Sosial şəbəkələrdə "Məşədi Dadaş” məscidinin axundu, tanınmış din xadimi Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışları yer alıb. "Enekin Skayvoker” adı ilə "Facebook”da qeydiyyatdan keçən bir şəxs "İran Şeytanları Respublikası” adlı profilində paylaşdığı fotoda şəkilaltı yazıb ki, "Əmir Fərman Çətin adlı biri Qusar meşələrində baza qurub.
Onun ən böyük layihələrindən biri Hacı Şahin Həsənlini qətlə yetirməkdir”. Bu informasiyanın Qusarda polislərə qarşı baş verən silahlı hücumda radikal dini qruplaşmaların rolunun olması ilə eyni dövrə təsadüf etməsi təhlükəli tendensiyadan xəbər verir. Ona qarşı edilən təhdidə münasibət bildirən Hacı Şahin mətbuata açıqlamasında bunun ölkədə qarşıdurma yaratmaq cəhdi olduğunu o qədər də ciddiyə almadığını deyib. İlahiyyatçının sözlərinə görə, kimlərsə təxribat çağırışları etməklə Azərbaycanda qarşıdurma yaratmaq, məzhəblərarası münaqişələr törətmək istəyir: "Fəaliyyətimiz göz önündədir. Hər zaman məzhəblər arası qarşıdurmanın əleyhinə olmuşuq. Tolerantlıq mühitinin qorunub saxlanılmasına çalışmışıq. Hansısa məzhəb tərəfindən mənfi münasibət görməmişik. Əksinə, bizim vəhdət istiqamətdə fəaliyyətimiz rəğbətlə qarşılanıb. Görünür, bu, kimlərisə narahat edir. Ona görə də belə çağırışlar etməklə qarşıdurma yaratmağa cəhdlər edirlər”. Şəxsi ünvanına heç bir təhdidin gəlmədiyini bildirən ilahiyyatçı bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, ümumiyyətlə, belə bir fikrinin olmadığını da qeyd edib. Məsələyə münasibət bildirən Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Arif Babayev isə deyib ki, "Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu din qardaşının təhdid olunmasını pisləyib: "Təəssüflər olsun ki, bu kimi avantürist və məsuliyyətsiz təxribatlar virtual aləmin acı həqiqətlərinə çevrilməkdədir. Hər bir halda bunu şiddətlə qınayırıq. Bir daha hər kəsi məsuliyyətli davranmağa çağıraraq, bu kimi təxribatlara son qoymağı tələb edirik”.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev ölüm təhdidinin ciddiyə alınmasının tərəfdarı deyil. Onun fikrincə, Hacı Şahinin elə bir təhlükəli çıxışı olmayıb ki, hansısa fətvaya səbəb olsun: "Hacı Şahin daha çox dini islahatla məşğul olan adamdır. Hər hansı dini təriqətin lideri deyil. Hansısa məzhəbi tərifləyib, digərini aşağılamır. Zənnimcə, bu ajiotaj Hacı Şahinin ətrafında onu sevməyənlər tərəfindən yaradılıb. Çünki "Meşə Qardaşları” onların daxil olduğu təriqətin əleyhinə qatı təbliğat aparan şəxslərə qarşı sərt mövqedən çıxış edirlər. Amma Azərbaycanda elə bir ciddi fiqur yoxdur ki, bu dərəcədə vəhhabiliyin əleyhinə ciddi arqumentlərlə çıxış etsin. Vəhhabi olayına hamı məişət səviyyəsində toxunur. Yəni Azərbaycanda anti-vəhhabiliklə bağlı nə bir elmi əsər var, nə də hansısa cəmiyyət və ya təşkilat. İlahiyyatçı-alimlər də mətbuat səhifələrindən uzağa getmirlər”.
Politoloq deyir ki, təhdidin Hacı Şahini qorxutmağa xidmət etməsi də absurd məsələdir: "Onu yazanlar bilməliydi ki, din yolundakı adamlar ölümdən qorxmurlar. Əksinə, din uğrunda öldürülmək böyük bir zirvədir, şərəfdir”.
C.Nuriyevin sözlərinə görə, hansısa din xadimini öldürmək üçün Azərbaycanın dini müstəvisində lazım olan gərginlikdə ictimai mühit formalaşmayıb: "Təhdid mesajı kimlərinsə marağına xidmət edir. Bəlkə də sosial şəbəkədə daha çox "like” olunmağı sevən və ya bunun mediaya daşınmasında müəyyən maraqlı olan şəxslərin işidir. Əgər söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrindən və ya Qafqazın şeyxindən getsəydi, bu halda ölüm təhdidi ciddiyə alınardı və inandırıcı görünərdi. Yoxsa hansısa bir məscidin axunduna qarşı təhlükəli radikal bir dini qruplaşmanın hökm çıxaracağını söyləmək və buna inanmaq sadəlövhlük olar. Ən pis halda Hacı Şahinə qarşı onu sevməyənlərin təxribatı ola bilər. Bu da gəldi-gedər informasiyalardan biridir”.