Zahid Oruc: “Azərbaycanda alimlərin orta yaşı 55-dən yuxarıdır. Bu məsələyə görə hətta Asiya ölkələrinin bir çoxundan da geri qalırıq”
Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq "Elm haqqında” qanun layihəsinin bəzi detalları məlum olub. Komitədən verilən məlumata görə, təkliflər arasında magistr dərəcəsi alanların hərbi xidmətdən birdəfəlik azad olunması, magistrlərin 6 aylıq hərbi müddət keçməsi, magistraturaya qəbul olmaq istəyən bakalavrlara möhlət hüququ verilməsi məsələləri var. Bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur.
Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi təklifləri daxildir. Magistrlərin birdəfəlik hərbi xidmətdən azad edilməsi ilə bağlı AMEA-dan və ali təhsil müəssisələrindən Milli Məclisə daxil olan təkliflər isə daha çoxdur. Buna səbəb elmi işlərin müdafiəsində, elm tədqiqat sahələrində gənclərin sayının getdikcə azalması göstərilir.
"Xəzər” Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının sözlərinə görə, bu sistem müxtəlif ölkələrdə fərqli olduğuna görə bununla bağlı stabil qayda yoxdur. Ancaq hərbi xidmət keçmək hər bir kişinin vətəndaşlıq borcudur və vacibdir: "Sağlam olan bütün oğlanlar əsgərlik görməlidir. Sadəcə burda söhbət ondan gedir ki, tələbələr bakalavrı bitirdikdən sonramı, yoxsa magistrdən sonramı xidmətə getsinlər. Prinsipcə, magistratura bakalavrın davamı sayılır. Yəni əvvəlki 5 illik təhsilin 4 ili bakalavr, 1 ili isə magistr pilləsi kimi nəzərdə tutulurdu. Amma sonradan onlar bir-birindən ayrıldı və magistr 2 illik oldu. Əgər bunu nəzərə alsaq, bakalavrı bitirmiş tələbələrə magistraturaya qəbul olunmaq üçün əsgərlikdən möhlət verilə bilər. Ancaq bakalavr pilləsini bitirənlərin hamısı magistraturaya qəbul olmur. Bəzi universitetlərdə isə əmək stajı tələb olunur. Yəni bakalavr bir müddət hardasa işlədikdən sonra magistraturaya qəbul ola bilər. Bu baxımdan hər iki variant mümkündür. Amma prinsipcə, daha əlverişli variant odur ki, magistratura oxumaq istəyən bakalavrlara 2 illik möhlət verilsin və onlar təhsildən aralanmadan magistr pilləsini bitirsinlər, sonra əsgərliyə getsinlər”.
Professor 6 aylıq hərbi xidmət ideyasının ciddi müzakirəyə çıxarılacağına inanmır: "Ümumiyyətlə, bunun düzgün hal olduğunu da hesab etmirəm. Çünki 6 aylıq hərbi xidmətdə ancaq elə ora-bura qaçmaq, təpikdöymə öyrətmək olar. Hərbi xidmət ciddi və zəruridir. Heç olmasa, ən azı 1 il vaxt lazımdır. Bu səbəbdən hərbi xidmətin azaldılmasını və ya birdəfəlik ləğvinin tərəfdarı deyiləm”.
MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə deyir ki, hazırkı qanuna əsasən bakalavrı bitirən oğlanların dərhal hərbi xidmətə aparılması onların sonradan elmi fəaliyyətə dönmə imkanlarını xeyli azaldır: "Bir illik hərbi xidmət onları elm arxasınca getməkdən, elmi dərəcələr arası varislik prinsipindən uzaqlaşdırır. Son statistikaya görə, Azərbaycanda alimlərin orta yaşı 55-dən yuxarıdır, onların əksəriyyəti isə sovet dövründə elmi müdafiələr edənlərdir. Bu məsələyə görə hətta Asiya ölkələrinin bir çoxundan da geri qalırıq”.
Ölkədə cəmi 8340 alimin olduğunu deyən deputat, bunun əhalinin sayına və ölkənin resurslarına görə çox aşağı rəqəm olduğunu bildirib: "Məsələ ilə bağlı təkliflər çoxaldıqca parlamentdə dəyərləndirilə bilər. Lakin bu təkliflərə qədər Milli Məclis möhlət hüququnun verilməsi ilə bağlı qanuna dəyişikliklərdə maraqlı olmayıb”.
Psixoloq Aybəniz Xəlilova gənclərin hərbi xidməti başa vurduqdan sonra təhsilə cəlb edilməsinin çətinliyini psixoloji amillərlə bağlayır və qeyd edir ki, gənc alimlər sonradan adaptasiya prosesində sıxıntılar yaşaya bilər: "Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilə ilkin maraqları olmur. Əsgərlikdən qayıtmış ən azı 12 tələbəylə söhbətdən sonra bu nəticəyə gəlmişəm. Hərbi mühit istər-istəməz onların psixologiyasına təsir edir və elmə münasibətləri fərqli olur. Həyata baxışları dəyişir, təhsilə əvvəlki kimi həvəslə yanaşmırlar. Buna görə də fasilə olmadan təhsillərini davam etdirmələrinin tərəfdarıyam”.