Ana, uşaq ölümləri və can alan həkimlər

Səhiyyə Nazirliyi ölənlərin günahını elə ölənlərin özündə axtarır
Adil Qeybulla: “Azərbaycanda hamiləliyin 95-96 faizi normal, fizioloji parametrlərə uyğun keçmir”




Hər bir ana və körpə ölümü əslində Azərbaycan səhiyyəsinin can verdiyini göstərmirmi? Suala cavablar, əlbəttə, müxtəlif olacaq. Səhiyyəmizin son illərdəki uğurlarından, açıq ürək əməliyyatlarından, orqan köçürmələrindən, Avropa standartlarına uyğun diaqnostika mərkəzləri, klinikalar, xəstəxanalardan ağızdolusu danışacaqlar. Ana və körpə ölümünün faizini "promilli”lərlə ölçəcək və "ölüm halları ötən illərə nisbətən azalıb” deyəcəklər. Amma, deməyə başqalarının da sözü var. Anasını itirən körpələr, körpəsini itirən analar... Onlar nə deyəcək, bilirsinizmi?.. Anam xəstə idisə, vaxtında müalicə edəydiniz.

Bacarmırdınızsa, əvvəldən deyəydiniz, başımızın çarəsinə baxaydıq. Və yaxud, körpəm sağlam deyildisə, həkim bunu müəyyənləşdirməli və xəbərdarlıq etməliydi. Bunları da deyənlər olacaq; xəstəxanada bizdən filan qədər pul aldılar. Dedilər, filan qədər verin, əməliyyat edək. Pulumuzu aldılar, amma anam öldü, körpəm öldü. Sonra qaytarmadılar da... Bu sözləri Azərbaycan insanı bilirsiz, nə qədər deyir və nə qədər eşidir. Hayıf ki, bunu "promilli” ilə ölçən yoxdu. Yoxsa, kəllə-çarxa çıxar.

Səhiyyə Nazirliyi həkimləri "təmizə çıxarır”

Sonuncu ana və körpə ölümü hadisəsi ilə bağlı Səhiyyə Nazirliyinin açıqlamasında yenə də faiz "qabardılıb” və ölənlərin günahının, elə ölənlərin özündə olmasına işarə vurub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin jurnalistlərə verdiyi açıqlamaya baxaq:

- Ana və uşaq ölümləri ilə bağlı qeydə alınan faktlar Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyası tərəfindən mütəmadi olaraq araşdırılır. A.Qədirli qeyd edib ki, burada xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və bu kimi digər məsələlərlə bağlı müəyyən yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir: "Ana ölümlərinin səbəbləri əsasən onların səhhətindəki qüsurlarla bağlıdır. Həkim səhvinin olması hələ ki, aşkarlanmayıb. Sonuncu baş verən 3-4 ana ölümü ilə bağlı da araşdırmalar gedir. Bu araşdırmalar həm doğuşa yardım komissiyası, həm də tibbi ekspertiza tərəfindən aparılır. Çünki orada 9 ay ərzində xəstənin hansı həkimlərə müraciət etməsi, bu müddət ərzində hansı həkimlərin onu yoxlaması və digər məsələlər yoxlanılır. Ana və uşaq ölümləri ilə bağlı Səhiyyə Nazirliyi il ərzində bir neçə dəfə həm telekanallar, həm də mətbuat vasitəsilə rəsmi açıqlamalar verib. Son statistik məlumatlara görə, ana ölümlərinin sayı artmayıb. Keçən il bu rəqəm 14 promil idisə, bu il də göstərici həmin rəqəmi keçməyib. Ölüm halları baş verəndən sonra biz konkret mövqe bildirməyə tələsmirik. Jurnalistləri də tələsməməyə çağırırıq. Çünki tibbi ekspertiza var, həkim, xəstənin qohumları emosional vəziyyətdə nə isə demiş ola bilər. Bunların hamısı araşdırılandan sonra yekun qərar və açıqlama verilə bilər.

Bu yerdə, sentyabrın 20-si "MediSina” Tibb Mərkəzində əməliyyat zamanı keçinmiş tənqidçi Elnarə Tofiqqızını xatırlamamaq olmur. Faciəli hadisənin üzərindən artıq bir aydan çox vaxt keçir. Səhiyyə Nazirliyi isə ölüm faktı ilə bağlı hələ də açıqlama verməyib. Ölümün səbəblərini bildirməyib. Bir ananın ölümünə, azyaşlı uşaqların yetim qalmasına səbəb olan həmin həkimlər hələ də əllərində cərrah bıçağı gəzdirir. Növbəti dəfə kimin ömrünü kəsəcəklər? Problem ölümə gətirib çıxaran səbəblərin müəyyənləşdirilib ictimaiyyətə çatdırılmamasındadı. Hər dəfə eyni hallar təkrarlanır. Hadisə baş verdikdə bir müddət gündəmdə qalır, Səhiyyə Nazirliyi faktın araşdırılacağını deyir, möhlət istəyir, zaman keçdikcə, hadisə gündəmdən düşür, insanların könül yaraları sarılır və məsələ də beləcə bitir. Canalan həkimlər kimlərləsə, hansısa formada "anlaşıb” öz işinə davam edir. Olan ailəyə, körpələrə, gənc xanımlara olur. Səhiyyə Nazirliyi ölüm faktlarına görə ciddi cəzalandırma əvəzinə, həkimləri təmizə çıxarmağa çalışır və müvəffəq də olur.

