Milli Məclisdə deputatların başqa deputatların da əvəzindən səs verməsini əks etdirən fotolar müzakirələrə səbəb olub. Xatırladaq ki, bir deputatın başqasının masasına tərəf əyilib onun əvəzindən səsvermə düyməsini basmasını əks etdirən fotoları "virtualaz.org” saytı yayıb.
Deputatlardan bəzisi artıq məsələyə münasibət bildirib və bunu deputat həmkarının xahişi ilə etdiyini deyib.
Kadrlarda deputat həmkarının yerinə səs verməsi ehtimal olunan deputatlardan biri də Rasim Musabəyovdur. Millət vəkili isə Publika.Az-a açıqlamasında kadrlarda özünün olub-olmaması barədə heç bir fikir söyləməyib: "Şəklimi və videomu çəkib qoyublar. İndi olsun da. Məni göstərirlər, göstərsinlər də”.
Məlum məsələyə dünən qanunverici orqandan da rəsmi münasibət gəldi. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Şərq”ə açıqlamasında burada qəbahətli bir şey olmadığını dedi:
- Deputat da insandır. İclas zalını tərk edə, binadan çıxa bilər. Bəzən belə hallarda deputat həmkarından xahiş edir ki, əgər özü səsverməyədək qayıda bilməsə, onun əvəzindən də səs versin. Deputatlar bəzən bir-birlərindən belə xahişlər edir.
Burada nə qəbahət var?! Bunu şişirdib, hansısa qanun pozuntusu, anormal bir hal kimi təqdim etməyə heç bir ehtiyac yoxdur.
Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova da "Şərq”ə açıqlamasında deputatların həmkarlarının əvəzindən səsverməsində qəbahət olmadığını bildirdi:
- Belə hallar əsas qanunların qəbulunda deyil, bəzən qanunlara əlavə və dəyişikliklərlə bağlı səsvermə zamanı olur. Deputat bunu deputat yoldaşının xahişi ilə edir. Hansısa millət vəkili iclas zalından çıxır və deputat həmkarından xahiş edir ki, onun da yerinə səs versin. Mən bu barədə "virtualaz.org” saytına da bildirmişəm. Burada hansı böyük xəta, bağışlanmaz bir hərəkət var ki, onu bu qədər şişirdirlər?
Üstəlik, məni də Qəddafi ilə "müqayisə” edirlər...