Rusiya vətəndaşı Yeqor Şerbakovun ölümündə təqsirli bilinən həmyerlimiz Orxan Zeynalovun həbsindən sonra Rusiyadakı soydaşlarımıza olan münasibət daha da kəskinləşib. Rus milliyyətçi -şovinistlərin həmyerlilərimizə təzyiq və basqıları durmadan artır.
Belə ki, "parçala və hökm et” şüarını əsas tutaraq əllərinə keçən həmyerlilərimizə divan tuturlar. Soydaşlarımıza axşam saatlarında evdən çıxmamaları ilə bağlı göstərişlər verilib. Azərbaycanlılara məxsus bazar, kafelərin və mağazaların fəaliyyəti dayandırılıb. Kütləvi deportasiyalara başlanıb. Qeyri-qanuni yaşayan əməkçi miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır. Çoxlu sayda azərbaycanlı ailələrinin ölkəmizə deportasiya olunmaları faktı belə deməyə əsas verir.
Qeyd edək ki, bu günlərdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Ərəstun Cavadov, Fəzail Ağamalı və Adil Əliyev MDB PA-nın Daimi komissiyalarında və beynəlxalq konfransda iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər ediblər. Səfər çərçivəsində azərbaycanlı deputatlar O.Zeynalov və Rusiyadakı soydaşlarımızın kütləvi deportasiyası ilə bağlı müəyyən mülahizələr irəli sürüblər.
Səfərin mahiyyəti və əldə olunan nəticələrlə bağlı "Şərq”ə danışan F.Ağamalı bildirib ki, tədbirdə O.Zeynalov və digər azərbaycanlı miqrantlarla bağlı narazılıq və narahatlıqlarını ifadə ediblər: "MDB ölkələrinin parlamentlərarası Assambleyasının yığıncağına getmişdik. Bu toplantılar ildə 2 dəfə təşkil olunur. Yığıncaqda öz düşüncələrimizi xüsusi bəyanat şəklində bildirdik. Narazılığımızı və narahatlığımızı komissiyaların iclasında və beynəlxalq toplantıda ifadə etdik. Cinayətkar olduğu məhkəmə səviyyəsində təsdiqlənməyən O.Zeynalova qarşı vəhşi davranışın yolverilməz olduğunu qabartdıq. Azərbaycanlı miqrantlara, insani rəftarların çərçivəsini aşan vəhşi münasibətdən narazı olduğumuzu söylədik. Azərbaycan vətəndaşı və ya millət vəkili olaraq yaranmış imkandan istifadə edərək problemi ortaya qoyduq. Əlbəttə, önə çəkdiyimiz məsələlər Azərbaycan xalqını əndişəyə salan mövzulardandır. Soydaşlarımızla bağlı başqa heç bir şey edə bilmədik. Buna səlahiyyətimiz çatmırdı. Başqa görüşlər də nəzərdə tutulmamışdı”.
Deputatın qənaətinə görə, soydaşlarımızın başına gətirilən oyunlar Rusiya siyasətinin mahiyyətindən irəli gəlir: "Başlıca məqsədlərdən biri azərbaycanlılara məxsus bazarların ələ keçirilməsidir. Çünki həmin bazarlardan milyardlarla dollar maddi vəsait qazanılır. Bununla yanaşı, soydaşlarımıza təzyiqlər də var, basqıların bir qismi bu səpkili olaylar vasitəsilə həyata keçirilir. Rusiya Azərbaycanı Avroasiya İttifaqına zorla cəlb etmək istəyir. Suverenliyimizi məhdudlaşdırmaq niyyəti güdən metodlardan istifadə olunur”.
Millət vəkilinin fikrincə, son zamanlar Ukraynaya da basqılar artmaqdadır: "Ukraynaya isə başqa cür təzyiq forması tətbiq olunur. Onların Rusiyada ticarət zonası yaradılıb. Həmin ticarət zonasından Ukraynaya güzəştlər tamamilə ləğv edilib. Çünki Ukrayna "Avroasiya” İttifaqına qoşulmamaq niyyətini birmənalı olaraq ortaya qoyub. Qırğızıstana və Tacikistana da təzyiq etdilər. Onlar da daxil oldu. İndi sırada Azərbaycan və Özbəkistandır. Hesab edirəm ki, rəsmi Moskvanın təzyiq vasitəsi kimi istifadə etdiyi üsulların çox neqativ effekti olacaq. Ayrı-ayrı millətlərə dözümsüzlük və fiziki zor tətbiq etmək kimi vasitələr Rusiya kimi çoxmillətli ölkədə milli qarşıdurmanı alovlandıra bilər. Rusiyada təkcə miqrantlar yaşamır. Azərbaycan kökənli Rusiya vətəndaşları da yaşayır. Özbəkistanlı olan Rusiya vətəndaşları da çoxdur. Onların həmyerlilərinə bu cür əzab verildikdə həmin şəxslər sakit qalmayacaqlar. Bu addımlar hər hansı bir şəkildə şimal qonşumuzun özünə çox böyük zərbə vura bilər”.
Deputat onu da əlavə edib ki, O.Zeynalovla və Rusiyadakı həmyerlilərimizlə bağlı qaldırdıqları məsələlərdən MDB PA-nın Daimi Komissiyasının sədri də narahatlıq hissi keçirib: "Sədr də narahat olduğunu bildirdi. Qeyd etdi ki, bu hadisə Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcək. Buna əmin olduqlarını söylədi. Əlbəttə, hər zaman bildirmişik ki, hansısa bir ölkəyə getdikdə həmin ölkənin qanunları ilə oturub-durmaq lazımdır. Həmin ölkələrin adət- ənənələrinə riayət edilməlidir. Bəzən bu hallar pozulur. Pozulanda da arzuolunmaz hadisələr baş verir. Oradakı həmyerlilərimiz Rusiya millətçilərinə və millətçilərin himayəçisi olan hüquq-mühafizə orqanı əməkdaşlarının əlinə şanslar verməməlidirlər. Ora gedəndə qeydiyyat məsələsi həll olunmalıdır. Qayda-qanuna riayət edilməlidir. Rusiyanın qanunları çərçivəsində fəaliyyət göstərilməlidir ".