Ana və uşaq ölümləri ilə bağlı toxunulması zəruri məqamlardan biri də, həkimlərin və tibbi personalın cəzalandırılmamasıdır. İndiyədək, hansısa həkimin işdən azad edildiyi, vəzifəsindən kənarlaşdırıldığı görünməyib. Bu kimi hallarda həkimlərimiz adətən "töhmət”, ya da uzaqbaşı "şiddətli töhmətlə” yaxalarını qurtarırlar. İctimaiyyəti daha çox narahat edən də məhz budur: günahkarların cəzasız qalması.

Yenə də Ağdaş...

Xatırlayırsınızsa, bu ilin aprel ayında Bərdə-Müalicə Diaqnostika Mərkəzində vətəndaşlarla görüşü zamanı səhiyyə naziri Oqtay Şirəliyev ana və uşaq ölümü ilə bağlı suala cavabında bu sahədə problemlərin aradan qalxmaqda olduğunu, səhiyyə müəssisələrində qeydə alınan ölüm faktlarının nazirlik tərəfindən ciddi araşdırıldığını və bütün hallarda hər bir hadisəyə obyektiv qiymət verildiyini söyləmişdi və belə demişdi: "Sonuncu dəfə iki gün əvvəl bir ana ölümü qeydə alınıb (nazir Ağdaşdakı ölüm faktını nəzərdə tuturdu - red). Bu istiqamətdə aparılan tədbirlər çox müsbət nəticələr verir”. Nazirin "müsbət nəticə” hesab etdiyi vəziyyətə baxaq; Ağdaşdan sonra Zərdab, Zaqatala, Sabirabad, Ucar, Bakı, Sumqayıt və yenə də Ağdaş... Sumqayıtda doğuş zamanı ananın ölümü ilə bağlı cəmiyyət kifayət qədər məlumatlıdır. Bununla bağlı ölkə başçısına da artıq müraciət olunub. Ağdaş Mərkəzi Rayon Xəstəxanasında da isə bu, artıq ikinci ölüm faktıdır. Təsəvvür etmək çətindir ki, yeni doğulmuş körpə bölgələr üzrə xəstəxana-xəstəxana gəzdirilir. Birində deyirlər, Mingəçevirə aparın, orada deyirlər, Gəncəyə aparın. Körpə də yolda keçinir. Və bütün bu anormal hadisələr hər cür avadanlıqlarla təchiz olunmuş, ən müasir standartlara cavab verdiyi bildirilən tibb mərkəzlərində baş verir. Bəlkə, orada çalışanların sadəcə, tibb elmindən bilik standartları sıfır səviyyəsindədir?.. Bir neçə ay əvvəl Ağdaş rayonunun Yuxarı Nemətabad kənd sakini, Məcidova Pərvanə və onun dünyaya gələcək qız övladı Ağdaş Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində həlak olmuşdu. Ölən qadının yaxınları bildirmişdi ki, Ağdaş Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində son illər 12 ana və uşaq ölümü qeydə alınıb. Amma deyəsən, bu rəqəm heç kəsi narahat etmir.

"Peşəkar kadr çatışmazlığı var”

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla ana və körpə ölümlərinə bir sıra amillərin səbəb olduğunu bildirdi:

