Ekspert qərarı alqışladı: "Dərsliklər reklam yeri ola bilməzdi"




"Hər zaman ekspertlər, xüsusilə valideynlər dərsliklərdə reklamların qadağan olunması haqqında məsələ qaldırıblar”.

Bunu Sherg.az-a dərsliklərdə və təhsil müəssisələrinin 100 metr məsafəsində reklamların qadağan olunması haqqında yeni qaydaları şərh edərkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib. 

O bildirib ki, həmin reklamların mənfi təsirləri göz qabağındadır:

"Mərhum təhsil eksperti Əlövsət Osmanlı da bu barədə dönə-dönə yazılar dərc etmişdi ki, reklamlar qadağan olunmalıdır. Buna baxmayaraq, görünür, işbazlar bu sahəni hansı yolla isə ələ alır, reklamlarını dərsliklərdə dərc etdirirdilər. Fikrimcə, Təhsil Nazirliyi haqlı iradlardan nəticə çıxarıb. Ona görə, təhsil müəssisələri yaxınlığında və dərsliklərdə reklamların yerləşdirilməsi qadağan olunub”.

Bu qərarı alqışladığını vurğulayan N. Qulamoğlu əlavə edib ki, təhsil müəssisəsi, dərsliklər və ya şagird vəsaitləri qəti şəkildə reklam yeri ola bilməzdi: 

"Müəyyən mənada təhsil müəssisəsi üçün yalnız təhsilə aid reklamlar ola bilər. Onu da yenə hərtərəfli araşdırmaq, uyğun olub-olmadığına diqqət etmək lazımdır. Uşaqları təhsilə cəlb etmək üçün hər hansı bir lisey, ya qabaqcıl orta məktəblərdə elan vurub, reklam yerləşdirə bilərlər. Həmin reklamlar bəlkə də təhsilin inkişafında yerinə düşmüş reklamlar olsun. Yoxsa, pullu, ticarət məqsədilə edilən reklamlar, həm etik normalara, həm də təhsil prosesinə ziddir. Bu reklamlar alt-pedaqoji hərəkətdir, metodoloji nöqteyi nəzərdən də nöqsanlıdır. Yəni şagirdlərin diqqətini özünü cəlb edir. Bununla da təhsilə aid olan məsələlərdən şagirdlərin yayınmasına səbəb ola bilər”.

Qeyd edək ki, prezident İlham Əliyev "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilməsi qadağan olunub.

Aysel Aslan