Milli Məclisin sədri Oqtay Əsədov forumda iştirak etmət üçün Azərbaycana gəlmiş Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb. Spiker Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi İrəvanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa minnətdarlığını bildirib.
O.Əsədov insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Milli Məclisin Fəxri Medalını A.Qriqoriuya təqdim edib. Təqdimata görə, Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirən moldovalı ombudsman bir daha vurğulayıb ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşüb: "Bu fakt ədaləti bərpa etmək üçün Ermənistan parlamentində səsləndirilib. Bunu gec-tez mən və ya başqa birisi söyləməli idi”. Daha sonra ATƏT PA-nın Büro üzvü, siyasi və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevlə görüşən ombudsman ona qarşı həyata keçirilmiş hadisə ilə bağlı hüquqlarının müdafiəsi istiqamətində yardım istəyərək məsələni ATƏT-in Parlament Assambleyasında qaldırmağı xahiş edib. A.Quliyev xanım A.Qriqoriunun müraciətini diqqətdə saxlayacağını və onu ATƏT PA-da qaldıracağını söyləyib. Moldovalı Ombudsmanın yüksək medalla təltif edilməsinə münasibət bildirən Qadın Hüquqularını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bunu çox gözəl qiymətləndirib və alqışlayıb:
"Çox şad olduq. Bununla hökumət göstərmiş oldu ki, Azərbaycan dövlətinin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran, özü də bunu ermənilərin gözünün içinə baxaraq edən istənilən əcnəbiyə qucaq açmağa hazırdır. Dövlətimiz həm hüquqi, həm də maddi və mənəvi olaraq həmin şəxsin yanında olduğunu, ona dəyər verdiyini, ermənilər qarşısında yalnız və köməksiz buraxmadığını əyani şəkildə sübut etmiş oldu. Bu baxımdan parlamentin addımı yerində və zəruri idi.
Biz də hüquq müdafiəçisi olaraq A.Qriqoriuyaya dəfələrlə təşəkkür məktubu yazmışıq və demişik ki, nə vaxt yardıma, köməyə ehtiyacı olsa, biz onun qulluğunda hazırıq. Hər zaman yanındayıq. Hüquq müdafiəçisi kimi o xanımın hüquqlarını dünyanın hər yerində qoruya bilərik. Çünki cəsarətli addımına görə bütün Azərbaycan xalqı ona minnətdardır”.
İsmayıl