- Birincisi, biz bu gün sovet təbabət sistemindən Qərb təbabətinə keçid mərhələsini yaşayırıq. Və bu prosesdə də xeyli problemlərimiz var. Sovet vaxtı hamilə qadınların qeydiyyatı, dispanserizasiyası tamam başqa cür həyata keçirilirdi. Bundan başqa 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün olması da səhiyyə sisteminə əlavə problemlər yaradır. Miqrasiya məsələləri, qaçqın və köçkünlərimizin qeydiyyata alınmasına, nəzarət və müşahidə altında olmalarına əngəl yaradır. İkincisi, peşəkarlıq problemidir. Baxmayaraq ki, dövlət tərəfindən səhiyyəyə xeyli vəsait ayrılır, xəstəxanalar təmir edilir, yeniləri inşa olunur, tibb müəssisələri ən müasir avadanlıqlarla təmin edilir, amma bunlar nə dərəcədə müalicəyə yönəldilir? Sığorta təbabətinin olmaması, əməkhaqqının azlığı və peşəkar kadr çatışmazlığı problem olaraq qalmaqdadı. Xüsusən də regionlarda kadr qıtlığı var. Üçüncüsü, ana və uşaq məsələsi dövlətin birbaşa qayğısı altında olmalıdır. Nə qədər ki, bu məsələ təşkilati məqama çatmayıb, biz bu cür problemlərlə üzləşəcəyik. Hamiləlik dövrü ilə bağlı konkret klinik protokol olmalıdır və hamı ona riayət etməlidir. Burada özfəailiyyətə yol verilə bilməz. Dəqiq göstərilməlidir ki, qadın hamiləlik dövründə hansı müayinələrdən keçməlidir, hamilə qadın bütün viruslara, bütün infeksiyalara qarşı yoxlanmalıdır. Bəzən görünür ki, yoxlamalar qeyri-kompetent olur, müşahidələr düzgün aparılmır. Bunlar hamısı qeri-peşəkarlığın nəticəsidir. Məsələn, bir halda bildirilib ki, anada Hepatit C virusu varmış. Bu virus ana üçün o halda təhlükə törədir ki, artıq qara ciyərin serrozu halına gəlib çatıb. Əgər həmin qadın hamiləlik dövründə ciddi yoxlamadan keçirilsəydi, bu virus onda aşkarlanmalıydı və buna müvafiq tədbirlər görülməliydi. Ana və körpə ölümündə səbəblərdən biri əlbəttə ki, ekoloji durum, qidalanma və viruslara yoluxmadır. Baxın, bütün bu amillərin təsiri altında Azərbaycanda hamiləliyin 95-96 faizi normal, fizioloji parametrlərə uyğun keçmir. Hamiləliyin gedişatı daim problemlərlə müşayiət olunur. Həm qadının vəziyyəti, həm də dölün vəziyyəti qüsurlu olur. Bu, çox qorxulu tendensiyadır. Ona görə də hesab edirəm ki, ciddi bir dövlət proqramının qəbuluna ehtiyac var. Analar birbaşa dövlətin qoruması altında olmalıdır. Hər bir ölümün səbəbi çox ciddi araşdırılmalıdır. Hansısa virusa yoluxma, qanaxma, qanın laxtalanması - bunlar hamısı yan təsirlərdir. Tibbdə ölümün birbaşa səbəbi deyilən bir anlayış var. Ölümün birbaşa səbəbi göstərilməlidir. Təəssüf ki, biz bu gün bəzi hallarda həkimlərin qeyri-peşəkarlığı ucbatından belə acı faktlarla üz-üzə qalırıq.

"Əsas problem səhiyyənin pullu olmasıdı”

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ana və uşaq ölümünün səbəbləri arasında iqtisadi çətinlikləri önə çəkdi:

- Ana və uşaq ölümünün əsas səbəblərindən biri Azərbaycanda səhiyyənin pullu olmasıdır. Etiraf edək ki, müayinədən keçmək, analizlər vermək hər ailənin cibinə uyğun deyil. Hamiləlik dövründə qadın bir neçə dəfə müayinə olunmalı, analizlər verməli, vəziyyətinə uyğun davranmalıdır. 1 dəfə müayinədən keçmək isə azı 500-600 manata başa gəlir. Hamımız bilirik ki, bu dəqiqə özəl klinikalarda hansı qiymətlərdir, adicə qadın məsləhətxanasında qeydiyyata düşmək üçün də gərək pul verəsən. Həkimə məsləhət üçün yanaşanda da gərək cibinə pul qoyasan. Bu, bizim həyatımızın reallıqlarıdır və heç kəs bunu inkar edə bilməz. Gəlin görək, buna hansı ailənin gücü çatar? Təbii ki, kasıb, imkansız ailə bunu bacarmır. Ona görə də problemli keçən hamiləliyin sonu bəzən bədbəxtliklə nəticələnir. Məsələn, Türkiyədə vəziyyət fərqlidir. Orada həkimlər hər ay özləri hamilə qadınla maraqlanır, onu müayinəyə cəlb edirlər. Orada hamilə qadınlara ciddi nəzarət var. Bizdə də belə olmalıdır, hamilə qadınlar daim həkim nəzarətindən keçməlidir.

Amma bir çox hallarda pulsuzluqdan, bəzən də savadsızlıqdan ana və uşaq ölümü baş verir. Digər səbəb gənc xanımların müxtəlif viruslara, bakteriyalara yoluxmasıdır. Səbəblərdən biri də həkim və mama çatışmazlığı ilə bağlıdır. Elə bölgələr var ki, orada bütün rayona 1 akuşerka işləyir. Kəndlərin çoxunda nə həkim var, nə akuşerka. Tibb bacıları həm həkimlik edir, həm akuşerkalıq, həm də uşaq həkimidirlər. Doğuş zamanı ananın uşağını itirməsi qadında psixoloji travma yaradır. Sonradan bu qadınlar ikinci dəfə ana olmağa qorxur, elə bilirlər, yenə həmin problemlə üzləşəcəklər. Bu vəziyyət ailə daxilində də gərginlik yaradır. Bəzən hətta boşanmalarla nəticələnir. Ona görə də səhiyyədə hamilə qadınlara xüsusi güzəştlərin tətbiq edilməsi, müayinə haqlarının əl çatan səviyyədə təyin edilməsi, ana və körpəyə qayğı ailələrin qorunmasının əsas şərtlərindən biridir. Hətta 1 ölüm halı varsa, bunun özü də artıq ağır göstəricidir. Biz niyə anaları və körpələri itirməliyik?! Fakt varsa, onu törədən səbəblər öyrənilib qarşısı alınmalıdır.