Natamam ailələrdə böyüyən uşaqlar özgüvənsiz və tənhalığa meyillidir
“Sosial işçilər ailələrin durumunu düzgün müəyyən etməlidir, uşaqların taleyi buna bağlıdır”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb. Nazirliyin məlumatında bildirilir ki, onlardan 36-sı qız, 24-ü oğlandır. Həmçinin 28 nəfəri 6 yaşadək olan, 26 nəfəri 7-13 yaş arası, 6 nəfəri 14-18 yaş arası uşaqlardır. "Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar. Qanunvericiliyə uyğun olaraq nazirliklə uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına xidmət edir”, məlumatda qeyd olunub.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında qeyd etdi ki, natamam ailələrdə böyüyən uşaqlar hər iki valideyni olan, sosial cəhətdən təminatlı ailələrin uşaqlarından fərqlənirlər. Natamam ailələrin uşaqları çox zaman özgüvənsiz olur, tənhalığa meyl güclü olur belə uşaqlarda, sinif yoldaşlarından kənar gəzirlər, özlərinə inamları olmur, pessimist ruhda böyüyürlər:

- Azərbaycan dövlətinin əsas məqsədlərindən biri məhz budur ki, uşaqlar ailələrdə böyüsün, ailədə yetişsin. Çünki uşaq məhz ailə ortamında, valideyn himayəsi altında tam şəxsiyyət olaraq formalaşa bilir. Uşağın düzgün inkişafında ailənin rolu, əhəmiyyəti danılmazdır. Bu məqsədlə də dövlət müəssisələrinə yerləşdirilmiş uşaqların ailələrə verilməsi, himayədar ailələrin müəyyənləşməsi, eyni zamanda uşaqların dövlət müəssisələrinə yerləşdirilməsinin qarşısının alınması vacibdir. Burada söhbət ondan getmir ki, valideynini itirmiş, valideyn himayəsindən məhrum və ya öz vəzifəsini yerinə yetirməyən valideynlərin övladları dövlət müəssisəsinə yerləşdirilməsin deyə, nəzarətsiz qalsınlar, heç bir himayəsi olmayan uşaqlar taleyin ümidinə buraxılsın. Belə deyil. Məsələn, “Təmiz Dünya” İB-nə müraciət edən qadınların hazırkı vəziyyətini biz öyrənirik, məlumat toplayırıq, müəyyən edirik həqiqətən vəziyyət necədir, bu qadın övladına nəzarət etmək, onu təmin etmək iqtidarındadır, ya yox. Bu müddət ərzində isə həmin uşaq və ya anası da Birliyin sığınacağında qalır. Bəzən belə olur ki, ailənin vəziyyəti öyrənilir, uyğunsuz durum olduqda uşağın dövlət müəssisəsinə yerləşdirilməsinə qərar verilir, bəzən də ailənin böyükləri ilə, həyat yoldaşları ilə aparılan söhbətlərdən sonra ailədə yenidən birgə yaşayış təmin edilmiş olur. Övladlar da valideynlərinin himayəsi altında yaşayırlar. Situasiyalar müxtəlif ola bilər. Hər situasiyaya görə uyğun qərar verilməlidir. Əsas məqsəd ailənin parçalanmaması, uşaqların ailə daxilində böyüməsinin təmin edilməsidir. Dövlət orqanları bu məsələyə həssas yanaşır, sosial cəhətdən aztəminatlı ailələrə dəstək olurlar. Qadınların işlə təmin edilməsi, uşaqların maddi təminatı və sair məsələlər həllini tapır.
M.Zeynalova qeyd etdi ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi - De-institusionalizasiya və alternativ qayğı Dövlət Proqramı hazırkı mərhələdə De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib:
- Proqramın əsas məqsədi BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində xoşbəxt yaşaması, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsidir. Bu proqramın icrası üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir ki, ailəsi olan uşaqlar aradan qaldırıla bilən səbəblərdən dövlət müəssisələrinə düşməsinlər. Dövlət uşaq müəssisələrinin uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinə çevrilməsi, alternativ sosial xidmətlər sisteminin - icma və ailə əsaslı xidmətlər, qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilmə və s. yaradılması da önəmlidir. Uşaqların bioloji və ya alternativ ailələrə verilməsi imkanları genişləndirilməli və stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. Ailələrin, uşaqların mövcud durumunun dəqiq müəyyənləşməsi üçün bu istiqamətdə sosial işçilərin hazırlanması sistemi yaradılmalıdır. Çünki bəzən uşaqların, ailələrin durumu düzgün müəyyənləşdirilmədən uşaq dövlət müəssisəsinə yerləşdirilir, əksinə, müəssisəyə yerləşdirilməsi vacib hal almış uşaq isə kənarda, nəzarətsiz, baxımsız qalır. Ona görə də sosial işçilər düzgün, ətraflı monitorinq aparmalıdır. Məqsəd nə daha çox uşağın dövlət müəssisəsinə yerləşdirilməsi, nə də dövlət müəssisəsindən uşaqların nəyin bahasına olursa-olsun, oradan çıxarılması olmalıdır. Bizim əsas məqsədimiz uşaqların ailə ortamında böyüməsini, ailəyə sahib olmasını təmin etməkdir. Bunun üçün də ailələrin sosial təminatı güclənməli, ailələrin mövcud durumu dolğun müəyyənləşməli, ailələrə düzgün məsləhət verilməlidir.