Quranda yazılmayıb ki, bu qayda-qanun hansısa ərəb ölkələrinə aiddir, qeyri ölkələrə aid deyil
Əgər kişi ədalətli olacaqsa, 4 qadınla evlənə bilər
Amma bizim cəmiyyətdə bu məsələ formalaşmayıb deyə, inkar edə bilmərik
Quranda yazılmayıb ki, bu qayda-qanun hansısa ərəb ölkələrinə aiddir, qeyri ölkələrə aid deyil
Quranda yazılmayıb ki, bu qayda-qanun hansısa ərəb ölkələrinə aiddir, qeyri ölkələrə aid deyil
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Parlamentdə "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı "dəyirmi masa”da çıxışı zamanı ölkəmizdə anormal dindarlaşma hallarının olduğunu deyib.
Bu kimi halların təkcə islam dinində mövcud olmadığını deyən G.İsmayılov qeyd edib ki, bura dini ekstremizm, ailə dəyərlərinin deqradasiyaya uğraması amilləri daxildir:
"İslam dinində şəriət eyni olsa da, mədəniyyətlər fərqlidir. Din pərdəsi altında xalqlara məxsus həyat tərzi islam həyat tərzi kimi təqdim olunur. Nəticədə Azərbaycan ailəsi ərəbləşir, farslaşır. Yad ailə modelləri bizim üçün təhlükədir. Əgər ənənəvi ailə institutu laxlayacaqsa, təbii ki, son nəticədə milli dövlətçiliyə zərbə dəyəcək. Etiraf edək ki, islamda 4 qadınla ailə qurmağa icazə verilir. Ancaq bu, ərəb mədəniyyətinə xasdır. Azərbaycan mədəniyyətində bu qəbul olunmur. İslam isə bu mədəniyyətlərin heç birini inkar etmir”.
İslam dininin bütün insanlara mükəmməl şəkildə xidmət göstərdiyini vurğulayan ilahiyyatçı Atif İsmayılov sədr müavininin söylədiyi təbəqələşmənin düzgün olmadığını deyib. İlahiyyatçı həmçinin bildirib ki, bu gün islam dinini cəmiyyətə təqdim etmək üçün bizim ərəb ölkələrini və ya İranı təqdim etməmiz düzgün deyildir:
"İslamın yanaşma prizmasından baxanda bu dinin bütün bəşəriyyət üçün gəldiyini görürük. Hansısa ölkələrdə islam adət-ənənələrinə don geyindirib farslaşma və ya ərəbləşmə metoduna gətirib çıxarmaq düzgün fikir deyil. İslam dininə daxil olsaq görərik ki, o, bütün müsəlmanların və bəşəriyyətin həyat tərzinin formalaşması, insanların sivil şəkildə yaşaması üçün böyük önəm daşıyır. Bəli, bəzi ərəb ölkələrini nəzərə alsaq, insanların adət-ənənələri dinə daxil olursa, bu o demək deyil ki, dində var. Yəni, biz bu gün razılaşırıq ki, bəzi ölkələrdə adət-ənənələr dinə daxil olub və onlar dinin içində adət-ənənələrdir. Sadəcə, həmin ölkələr islam ölkələri olduğuna görə din kimi gözə görünür. Azərbaycan tarixində olan islam alimlərinə və islamı təmsil edən şəxsiyyətlərə baxaq görək onlar islamı cəmiyyətə nə cür təqdim ediblər. Hansısa ölkələri qınayırıq və o ölkələri nümunə gətirərək islamı təqdim edirik. Bu, düzgün yanaşma hesab olunmur. Məsələn, Gündüz müəllimin söylədiyi hansısa ərəb ölkələrinə görə Azərbaycanda olan dini ölçmək düzgün deyil. Keçmiş zamanlarda bizim ən dahi və böyük şəxsiyyətimiz H.Z.Tağıyev islam üçün ilk qadın məktəbi açırdısa, görün o hansı mədəniyyəti və formanı təqdim etmişdi. Bu gün hansısa cəmiyyətin içərisində müəyyən adət-ənənələr formalaşıb, sadəcə onlar özləri islam ölkələri olduğu üçün islam dini gözə çarpır. Lakin onların islama aidiyyəti yoxdur. İslam mükəmməl, dürüst və gözəl şəkildə, həmçinin insana xoş təəssürat bağışlayan bütün məramlarını təqdim etmişdir”.
İslamda 4 qadınla ailə qurmaq məsələsinə gəlincə, ilahiyyatçı deyib ki, əgər kişi xanımları arasında bərabərlik hüququ yarada bilməzsə, bir qadınla kifayətlənməlidir. Cəmiyyətimizdə bu məsələnin formalaşmadığını söyləyən A.İsmayılov ərəb ölkələrində bunun təbii hal kimi qəbul edildiyini deyib:
"Uca Rəbbimiz "Qurani-Kərim”də dörd arvad məsələsini vurğulayırsa, demək onun ədalətli bir yanaşma prinsipi var. Dörd qadın arasında ədalətli ola bilərsə, kişinin ailə qurmaq hüququ var. Bu, ərəbə də aiddir, qeyri-ərəbə də. Sadəcə ərəb xalqının Qurana, yaxud öz dillərindəki səmavi kitaba olan imanın nəticəsində bu məsələ öz əksini adi şəkildə tapır. Yəni dinlə hərəkət etdiklərinə görə ərəb ölkələrində dörd arvadın olması qeyri-adi hal deyil. Hətta görürsən ki, birinci xanım çalışıb hərəkət edəcək ki, özü istədiyi bir xanımı gətirib evə daxil etsin. Yoldaşı üçün xanımı özü seçəcək. Amma bizim cəmiyyətimizdə bu məsələ formalaşmayıb deyə, inkar edə bilmərik. Quranda yazılmayıb ki, bu qayda-qanun hansısa ərəb ölkələrinə aiddir, qeyri ölkələrə aid deyil. Ümumbəşər "Qurani-Kərim” müdriklərin kitabıdır. Bəli, uca rəbbimiz buyurur ki, əgər bir insan qadınlar arasında normal və ədalətli şəkildə prinsip yarada bilməzsə, biri ilə kifayətlənməlidir. Bugünkü gündə Azərbaycanda bəzi adət-ənənələrimiz hakim olubsa, dörd qadınla evlənməyi qəbul etmiriksə, bunu hansısa ölkəyə şamil etməyin özü düzgün bir fikir deyil”.
Filologiya elmləri doktoru, professor Firudin Cəlilov isə Gündüz İsmayılovun fikirləri ilə razılaşdığını deyib:
"Hər halda bu məsələ olduqca həssas bir mövzudur. Gündüz bəyin dediklərinə böyük hesabla qatılmaq olar. Çünki o, həmin sahənin adamıdı, orda işləyir və problemləri bilir. Respublikada tolerant ovqat illərdir, bəlkə də əsrlərdir davam edir. Təbii ki, bu tolerantlıq həddindən artıq çox olanda bir az milli dəyərlər yavaş-yavaş itirilib gedir”.
Yeganə Bayramova