Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, hicri-qəməri təqvimi ilə yeni 1435-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2013-cü il noyabrın 5-nə təsadüf edir. Məhərrəm ayı müqəddəs, möhtərəm aylardan biridir. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn (ə) həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn (ə) əzadarlığında Haqqın bərpası və Ədalət uğrunda səfərbərlik hikməti var. İmam Hüseyn (ə) dinin saflığı uğrunda mübarizəsinin hər il yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür”.
Fətvaya görə, Aşura günü bu il noyabrın 14-nə təsadüf edir. Qazılar Şurası İmam Hüseyn (ə) əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.
"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyaların təşkili ən münasib əzədarlıq nümunəsi kimi örnək olmalıdır. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də İmam Hüseyn (ə) təziyədarlığı zamanı humanist ənənəni davam etdirərək, İslamın şəhidlik fəlsəfəsinin mahiyyətini daha dərindən dərk etməyə nail olacaqlar”.