Ermənistanın təxribatı başında çatlayacaq

Qondarma respublikada “referendum” keçirməyin heç bir hüquqi əsası yoxdur


Dağlıq Qarabağ separatçıları 20 fevrala təyin etdikləri "konstitusiya referendum”na əcnəbi müşahidəçilərin də qatılacağını bəyan ediblər. Ermənistan mediasında yayılan xəbərə görə, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin seçkilərinə Avropa parlamentinin deputatı Frank Engel qatılacaq.

Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi separatçı qurumların nümayəndələri ilə yanaşı, seçkilərdə, adı heç bir yerdə hallanmayan Beynəlxalq Seçki Sistemləri Ekpser Mərkəzinin (İCES) 5-10 nəfərlik qrupunun da təmsil olunacağı gözlənilir. Bu qrupa təşkilatın prezidenti Aleksandr Tsinkler başçılıq edəcək. Təşkilata əsasən, Bolqarıstan, Macarıstan, Belçika, Çexiya və İsrail kimi ölkələrdən müşahidəçilər qatılacaq.

Bundan başqa, Rusiyanın ayrı-ayrı siyasi partiya ("Yabloko” partiyası) və ictimai birliklərindən də müşahidəçilər gözlənilir. Xatırladaq ki, yuxarıda adıçəkilən beynəlxalq müşahidəçilər bundan əvvəl də regiona Bakının icazəsi olmadan gəldikləri üçün "qara siyahı”ya salınmışdılar.

"Konstitusiya referendumu” ilə bağlı qondarma respublikada bu günə kimi heç bir təbliğat-təşviqat aktivliyi müşahidə edilmədiyini vurğulayan Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlunun "Şərq”ə verdiyi açıqlamaya görə, separatçılar əcnəbi müşahidəçiləri Dağlıq Qarabağa dəvət etməklə səs yığmağa çalışırlar. Bu isə sözügedən referendumun formal xarakterli olduğunun göstəricisidir.

Politoloqun sözlərinə görə, separatçılar "konstitusiya referendumu” keçirməklə özlərinin məkrli təxribat planlarını daha da genişləndirmək istəyirlər: 

"Halbuki Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma respublikada keçirəcəyi "referendum”un heç bir hüquqi əsası yoxdur. Bunu özləri də yaxşı bilirlər. Sadəcə, dediyim kimi, Ermənistanın bu addımlarının arxasında Azərbaycana qarşı planlanan təxribatlar dayanır”.

"Referendum”dan sonra Dağlıq Qarabağdakı erməni qoşunlarının da komandanlığının Bako Saakyana veriləcəyini vurğulayan politoloq bunu Ermənistan cəmiyyətində Serj Sarkisyana qarşı olan ciddi narazılıqla əlaqələndirib. Onun sözlərinə görə, erməni əhalisinin narazılığını görən Sarkisyan Dağlıq Qarabağdakı mövqeyini gücləndirməklə özünə dəstək qazanır. Təsadüfi deyil ki, "DQR”də keçiriləcək "konstitusiya referendumu” "prezidentlik” müddəti 2018-ci ildə bitən Bako Saakyana 2020-ci ilə qədər "hakimiyyət” başında qalmağa, "yeni konstitusiya” qüvvəyə mindikdən sonra isə yenidən "prezident” vəzifəsini tutmağa hesablanıb.

Mərkəz sədri qeyd edib ki, "referendum”un keçirilməsində digər əsas məqsəd isə Dağlıq Qarabağın adının dəyişdirilib "Arsax” la əvəzlənməsi ilə bağlıdır. Çünki bütün tarixi mənbələrdə Dağlıq Qarabağ adı coğrafi ərazi və inzibati ərazi bölgüsü kimi bu ərazilərin Azərbaycan ərazisi kimi tanınmasında açar rolu oynayır. 

Elə hesab edirlər ki, Dağlıq Qarabağın adını dəyişib, "Arsax” qoysalar, Azərbaycana məxsus olduğunu gizlədə biləcəklər. Halbuki "Arsax” özü də türk mənşəli "Ərsax” sözündən götürülüb. Bu da onu göstərir ki, ermənilər Qarabağda hər nə oyun çıxartsalar da, onu Azərbaycandan ayıra bilməyəcəklər.

