Ərazimizdə referenduma bənzər nə isə təşkil oluna bilər, amma... - XİN-dən açıqlama




"Dağlıq Qarabağda "referendum” keçirilməsi sadəcə Ermənistanın danışıqlar prosesini pozmaq məqsədilə yürütdüyü siyasi təxribat əməllərindən biridir”.

Bunu Sherg.az-a Minsk Qrupu həmsədrləri Rusiya və Fransanın "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq" bəyanatına münasibət bildirərkən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Qurum sözçüsü beynəlxalq ictimaiyyətin bu "referendum”u qəbul etmədiyini diqqətə çatdırıb:

"Ermənistanın fevralın 20-də işğal olunmuş Azərbaycan ərazilərində təxribatçı məqsədlərlə təşkil etmək niyyətində olduğu qondarma referendumla bağlı XİN bəyanatla çıxış edib. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu qondarma referendumla əlaqədar mövqe ortaya qoyublar. Onlar heç bir halda bu referendumu qəbul etmirlər. Bu münaqişənin həlli istiqamətində aparılan danışıqlara heç bir halda təsir edə bilməz”.

H. Hacıyev bildirib ki, Minsk qrupu birbaşa münaqişənin həllinə məsul tərəf kimi mövqeyini ifadə etdi. Ardınca isə digər dövlətlər tərəfindən də bəyanatlar səsləndirildi:

"Təəssüflər olsun ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə riayət etmir və özünün təxribatçı əməllərini davam etdirir. Rəsmi İrəvan hər hansı təxribatçı məqsədlərlə referenduma bənzər formada nə isə təşkil edə bilər. Amma vacib odur ki, həmin prosesin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası ərazisində hər hansı seçkili fəaliyyət keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanun layihəsi əsasında olmalıdır.

İkincisi isə beynəlxalq ictimaiyyətin və həmsədrlərin bunu qəbul etmədiyi faktı ortadadır. Digər dövlətlər də mövqe bildirməkdə davam edir.



Aysel Aslan