Elşad Abdullayev Azərbaycana gətirilə bilər

“Bu hüquqi baxımdan mümkündür”



Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevin ekstradisiyası məsələsi yenidən gündəmə gəlib. Belə ki, Baş Prokurorluq həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın məhkəmədə fəaliyyəti dayandırılmış E.Abdullayevin Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilməməsi barədə səsləndirdiyi iddialara cavab verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında E.Abdullayevin Azərbaycana ekstradisiya olunacağı barədə Baş Prokurorluğun mövqe bildirdiyini qeyd edib.

Xatırladaq ki, Azərbaycanın baş prokuroru Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında E.Abdullayevin gətirilməsi ilə bağlı müvafiq qurumlara müraciət olunduğunu deyib: "Əminəm ki, o, Azərbaycana ekstradisiya olunacaq”.

Tanınmış ictimai xadim, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin və "Azərbaycan Hüquqlar Konsorsiumu”nun üzvü Əliməmməd Nuriyev də "Şərq”ə açıqlamasında E.Abdullayevin Azərbaycana ekstradisiyasının hüquqi baxımdan mümkün olduğunu söyləyib: "Amma bunun üçün ortada bir neçə hüquqi əsas olmalıdır. İlk növbədə Azərbaycan və Fransa arasında hüquqi yardım haqqında müqavilə bağlanmalıdır. Bu müqavilənin mövcud olub-olmamasından məlumatsızam. Digər tərəfdən, Azərbaycan ekstradisiya haqqında Avropa konvensiyasına qoşulub. Bu, cinayətkarların verilməsi ilə bağlı konvensiyadır. Baş prokuror da vurğulayır ki, məsələ haqda Fransanın hüquq-mühafizə orqanlarına məlumat göndərilib. Məlumatda sözügedən şəxslə bağlı cinayət işinin qaldırıldığı bildirilib”.

Ə.Nuriyev qeyd edib ki, E.Abdullayevin Azərbaycana ekstradisiyası Fransa tərəfinin mövqeyindən asılıdır: "Fransanın müvafiq strukturları E.Abdullayevin ekstradisiyası haqda qərar qəbul edə bilər. Çünki onun törətdiyi hadisə ağır cinayətlərdən sayılır. Baş prokuror da bu faktlara əsaslanaraq qəti qərar söyləyib. Bütün hallarda məsələnin həlli Azərbaycan və Fransanın müvafiq strukturlarının əlindədir. Yəqin ki, Azərbaycan hökumətinin müraciətləri dəyərləndiriləcək. Amma onun Azərbaycana gətirilməsi ilə bağlı konkret bir fikir söyləmək düzgün deyil. Hadisələri qabaqlamaq olmaz”.