Sığorta yeganə iqtisadi sistemlərdəndir ki, onun inkişaf səviyyəsi iqtisadiyyatla yanaşı, digər sferalara, hətta insanların həyat tərzinə də birbaşa təsir göstərir. Son bir neçə ildə Azərbaycanın sığorta bazarında cəmi 3 faiz artım qeydə alınıb ki, bunu da sığorta sektorunun inkişafı baxımından heç də qənaətbəxş hesab etmək olmaz. Sistemin zəif inkişaf etməsi isə maliyyə, bank, səhiyyə və s. sektorlarla yanaşı, insanların uzun ömürlüyünə də mənfi təsir göstərir.
Ekspertlər qeyd edir ki, Azərbaycanın sığorta bazarında beynəlxalq sığorta təcrübəsindən fəqli tendensiyalar müşahidə olunur. Həyat sığortasının ümumi sığorta müqavilələrində payı isə 5 faizdən azdır. Halbuki inkişaf etmiş sığorta bazarlarının 55-60 faizi həyat sığortası hesabına formalaşır. Azərbaycanda isə əksinə, bu sığorta növü üzrə daxilolmalar ildən-ilə azalır. Sığorta haqlarının həcmində həyat sığortası çox aşağı, əhəmiyyətsiz göstəricilərlə ifadə olunur. Milli Məclisin ötəngünkü iclasında bir neçə deputatda sığorta sistemindəki problemlərdən gileyləniblər. Millət vəkili Fəzail Ağamalı isə deyib ki, əgər sığorta şirkətləri vətəndaşların sığorta ilə bağlı alacaqlarına mane olursa və süründürməçilik yaradırsa, onlar inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Çünki onlar vətəndaşların haqlı ödənişlərini etməyərək insanlarda inamsızlıq yaradırlar”. Vitse-spiker Ziyafət Əsgərov da deputat həmkarını dəstəkləyib. O qeyd edib ki, bu gün insanların sığorta şirkətlərinə inamı azdır: "Bu problemlərə görə də vətəndaşlar sığorta şirkətləri ilə müqavilə bağlamağa ehtiyac duymur”. Məsələni şərh edən iqtisadçı-ekspertlərin fikrincə, sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqlar, sığorta bazarında xarici kapitalın iştirakına qoyulmuş məhdudiyyətlər, inhisarçılığın davam etməsi və müstəqil sığorta şirkətlərinin kapital təminatında banklardan asılı olması bu sahənin əsas problemlərindəndir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov sığorta şirkətlərinə qarşı cəmiyyətdə inamsızlığın yaranması səbəblərinə aydınlıq gətirib: "Sığorta olduqca həssas bir sistemdir. Həssas sistem olduğu üçün hər hansı bir sığorta şirkətinin öz öhdəliyini yerinə yetirməməsi ümumilikdə sığorta sisteminə qarşı inamın kəskin azalmasına gətirib çıxarır. Aparılan monitorinqlər də göstərir ki, bəzi sığorta şirkətləri üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir. Neqativ hallar əsasən avtomobillərin sığortalanması zamanı daha çox özünü göstərir. Avtomobilin sığortası zamanı şirkətlər çalışır ki, dəymiş ziyanı ya ödəməsinlər, ya da ki, az miqdarda ödəsinlər. Təbii ki, bu cür hallar vətəndaşlarda sığorta şirkətlərinə qarşı inamsızlıq yaradır. Bir çox hallarda sığorta şirkətləri dəymiş ziyanı ödəməkdən çox, ödəməməyə meyl göstərirlər. Əslində şirkətlər dəymiş ziyanı ödəməyə çalışmalıdırlar ki, insanlarda sığorta şirkətlərinə qarşı inam formalaşsın və başqaları da sığortalanmağa meyl etsin”.
V.Bayramovun sözlərinə görə, sığorta şirkətlərinə inamın artırılması üçün birmənalı şəkildə sığorta müqavilələri üzrə standartlar tətbiq edilməlidir: "Müşahidələrimiz göstərir ki, sığorta müqavilələrində əsas maddələr ya kiçik hərflərlə qeyd edilir, ya da ki, vətəndaşa izah olunmur. Bu da nəticə etibarı ilə sığortalanan tərəfin şərtlərlə tanış olmamasına gətirib çıxarır. Müqavilələrin vətəndaşların başa düşə biləcəyi dildə yazılmasına və izah edilməsinə ehtiyac var”.
Ekspert hesab edir ki, sığortalanma prosedurları da yüngülləşdirilməlidir: "Bəzi vaxtlar qəzaya məruz qalan avtomobil yol polisi tərəfindən yolun kənarına çəkilir. Çünki yolda geniş tıxac yarana bilər. Belə olan halda sığorta şirkətləri ziyanı ödəməkdən imtina edirlər ki, avtomobil qəza yerində deyil. Ona görə də sığorta şirkətləri qəza törətmiş və ya qəzaya məruz qalmış avtomobillərin kənara çəkilməsinə dair icazə verməlidir. Eyni halda Maliyyə Nazirliyi yanında sığorta şirkətlərinə nəzarət edən idarə bu istiqamətdə işlərini gücləndirməlidir”.
İcbari tibb sığortanın gecikməsi səbəblərinə toxunan iqtisadçı-ekspert bunun şirkətlərin azlığı ilə bağlı olmadığını bildirib: "Bu gün mövcud olan sığorta şirkətlərinin hamısının icbari sığortanı həyata keçirməyə səlahiyyətləri və hüquqları yoxdur. Əgər icbari tibbi sığorta haqqında qanun qəbul edilərsə və yalnız konkret olaraq müəyyən şirkətlərə tapşırılmazsa, prosesi həyata keçirmək mümkün olar. Həm tibbi sığorta, həm də həyat sığortası şirkətləri üçün bahalı hesab olunur. Ona görə də şirkətlər tibbi sığorta ilə məşğul olmaqda maraqlı deyillər. Eyni zamanda xəstəxanaların sığorta şirkətləri ilə münasibətlərinin tam olaraq qurulmaması nəinki icbari, həm də könüllü sığortanın tətbiqinə müəyyən əngəllər yaradır”. V.Bayramovun qənaətincə, insanların icbari sığorta ilə bağlı məlumatlılıq səviyyəsi olduqca aşağıdır: "Vətəndaşlar əmlakın icbari sığortasının əhəmiyyətini praktik olaraq tam başa düşmür. Digər səbəb onunla bağlıdır ki, avtomobilin icbari sığortasına nəzarət mexanizmi var. Amma əmlakın icbari sığortasına nəzarət sistemi yoxdur”.