Ekspertdən ilginc açıqlama: "...Amerika Gürcüstana da hərbi baza yerləşdirəcək"




"NATO Abxaziya və Cənubi Osetiya məsələsində birmənalı olaraq Gürcüstana dəstək verir”.

Bunu Sherg.az-a NATO-nun hərbi qüvvələrini Abxaziya və Cənubi Osetiya bölgəsindən çıxarması haqqında Rusiyaya çağırışına münasibət bildirərkən, politoloq Elxan Şahinoğlu deyib. 

Ekspertin sözlərinə görə, NATO-nun açıqlamalarında eynilə Qarabağ məsələsində də Azərbaycana dəstəyi zaman-zaman ifadə olunur:

"Hazırkı bəyanat Rusiyaya edilmiş xəbərdarlıqdır. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımaqla yanaşı orada hərbi qüvvələrini yerləşdirib. NATO müxtəlif vaxtlarda həmin siyasətini davam etdirir ki, Rusiya bu siyasətinə son versin. Gürcüstandan sonra Putin Krımı da işğal etdi. İndi isə Donbas separatçılarına dəstək verir. Təsadüfi deyil ki, Amerika son zamanlar Rusiya ətrafındakı hərbi bazalarının sayını artırıb. Baltik ölkələrində, Polşada, Ruminyada, indi isə növbəyə uyğun Bolqarıstanda hərbi cəhətdən yerləşib. İstisna etmirəm ki, yaxın müddətdə Amerika Gürcüstanda da hərbi baza yerləşdirəcək. Elə indi də qonşu ölkədə Amerikanın hərbi təlimçilər var. Rusiyanın işğalçılıq, separatçılara dəstək siyasəti bütün qonşuların ondan çəkinməsinə gətirib çıxarır. NATO rəsmi Moskva ətrafında hərbi bazalarını yerləşdirməyə çalışır. Rusiyanın faktiki ciddi dostu da yoxdur. Bu ölkənin siyasəti göstərdi ki, ona müttəfiqlər deyil, Ermənistan kimi vassallar lazımdır. Müttəfiq sayılan Belarus və Qazaxıstan da Putinin siyasətindən narazıdırlar. Bunu da zamanla açıq dilə gətirirlər”.

NATO-nun Krımla bağlı da eyni açıqlamaları verə biləcəyini deyən E. Şahinoğlu Krımda da Rusiyanın hərbi bazaları olduğunu diqqətə çatdırıb:

"Putin həmin qüvvələri gücləndirir və bəzi məlumatlara görə hətta orada nüvə silahını da yerləşdirib. Bu da bölgə üçün ciddi təhlükə yaradır. Ona görə, NATO bu cür mesajları Krım üçün verə bilər və verir. Yaxın zamanlarda NATO Rusiya münasibətlərinin daha da gərginləşəcəyi gözlənilir”.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

Aysel Aslan