“Qaranquş” hələ çox evin qonağı olacaq”

Aysel Zahidqızı: “Əsas odur ki, valideynlər uşaqları oxumağa həvəsləndirsinlər”
“Biz jurnalda yer alan rubrikaların əksəriyyətini məktəb tədris planına uyğunlaşdırmışıq”

"Ailədə bir neçə uşaq varsa, jurnalı oxuyan oxucu hələ oxumaq üçün yaşı çatmayan ya qardaşı, ya da bacısı üçün jurnalı növbəti illərə saxlaya biləcək”

Bu günlərdə balacaların görüşünə gələn "Qaranquş” jurnalı, etiraf edək ki, uşaq nəşrləri sahəsindəki sükutu pozdu. Demək olmaz, uşaq nəşrləri yoxdur. Qəzetlər də nəşr olunur, müxtəlif jurnallar da. Amma bu da var ki, bir müddət sonra bəzi qəzet və jurnallar oxunaqlığını itirir və nəticə etibarilə oxucularını da. Uşaq nəşrləri isə, ümumilikdə mətbuatımızın vacib bir qoludur. Bu mənada istənilən yeni nəşr mətbuatımız üçün müsbət hadisə kimi dəyərləndirilir.

Bunu nəzərə alaraq "Qaranquş” jurnalının baş redaktoru Aysel Zahidqızı ilə söhbətləşmək qərarına gəldik. "Qaranquş”un pərvazı barədə məhz onun fikirlərini öyrənmək istədik.

- Təbii ki, ilk olaraq uşaq jurnalı nəşr etdirmək istəyinin qaynağı haqda danışmanızı istərdik. İdeyanın mənbəyi, bu qərara necə gəldiyiniz barədə...

- Etiraf edək ki, Azərbaycanda ana dilində olan nəşrlərə maraq və həvəs lazım olduğundan qat-qat aşağıdır. Xüsusilə də valideynlərdən qaynaqlanan doğma dilimizə özgəlik, yad münasibət uşaqlara da öz təsirini göstərir. Öz dilimizə sevgini aşılamaq və balaca oxuculara ana dilində oxumağı təbliğ etmək üçün daha çox nəşrlərimizi doğma dilimizdə edirik. Uşaq jurnalları sahəsində olan qıtlıq isə bizə "niyə maraqlı və müasir uşaq jurnalı çap etməyək” fikrinə gətirdi. Və beləcə, "Qaranquş” yarandı.

- Yadımdaykən bir sual verim, sonra fikirlərinizi davam etdirərsiz; uşaqkən jurnal oxuyurduzmu?

- Bəli, xüsusilə də rus dilində jurnallar oxumuşam. Çünki bu jurnallar çox rəngarəng olurdu. Ana dilimizdə olan jurnallardansa daha çox "Göyərçin”i xatırlayıram.

- Nəşrin ərsəyə gəlməsində çətinliklər də oldu yəqin. Neçə müddətə layihəni reallaşdıra bildiz? İdeya birdən-birə yarandı, yoxsa bu yolda hissə-hissə müəyyən addımlar atılırdı?

- Bildiyiniz kimi, "Qaranquş” uşaq jurnalı "TEAS Press” nəşriyyat evi tərəfindən təsis edilib və bu, nəşriyyatın uşaq ədəbiyyatı sahəsində atdığı ilk addım deyil. Hazırda bir çox uşaqların sevərək oxuduğu "3 alma” əmtəə nişanı altında çap olunan müasir uşaq kitabları nəşriyyatın ən uğurlu layihələrindən biridir. Uşaq jurnalları sahəsində olan çatışmazlıqlar növbəti addıma, "Qaranquş” uşaq jurnalının yaranmasına səbəb oldu.

Uşaqların zövqünü bilmək, onların psixologiyasını başa düşmək, onları qane etmək çox çətindir. Bu, qarşılaşdığımız çətinliklərin bir qismidir. Digəri isə yerli uşaq yazarlarını tapmaq idi. İstəyirdik ki, müasir formatda, həm əyləncəli, həm də düşündürücü məzmunlu hekayələr yazan yazıçıları ətrafımızda birləşdirək. Həmçinin peşəkar illustratorlar tapmaq, jurnalı fərqli və əvvəlki jurnallara bənzətməmək də istəklərimizdən idi. Bütün bunlar, əlbəttə, vaxt apardı və təqribən yarım il bu layihənin üzərində işlədik. Amma indi əməyimizin bəhrəsinə baxanda, düşünürəm nəticə gözləntiləri doğruldub.

- Bəs məqsəd nədir? Yəni, ümumi şəkildə aydındır, amma bəlkə hansısa bilmədiyimiz məqamlar, ayrıntılar, sizi bu istiqamətə yönləndirən hansısa özəl səbəblər də var.

- Özəl səbəbləri deyim və sonda məqsədi özünüz görəcəksiz.

Məlum məsələdir ki, jurnal dövrüdür və bir sayını alıb oxuduqdan sonra artıq maraqsız olur. Biz jurnalda yer alan rubrikaların əksəriyyətini məktəb tədris planına uyğunlaşdırmışıq. Yəni, uşaq məktəbdə keçəcəyi mövzu barədə daha fərqli məlumatları fərqli dizayn edilmiş və rəsmlərlə zənginləşdirilmiş formada jurnalda oxuya biləcək. Ailədə bir neçə uşaq varsa, jurnalı oxuyan oxucu hələ oxumaq üçün yaşı çatmayan ya qardaşı, ya da bacısı üçün jurnalı növbəti illərə saxlaya biləcək. Çünki balaca da böyüyüb eyni mövzuları məktəbdə keçəcəyinə görə, jurnal onun üçün də əlavə vəsait rolunu oynayacaq.

