Zahid Oruc: “Keçmiş dövrdə bu cür ziyalı görüşlərinin, şair-yazıçı əlaqələrinin acı nəticəsini yaşamışıq”
"Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşündən əvvəl hər iki ölkə ziyalılarının görüşü keçirilməlidir”. Bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təklif edib. O, Azərbaycan Xarici İşlər Nazirliyi ilə bu haqda məsləhətləşmələr aparacaqlarını da bildirib: "Biz daha əvvəl ziyalıların görüşməsinin mümkünlüyündən danışmışdıq. Belə bir görüş məqsədəuyğun olardı. İstənilən siyasi qərarları qəbul etmək olar. Lakin xalqlar bu siyasi qərarların niyə qəbul olunduğunu anlamasa, həmin qərarlar həyata keçməyəcək”.
Erməni tərəfinin təklifə münasibət barədə sualı cavablandıran M.Şvıdkoyun sözlərinə görə, belə razılığa gəlinib ki, bu məsələ üzrə məsləhətləşmələr davam etdirilsin.
Dağlıq Qarabağ məsələsinin həllində Erməni-Azərbaycan ziyalılarının görüşməsi təklifinə münasibət bildirən ictimaiyyət nümayəndələri bunun əhəmiyyətsiz olduğunu qeyd ediblər.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, ziyalıların bu məsələdə hər hansı ümumi təklif verməsi məsələni çözməyəcək: "Burda problemin həllindən söhbət gedir. Məsələn, hər iki tərəfin ziyalıları deyə bilər ki, sülh olsun. Amma işğal edən tərəf onsuz da özünü "qazanclı” hesab edir. Bu baxımdan erməni ziyalıların sülh istəməsi onlara sərf edir. Ancaq işğal olunan tərəf bu cür sülhdən danışa bilməz. Ona görə də ziyalı mövqeyi ilə nəyisə yumşaltmaq imkanları zəifdir. Burda yalnız ekspertlərin iştirakı ilə müəyyən məsələləri müzakirəyə çıxartmaq olar ki, görək hansı güzəştlərin edilməsi mümkündür. Tərəfləri buna uzlaşdırmaq lazımdır”.
Deputat qeyd edir ki, bütün hallarda nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil şəkildə qərar qəbul edən ölkə deyil: "Rusiyadan birbaşa və ya dolayısı yolla asılı olan bir dövlətin ziyalısı öz mövqeyini ortaya qoya bilməz. Bu, Rusiya tərəfindən verilmiş formal bir təklifdir. Ondansa elə birbaşa Rusiya prezidenti ilə söhbət etsinlər ki, məsələ də öz həllini tapsın. Yox əgər Kreml problemin həllinə razılıq vermirsə, bunu Ermənistan səviyyəsində, özü də ziyalılarla həll etmək mümkünsüzdür”.
Millət vəkili Zahid Oruc bildirir ki, keçmiş dövrdə bu cür ziyalı görüşlərinin, şair-yazıçı əlaqələrinin acı nəticəsini yaşamışıq. Ona görə də yenidən həmin gərginliyi gündəmə gətirmək təhlükəli və faydasızdır: "M.Şvidkoy Rusiyanın ictimai-siyasi məkanında kifayət qədər tanınmış şəxsdir. Onun Azərbaycana münasibəti yaxşıdır. Rusiyanın siyasi elitasında təmsil olunanlar qədər ölkəmizə və xalqımıza qərəzli deyil və kəskin ifadələr səsləndirmir. Zənnimcə, onun təklifi xoşməramlıdır. Lakin reallıqda bu məsələ bizə 1988-90-cı illəri xatırladır. Əgər unutmamısınızsa, Vəzirov və Mütəllimov dövründə mühüm ictimai silahlardan biri hesab olunan "ziyalıların görüşü” tədbirləri həyata keçirilirdi. Ancaq bunun çox ağır nəticələrini yaşadıq. Təyyarə və məlum helikopter qəzasında onlarla insan həyatını itirdi. Sonrakı illərdə də bu cür ziyalı yazışmaları, şair-yazıçı müraciətləri və Qarabağda ortaya atılan baş örtüyü məsələsi və s. tədbirlər heç bir halda erməni təcavüzünün qarşısını almadı”.
Z.Orucun fikrincə, əgər kimsə düşünürsə ki, Sarkisyan rejiminə ermənilərin hansısa yazıçısının, qələm adamının təsiri ola bilər, bu çox az ağlabatandır: "Axı bu illər ərzində bizim söz adamları, ziyalılarımız müəyyən mənada öz həyatlarını və ya digərlərinin həyatlarını əks etdirən müxtəlif əsərlər ortaya qoyaraq və haqlı olaraq ermənilərin düşmən obrazını yaradıblar. İndi qarşı tərəfi bu vəziyyətdən çıxaran hansı hadisə baş verib ki, bizim onlara olan münasibətimiz dəyişsin. Bəlkə zəbt etdikləri bir neçə rayonu geri qaytarıblar və ya hansısa ədalətli addım atıblar?! Əgər ermənilər həqiqətən dəyişsəydi, biz belə qənaətə gələrdik ki, artıq Zori Balayan təfəkkürlü insanlar Ermənistanda yoxdur, onların yerinə yeni gənc nəsil formalaşıb. Qəbul etmək lazımdır ki, ermənilərin düşüncəsində türklərlə dinc və yanaşı yaşamaq yoxdur. Ona görə də Rusiyanın mədəni elitası bilməlidir ki, bizim tərəfimizdən konsensium, güzəşt yalnız o halda ola bilər ki, mütləq indiki şərait dəyişilsin. Əks halda ziyalı görüşü heç nəyə səbəb olmayacaq. Xatırlayırsızsa, Polad Bülbüloğlunun rəhbərliyi ilə bir qrup mədəniyyət adamı Ermənistana səfər etdi və erməni həmkarları ilə görüşdü. Ancaq nümayəndə heyəti göz yaşları ilə geriyə döndülər”.