"Münhen Təhlükəsizlik konfransı tipli tədbirlərdə təhlükəsizliyi qoruyan, möhkəmləndirən kontekstdə məsələlər prioritet xarakteri daşıyır”.
Bunu Sherg.az-a Azərbaycan xarici işlər nazirinin həmsədrlərlə görüşlərində müzakirə olunan məsələlər barədə danışarkən politoloq Tofiq Abbasov deyib.
Onun sözlərinə görə, tərəflər arasında təhlükəsizlik müstəvisində həmkarlığın intensivləşdirilməsi əsas müzakirə obyekti olub:
"Elə düşünürəm ki, Münhendə keçirilən bu tip tədbirlərə ehtiyac var. Təəssüf ki, bu məsələlər ancaq həmin tədbirlərin gedişatı boyunca aktuallaşdırılır. Nümayəndə heyətləri dağılışan kimi hər şey köhnə qaydada qalır. Bu konfranslar ona görə keçirilir ki, beynəlxalq gündəlikdə risk xarakteri daşıyan, təhdid doğuran məsələlərə səthi yox, predmetli şəkildə ciddi münasibət formalaşsın. Haradasa siyasi elitalar üçün dəstək olsun ki, onlar agah olsunlar, digər tərəfdən adı çəkilən məsələlərin reallaşmasına səy göstərsinlər. İkinci Dünya Müharibəsi bitdikdən sonra insanlar düşündülər ki, artıq ən qaynar, dağıdıcı dalğa geridə qalıb. Yəqin ki, müharibələr baş verməyəcək. Amma statistikanın dediyinə görə, indi 200-ə yaxın münaqişə, hərbi əməliyyat, lokal müharibə ocaqları fəaliyyətdədir. İtkilərin dəhşətli dərəcədə artmasına baxmayaraq, yenə də problemlərin adları açıqlanır. Onlarla bağlı münasibət isə daha əməli formaya transferləşir. Bu müasir nizam üçün elə ən böyük bəladır. Çünki Qarabağ problemi prizmasında məsələyə yanaşsaq görərik ki, ümumiyyətlə, dünya birliyi, onun əməkdaşlıq və təhlükəsizliyi qoruyan institutları, o cümlədən ATƏT, BMT kimi qurumlar ancaq kimlərəsə baş əyir və heç nə olmamış kimi öz soyuqqanlıqlarını saxlayırlar”.
T. Abbasov bildirib ki, beynəlxalq qurumların laqeydliyi nəticəsində Azərbaycan deyəndə ki, bizim ərazi bütövlüyümüz pozulub, torpaqlarımız işğal altındadır, Ermənistanın təhdidlərinin sonu görünmür, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilməyib, bu zaman görürük ki, onların problemləri bilməsində heç bir xeyir gəlmir.
Burada tək Azərbaycandan söhbət getmir. Azərbaycan zərərçəkmiş tərəfdir. Dəhşətli müharibənin sərt üzünü də görüb, böyük itkilər də verib. Bunlarla bərabər həm də erməni ekspansizmi Qafqaz bölgəsinə yeni təhdidlər vəd edir. Əgər beynəlxalq elita bunları soyuqqanlıqla qəbul edirsə, onların nümayəndələrinin bu kimi tədbirlərdə çıxışları beş dəqiqəlik essedən başqa bir şey deyil. Bu görüntü yaratmaq məqsədi güdür. Sonra isə onların verdikləri vədlər, görə biləcəkləri işlər reallıqda öz əksini tapmır”.
Politoloq əlavə edib ki, bütün bunlara rəğmən Azərbaycan diplomatiyasının ilk vəzifəsi beynəlxalq birliyi müxtəlif formatlarda və bütün imkanlarla məlumatlandırmaqdan ibarətdir.
Onlara bildirilməlidir ki, Azərbaycanın heç bir qonşu dövlətə zərəri, təhdidi yoxdur, ancaq biz özümüzü qorumağa da qadirik.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov(Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (Amerika Birləşmiş Ştatları), həmçinin ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.
Görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Aysel Aslan