“Görüşün Bakıda keçirilməsi regiondakı nüfuzumuzla bağlıdır”

“Generalların Azərbaycana gəlməsi aprel döyüşlərində qazandığımız nailiyyətlərin təqdir olunduğuna işarədir”


"Diplomatik səylərimiz hədər getməyəcək”. Bunu ABŞ Silahlı Qüvvələrinin generalı Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimovun Bakıda keçirilən görüşü ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Vasif Əfəndiyev deyib. 

Ekspert bildirib ki, ABŞ Prezidenti Donald Trampın Putin və Ərdoğanla telefon görüşmələrindən sonra çoxları Yaxın Şərqdə tezliklə sabitliyin yaranacağına ümid edirdi. 

Liderlərin telefon danışıqlarından sonra Astanada ABŞ-Rusiya-Türkiyə və Suriya arasında dördtərəfli görüş reallaşsa da, Tramp bu görüşə xüsusi diqqət verməyərək aşağı dərəcli müşahidəçilərini göndərdi. Nəticədə danışıqlar fayda vermədi: "Suriya müxalifəti heç bir sənədi imzalamayaraq, Astananı tərk etdi. Bu bir daha sübut etdi ki, ABŞ-ın ciddi olaraq qatılmadığı görüşlər və əldə olunan hər hansı razılaşmalar əhəmiyyətsizdir. Rusiya isə bir qədər fərqli siyasətlə çıxış edir. Çox vaxt razılşamaların altından böyük həvəslə imza atsa da, rahatlıqla müqavilələri poza bilir. Lakin ABŞ problemi çözmək istəyini həqiqətən ortaya qoyarsa, qısa zamanda nəticəsini görmək olar”. 


Politoloqun fikrincə, danışıqlarda əsasən Astanada baş tutmayan razılaşmaların detalları müzakirə olunacaq: 

"Hazırda Suriyada Türkiyə hərbi qüvvələri ilə birgə hərəkət edən Rusiya daha çox divident əldə etmək niyyətindədir. Bu əməliyyatlar zamanı Rusiya tərəfi əsasən havadan türk qoşunlarına dəstək verir. Türkiyə isə yerüstü əməliyyatlar keçirərək Suriyanı addım addım zərərsizləşdirir.Türk ordusu azad etdiyi ərazilərdə böyük hörmət və ehtiramla qarşılanır və belə şəraitdə Rusiya qeyri ixtiyari olaraq "ofsayt” vəziyyətinə düşür. Nəzərə alısaq ki, Türkiyə NATO-nun üzvüdür və o zaman anlaşılan odur ki, ABŞ rus-türk danışıqlarında Türkiyə adından tərəf kimi artıq çıxış edib. Hazırki şəraitdə baş tutacaq görüşmələrdə ABŞ tərəfi danışıqlara böyük üstünlüklə qatılır”. 

Ekspert bəyan edib ki, görüşün Astanadan sonra Bakıda təşkil olunması bir növ regionda olan nüfuzumuzla bağlıdır:

"Danışıqlar zamanı Dağlıq Qarabağ probleminin müzakirəsini istisna etmirəm. Ən azından ev sahibi görüşün təşkilatçılarından biri olaraq bu problemin müzakirəsini gündəliyə saldırmalıdır. İnanıram ki, diplomatik səylərimiz heç də hədər getməyəcək və Qarabağ məsələsi ictimaiyyətə açıqlamamaq şərti ilə müzakirə olunacaq. Xüsusən, Cocuq Mərcanlıda təşkil edilən böyük tədbir ərəfəsində dünyanın lider ölklərinin yüksək vəzifəli generallarının məhz Azərbaycana gəlməsi aprel döyüşlərində qazandığımız nailiyyətlərin təqdir olunduğuna bir işarədir”.

İsmayıl