Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləsə də, tam tərkib hələ formalaşmayıb. Əvvəlki vəzifəsinə təsdiq edilməyənlər arasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə də var.
Onun təyinatının yubadılmasında müxtəlif səbəblər irəli sürülür. İddia edilən variantlardan biri TQDK-nın müstəqil qurum kimi ləğv edilərək Təhsil Nazirliyinə birləşdirilməsi, digəri isə qəbul komissiyasına yeni sədrin gətirilməsidir. Bəzi ekspertlər hesab edir ki, son dövrlər TDQK-da kütləvi korrupsiya hallarına rast gəlinmir. Qurum cəmiyyətə açıqdır və istədiyiniz zaman məlumat əldə edə bilirsiniz. Bütün bunları nəzərə alaraq, Məleykə Abbaszadənin vəzifədən uzaqlaşdırılması inandırıcı görünmür. Başqa bir qrup ekspert isə TQDK-nın kommersiya xatirinə müxtəlif metodiki elmi qaydaları pozduğunu söyləyir. Həmçinin qurumun hazırladığı testlərlə bağlı narazılıqlar da çoxdur. Eyni zamanda M.Abbaszadənin adı daim Təhsil Nazirliyi ilə intriqada olan şəxs kimi hallanır. Bu səbəbdən də onun yenidən öz postuna təyin edilməyəcəyi ehtimalını yüksək qiymətləndirən ekspertlər də az deyil. Xatırladaq ki, TQDK ilə Təhsil Nazirliyi arasında uzun müddət gərgin münasibətlər olub. Eks-nazirin vəzifəsindən azad olunmasının səbəblərindən biri kimi də bu gərginlik göstərilir. M.Abbaszadə ilə yeni təhsil naziri arasında da münasibətlərin kifayət qədər soyuq olması aydın müşahidə olunur. Bu səbəbdən qurumun ləğv edilərək Təhsil Nazirliyinə birləşdirilməsi məsələsi gündəmdə geniş müzakirə olunur. Amma bunun müsbət ideya olduğunu söyləyənlərlə yanaşı, mənfi nəticə verəcəyini düşünənlər də var. Birləşməyə razılıq verənlər deyir ki, orta ümumtəhsil məktəblərində tətbiq edilən ümumi buraxılış imtahanlarının sayını artırmaqla tələbə qəbulunu həyata keçirmək mümkündür. Bu prosesin daha peşəkar keçirilməsi üçün isə TQDK-nın Təhsil Nazirliyinin tərkibinə verilməsi kifayətdir. Artıq hökumət və cəmiyyət TQDK ilə Təhsil Nazirliyi arasındakı qarşıdurmadan bezib. Ancaq bu ideyanın əleyhinə çıxanlar isə deyir ki, əgər TQDK Təhsil Nazirliyinə birləşərsə, təhsilin keyfiyyəti daha da aşağı düşəcək. Yəni nazirlik həm tələbə qəbuluna, həm də təhsilə cavabdeh olsa, məsuliyyət hissi azalacaq ki, bu, orta məktəblərdə tədrisin vəziyyətinin pisləşməsinə səbəb olacaq. Ona görə də bu variantın reallaşma şansı yüksək deyil.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, əgər M.Abbaszadə öz postuna təyin olunmazsa və ya hansısa struktur dəyişikliyi olarsa, ona yeni vəzifə veriləcək: "Bəzi nüansları nəzərə almasaq, M.Abbaszadənin rəhbərlik etdiyi qurumun ictimaiyyət arasında böyük nüfuza malik olduğunu deyə bilərik. Əlbəttə, "şəffaf keçdi” deyilən qəbul imtahanlarının arxasında baş verənlərdən bizim xəbərimiz olmur. Amma əsas məsələ odur ki, siyasi hakimiyyət heç vaxt məmurların bir-biri ilə "didişməsini” istəmir. Çünki istənilən qarşıdurmanın, ziddiyyətin "ağrısını” elə hökumət özü çəkir. Təbii ki, belə başağrısı nə hökumətə, nə də ki cəmiyyətə lazımdır. Sırf bu baxımdan demək olar ki, bir-biri ilə yola getməyən məmurlar cəzalanacaq. Bir neçə ay əvvəl tərəflərdən biri cəzalandı, amma "qalib” tərəf sakit dayanmadı. Yəqin indi də onun növbəsidir. Əgər M.Abbaszadənin öz postundan uzaqlaşması baş verərsə, yalnız bu səbəbdən ola bilər”.
N.Qulamoğlu TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsini müsbət qarşılamır:
"Hazırda TQDK-da olan mütəxəssislər nazirlikdə yoxdur. Elə təkcə bu cəhəti nəzərə alsaq birləşmənin effektli olmayacağını demək olar. Əgər birləşmə baş verərsə, təhsil prosesini aparan da, sonda onu qiymətləndirən də eyni bir qurum olacaq. Yəni "özü doğub, özü də göbəyini kəsəcək”. Ancaq aradakı mübahisələrin və dartışmaların olmasına baxmayaraq, bir qurumun təhsili aparması, digərinin isə buna qiymət verməsi təhsilin səviyyəsi üçün daha müsbət nəticələr verə bilər. Mən özüm də daim TQDK-nı tənqid edənlərdənəm. Bu qurumun əsassız tənqidləri və müəyyən nöqsanları var. Amma TQDK-nın Nazirliklə bağlı tənqidlərində haqlı olduğu tərəflər də var. İradların bir qayda olaraq tamamilə üstündən xətt çəkmək olmaz”.