Azərbaycanın kurort imkanları tanıdılacaq

Bu məqsədlə müalicə mərkəzlərinin vahid məlumat bazası yaradılacaq



Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi (AHTTSA) və Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin birgə təşkilatçılığı əsasında iki ölkə arasında sağlamlıq turizminin imkanlarını daha da geniş auditoriyada tanıdılması, eləcə də geniş fəaliyyət istiqamətinə start verilməsi məqsədilə konfrans keçirilib.

Tədbirdə çıxış edən yeni yaradılmış ASTTSA İctimai Birliyinin sədri Ruslan Quliyev sözü Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı şöbəsinin müdiri Mahir Qəhrəmanova verib. M.Qəhrəmanov Azərbaycanın kurort potensialının böyük olduğunu, daxili turizmin inkişafında, müalicəvi turizm obyektlərinin dirçəldilməsi istiqamətində dövlət proqramına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib. O qeyd edib ki, Azərbaycan təbii ehtiyatlarına, münbit şəraitinə və füsünkar təbiətinə görə turizm potensialı böyük olan ölkədir. Nazirlik səlahiyyətlisi ölkəmizdə müalicəvi kurort zonalarının olduğunu, həmin turizm obyektlərinin xarici ölkələrdə də tanınmasının zəruri olduğunu dilə gətirib. M.Qəhrəmanov bu işdə Azərbaycana dəstək olan qardaş ölkədən gələn nümayəndələrə öz minnətdarlığını bildirib.

Qeyd edib ki, Azərbaycanda vaxtı ilə məşhur olmuş müalicəvi sanatoriya və kurortların potensialından daha səmərəli istifadə üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir: "Təbii ki, həmin müalicəvi məkanların imkanlarından həm öz vətəndaşlarımız yararlanmalı, həm də turizm obyektləri xarici ölkələrdən turist cəlb etməlidir”. Daha sonra çıxış üçün söz Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. V.Səfərli tədbirin keçirilməsinə dəstək verən qurumlara təşəkkür edib, işlərində uğurlar arzulayıb. Konfransda iştirak edən Afyon Kocatepe Universitetinin rektoru Mustafa Solak, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşaviri Seyid Ahmed Arslan da Azərbaycanın kurort imkanlarının beynəlxalq miqyasda tanıdılması istiqamətində qarşılıqlı iş birliyinin aparılmasının zəruriliyini vurğulayıblar. M.Solak öz çıxışında Türkiyədəki müalicəvi turizm obyektlərinin müştərilərə göstərdiyi xidmətdən söz açaraq bildirib ki, həmin şəfalı məkanlarda turistlərin qalması üçün yüksək səviyyədə otellər xidmət göstərir. Daha sonra Birliyin sədri Ruslan Quliyev yeni təsis etdikləri QHT-nin fəaliyyət planını açıqlayıb. O bildirib ki, Azərbaycanın kurort imkanlarının tanıdılması məqsədilə həmin kurortların vahid məlumat bazası yaradılacaq. Azərbaycanın müalicəvi kurort potensialından söz açan QHT sədri həmin turizm obyektlərinin xarici turist cəlb etmək imkanlarının genişləndirilməsi istiqamətində Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyinin təcrübəsindən bəhrələnəcəklərini bildirib: "Müalicəvi kurortlar turizmin elə sahəsidir ki, burada mövsümlə bağlı müştəri azlığı olmur. Yəni ilin bütün günlərində insanlar şəfa tapmaq üçün müalicəvi turizm obyektlərinə üz tuturlar. Ona görə də turizmin bu sahəsi daha rentabelli sayılır. Biz də çalışmalıyıq ki, Azərbaycanın müalicəvi kurortları yalnız ölkəmizin vətəndaşlarını deyil, xarici turistləri də cəlb etsin. Bunun üçün yeni təsis etdiyimiz Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi olaraq fəaliyyət planımıza əsasən bir sıra tədbirlərin həyata keçirilməsini qarşımıza məqsəd qoymuşuq”.

Konfransda digər qonaqların da nitqi dinlənildikdən sonra, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə Türkiyə Sağlamlıq Turizmini Gelişdirme Konseyi ilə əməkdaşlıq memorondumu imzalanıb. Sonda konfrans iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.