Ölkədə dərman qıtlığı yoxdur
Dərman firmaları həkimlərlə əlaqəyə girərək müraciət edən xəstələrə satılmayan dərmanlarını yazdırırlar
Fevralın 16-da Bakı Biznes Mərkəzində İqtisadiyyat və Səhiyyə nazirliklərinin, Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələrinin iştirakı ilə KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib. Tədbirin keçirilməsində məqsəd dərman vasitələrinin qiymətinin tənzimlənməsi prosesi barədə ictimaiyyətin geniş şəkildə məlumatlandırılmasıdır.
Qeyd olunub ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb və bu proses intensiv şəkildə davam etdirilib. İndiyədək müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10166 dərman vasitəsinin qiyməti aydın və şəffaf mexanizmlə təsdiq edilib. Dərman vasitələrinin qiymətinin tənzimlənməsi zamanı Avropa ölkələri də daxil olmaqla 20-yə yaxın ölkənin təcrübəsi öyrənilib və beynəlxalq təcrübədə ən geniş yayılan mütərəqqi tənzimləmə üsulundan istifadə olunub. Bildirilib ki, manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də əhəmiyyətli dərəcədə aşağıdır.
On min dərman vasitəsinin qiyməti tənzimlənib
İndiyə kimi 10000-dən artıq dərman vasitəsinin qiymətinin dövlət tərəfindən tənzimləndiyini vurğulayan Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov bildirib ki, digər məhsullardan fərqli olaraq, vətəndaşlar dərman vasitələri haqqında geniş məlumata malik deyillər: "Dərman vasitələrinin qiymətləri sərbəst buraxılarkən bundan sui-istifadə hallarına yol verilir. Avropa ölkələrində də dərman vasitələrinin qiyməti tənzimlənir”.
Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq
Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı ilin 28 noyabr tarixində həyata keçirildiyini və dərman vasitələrinin qiymətlərinin manatın ovaxtkı məzənnəsinə uyğunlaşdırıldığını vurğulayan İlkin Məcidovun sözlərinə görə, o zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub.
O qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır: "28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə, məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zaman isə qiymətləri yuxarı qaldırılacaq”.
Dərmana tələbat artıb
Tarif Şurasının katibi həmçinin qeyd edib ki, ötən illərlə müqayisədə dərman idxalının artması insanların rifah halının yüksəlməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi də onlara tələbatı artırıb: "Dərmanların qiymətlərinin əvvəlki dövrlərlə müqayisədə aşağı düşməsi və əhalinin yaşayış səviyyəsi yaxşılaşdıqca, dərmanlara tələbat artıb. Lakin ölkəmizdə bir insanın qutu sayı ilə dərman alması Türkiyə, Rusiya, Qazaxıstan və Belarusiyadan aşağıdır. Hansı ki həmin ölkələrdə əhalinin rifah halı bizdən yaxşıdır. Gözləntimiz budur ki, qiymət baxımından yetərli olsun və təchizat baxımından da əlçatan olsun”.
Builki qəbul imtahanları pullu olacaq
"Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər
Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləği ilə bağlı müzakirələr gedir”. Bunu da İ.Məcidov deyib. O bildirib ki, rəsmi qaydada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq müvafiq sənədlər Tarif Şurasına təqdim olunmalıdır: "Hazırda işçi qrupu tərəfindən müzakirələr aparılır. Ödənişlərin dəqiqləşdirilməsi müəyyən olunmuş müddətdə başa çatdırılacaq və ən optimal variant seçiləcək”.
Qiymətlər sərbəst buraxılsa, dərmanlar bahalaşacaq
"Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi”. Bu sözləri isə iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib. Onun sözlərinə görə, ölkədə tənzimlənmədən qabaq dəyəri 2 manata olan Hindistan istehsalı dərman 15 manata, həmin tərkibdən olan Almaniya istehsalı dərman isə 4 manata satılıb:
"Bəzən mətbuatda belə fikirlər səslənir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi sərbəst buraxılsa, yaxşı olar. Dərman vasitələrinin qiyməti sərbəst buraxılsa, qiymət ucuzlaşmayacaq, əksinə, bahalaşacaq”.
M.Bayramovun sözlərinə görə, dərman firmaları öz dərmanlarını reklam və həkimlərlə əlaqəyə girərək müraciət edən xəstələrə satılmayan dərmanlarını yazdırırlar. O bildirib ki, 2 manatlıq Hindistanın dərmanını firma aptekdə 16 manata satdırırsa, Almaniyanın həmin tərkibli dərmanı 4 manata satılır, çünki əyri yollara getmir:
"Amma zəif texnologiyalarla üçüncü ölkələrdə istehsal edilən firma dərmanları isə bundan daha bahadır. Bir dərman vasitəsinin qiymətləri müəyyənləşərkən 10 ölkədə həmin dərman vasitələrinin qiymətləri götürülür və orta qiymət müəyyənləşir. Onun üzərinə Nazirlər Kabinetinin 11-12 faizlik marjası və apteklərin 11-20 faizlik marjası əlavə olunur və qiymət müəyyənləşir. Bir dərmanı gətirən şirkət digər idxalçının gətirdiyi dərmanın qiymətini Nazirliyin saytında yerləşən cədvələ əsasən hesablaya bilər”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev isə bu gün apteklərdə aparılan monitorinqlər zamanı dərman vasitələrinin qıtlığı ilə bağlı hər hansı hala rast gəlinmədiyini deyib.
Tədbirdə həmçinin qeyd olunub ki, görülən işlər əczaçılıq sahəsində yerli istehsalın inkişafına və icbari tibbi sığorta sisteminin tətbiqinə öz töhfəsini verməkdədir. Artıq Azərbaycanda əczaçılıq sənayesinin yaradılmasına başlanılıb. Pirallahı Sənaye Parkında İran və Rusiya ilə birgə iki dərman zavodunun təməli qoyulub. Bu zavodlar ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.
Tədbir çərçivəsində dərman vasitələrinin qiymətinin tənzimlənməsi mexanizmi əyani şəkildə nümayiş olunub və KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Şəymən