Dağlıq Qarabağda keçiriləcək "Konstitusiya referendum”una əcnəbi müşahidəçilərin qatılacağı məsələsinə Azərbaycan tərəfinin reaksiyasına gəldikdə isə M.Əhmədoğlu bu məsələ ilə mübarizə aparmağın çətin olduğunu deyib: 

"Ermənilər bu "referendum”a gizli şəkildə hazırlaşdılar və artıq bu istiqamətdə məlumatlar bizə çatanda xeyli iş görülmüşdü və qarşısıalınmaz hal almışdı. Bizi ən çox narahat edən məsələ beynəlxalq təşkilatların, Minsk Qrupu həmsədrlərinin bu məsələyə kənardan seyrçi qalmasıdır. Elə Dağlıq Qarabağı ən çox ziyarət edən müşahidəçilər də məhz həmsədr ölkələr olan Fransadan, Rusiyadan gedir, o cümlədən də Polşadan və Avropa İttifaqının digər aparıcı dövlətlərindən. Biz çalışıb həmin ölkələrin Azərbaycandakı səfirlikləri vasitəsilə həmin ölkələrin Ermənistandakı səfirliklərinə xəbər göndərək ki, Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan "konstitusiya islahatları”nın heç bir hüquqi əsası yoxdur. Bəlkə bu yolla "DQR”ə gedən əcnəbi müşahidəçilərin sayını minimuma endirə bilərik”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qondarma "DQR”də keçiriləcək "referendum”un heç bir hüquqi əsası olmadığını deyib. Onun sözlərinə görə, bu addım yalnız Serj Sarkisyan rejiminin siyasi hakimiyyətinin möhkəmlənməsinə xidmət edir. 

Ümumiyyətlə, erməni separatçıları Avropada özlərinə təzə "dost”lar tapıblar və bu "dost”larının hesabına da Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün üstünlüyü öz tərəflərinə çəkmək istəyirlər. Halbuki Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da əks olunub ki, Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası”nda "konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirmək cəhdi növbəti təxribat kimi dəyərləndirilir. Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir: 

"Mövcud situasiyada biz prosesləri diqqətlə izləməli və öz mövqeyimizi kəskin şəkildə ortaya qoymalıyıq. Çünki Dağlıq Qarabağda referendum yalnız azərbaycanlı məcburi köçkünlərin regiona qaytarılmasından sonra keçirilə bilər. Ermənilər bir yandan sülh tərəfdarı olduqlarını və danışıqlar prosesinə Azərbaycan tərəfinin mane olduğunu deyir, digər tərəfdən də bölgədəki gərginliyi daha da artıracağını bilə-bilə qondarma respublikada "referendum islahatları” keçirir. Ermənistan dövlətinin bu davranışı onun beynəlxalq hüquqa həqarətlə yanaşdığının bir ifadəsi, Ermənistanın növbəti təxribatçı addımıdır. 

Odur ki, bizdən də əvvəlki kimi səbr nümayişi gözləməsinlər. Biz bundan sonrakı mərhələdə Dağlıq Qarabağ bölgəsini ermənilərdən tamamilə təmizləməyə çalışacağıq. Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün aprel döyüşlərindən üzü bu yana yol axtarır və ona elə gəlir ki, bu cür oyunlarla əhalinin qəzəbindən özünü sığortalaya biləcək. Amma həmişəki kimi qondarma "DQR”də "referendum” keçirmək cəhdləri də iflasa uğrayacaq. Avropadan bir neçə millət vəkilinin müşahidəçi qismində Dağlıq Qarabağa gəlməsinin elə bir ciddi əhəmiyyəti yoxdur. Çünki Avropa ölkələrinin böyük əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Hesab edirəm ki, hansı ölkədən beynəlxalq müşahidəçi gələcəksə, Azərbaycan Xarici İşlər Nazirliyi nota göndərməlidir”.

Şəymən