləyiblər: "Bu faktiki olaraq Əmək Məcəlləsinin pozulmasıdır. Əvvəlki nazirin dövründə axşam saat 19.00-a kimi iş vaxtı başa çatırdı. İndi faktiki olaraq 12 saatlıq iş rejimində çalışırıq. Dünən hətta azyaşlı uşaqları olan xanım əməkdaşlar da evə tez buraxılmadı. Kadrlar şöbəsinin rəisi nazirliyin giriş qapısını bağlatdırdı və heç kim binadan bayıra buraxılmadı. Bunu heç bir səbəblə izah etmirlər. Sadəcə bildirirlər ki, nazir hələ işdədir, biz də burada olmalıyıq”.