Həmçinin bu layihəni reallaşdırdığımız müddət ərzində bir çox Avropa ölkələrinin uşaq jurnallarını incələmişik. Çünki məqsədimiz həm də müasir uşaq jurnalını yaratmaq idi. Ona görə də "Qaranquş” uşaq jurnalı müasir uşaq dünyasına açılan bir pəncərədir. Jurnalda yer alan mövzular, illustrasiyalar və dizayn milli dəyərləri özündə əks etdirməklə yanaşı, Avropaya inteqrasiya edən müasir uşaqların dünyagörüşünü özündə əks etdirir.

- İlk buraxılış barədə təəssüratlarınız necədir. Qane etməyən tərəflər də oldumu?

- İlk buraxılış maraqla qarşılandı və abunə olmaq istəyənlərin sayı hər gün artır. Bu çox gözəldir və çəkilən əziyyətin hədər getmədiyini göstərir. Mənim ən çox qarşılaşdığım məsələ uşaqların

çox həvəslə kitaba və ya jurnala yaxınlaşması, ancaq bir çox hallarda məyus halda uzaqlaşmasıdır. Çünki valideynləri övladları qədər kitaba, qəzetə, jurnala həvəsli deyillər. İnanıram ki, bu hal müvəqqətidir və müsbətə doğru dəyişiklik olacaq.

- Gələcəklə bağlı nə düşünürsüz? "Qaranquş” nə qədər qanad çala biləcək? Reallıqları, imkanlarınızı hesablamısızmı?

- "Qaranquş”un gələcəklə bağlı o qədər planları var ki. Amma sirr saxlayır və sürpriz etməyi sevdiyinə görə hələ ki özündən başqa heç kimə demir. Məqsədimiz bəllidir və düşünürəm bu məqsədlə davam etsək, "Qaranquş” hələ çox evin qonağı olacaq. Əsas odur ki, valideynlər uşaqları oxumağa həvəsləndirsinlər və balacaların kitaba, oxumağa olan sevgisini təmin edə bilsinlər.

- Uşaq nəşrlərinin uşaqların biliyinin, məntiqinin inkişafında rolunu necə dəyərləndirirsiz. Jurnallar, qəzetlər intellektual uşaqların yetişdirilməsində aparıcı ola bilərmi?

- Əlbəttə. Uşaqlarda oxumağa həvəs yaradan ilkin vəsaitlər, məncə, jurnallar və onlara uyğun qəzetlərdir. Əsas odur ki, orada verilən informasiyalar həqiqətən də maarifləndirici və uşaqların diqqətini çəkən olsun. Əks halda balaca oxucular sadəcə həmin jurnal və qəzetləri alıb, baxıb bir kənara qoyacaq. Çünki uşaqlar çox həssasdır və onların diqqətini çəkmək də çətindir. Uşaq nəşrləri bunu bacara bilsələr, demək oxucuları da olacaq.

- Uşaqları maraqlandırmağın üsulları haqda nə deyərdiz? Məlum məsələdir, hazırkı dövrdə uşaqları televizor, kompüter, "kayu”lardan, "pepe”lərdən, "maşa”lardan qoparmaq çətindir...

- Bütün uşaqlar seçilməyi, fərqli olmağı sevirlər. Onları tərifləmək və nəyisə bacardığını demək həqiqətən də həvəsləndirir. Məncə, uşaqlara öz bacarıqlarını göstərmək üçün şərait yaratmaq və imkan vermək lazımdır. Məsələn, "Qaranquş” jurnalı müəyyən oyunlar keçirməklə, uşaqların ən çox maraqlandığı mövzular barədə maraqlı informasiyalar verməklə oxucularını özünə cəlb edir. Amma dediyim kimi, balacalar bir yerdə dayanmır və daim dəyişiklik istəyirlər. Ona görə də uşaqların çox tez dəyişən maraqlarını izləmək və düzgün qiymətləndirmək lazımdır.

- Uşaq nəşrlərini uşaqlara çatdırmağın yolları təkcə abunə, pərakəndə satışdırmı?

- Təbii ki, ən çox yayılan ənənəvi yollar abunə və pərakəndə satışlardır. Amma müəyyən intellektual oyunlarda iştirak etməklə qaliblərə jurnallar vermək mümkündür. Kitabxanalar da jurnala üzv olmaqla öz istifadəçiləri üçün təqdim edə bilərlər. Ancaq ilk sadalananlar ən effektli və geniş yayılmış yollardır.

Sonda "Qaranquş”umuz haqqında bir neçə kəlmə də demək istəyirəm.

Jurnalımızın maskotu "qaranquş”dur. O, balaca oxucular kimi çalışqan, aktiv və bəzən də ərköyündür. Daim yeni nə isə öyrənməyə çalışır. Onun ən müsbət tərəfi öyrəndiklərini uşaqlara çatdırmaq, onlarla paylaşmaq həvəsidir. Biz istəyirik ki, jurnalımızın oxucuları "Qaranquş”u hardasa görən kimi, onu tanısın, sevsin və qəbul etsin. Düzdür, bunun üçün vaxt lazımdır. Peşəkar komandamız bu istəyə çatmaq üçün kifayət qədər çalışmağa hazırdır.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb