"Xocalıda 613 nəfər yox, ən azı 800 nəfər qətlə yetirilib" - Şahid





"Xocalı Həftəsi" rubrikamızın bu dəfəki qonağı tanınmış jurnalist, 90-cı illərdə çap olunan "Səhər” qəzetinin əməkdaşı, Xocalı soyqırımı ilə bağlı ilk xəbərlərin müəllifi Şamil Sabiroğludur. 

O, Sherg.az-a Xocalı faciəsinin baş vermə səbəbləri, soyqırım nəticəsində dinc, əliyalın soydaşlarımızın başına gətirilən amansız işgəncələr, bu faciəyə dair həqiqətlərin beynəlxalq arenaya çıxarılması və soyqırımın baş verməsində Rusiyanın rolundan danışdı. 1989-cu ilin senytabr ayında könüllü olaraq Laçın rayonuna getdiyini söyləyən Ş. Sabiroğlu qeyd edib ki, həmin vaxtlar bu rayonda Qayğı qəsəbəsi inşa olunurdu. Onun inşası və müdafiəsinə köməklik göstərib:

" Hətta orada dəstənin kapitanı olmuşam. O zaman ermənilər Ermənistanın Göruş rayonun Dığ kəndi ərazisindən Xankəndinə tunel yol çəkmək istəyirdilər . Onun qarşısını almaq məqsədilə Qayğı qəsəbəsi inşa olundu. Bu, 43 mənzilli bir qəsəbə idi. Mən də orada iştirak etdim. Sonra 1990-cı ilin yanvar faciəsində Bakıda oldum.Ondan sonra eşitdim ki, Xocalya şəhər statusu verilir və mən ora getdim. 1990-cı ilin yazından Xocalıya bağlandım. Və həmin dövrdə Xocalıda çox çətin bir durum var idi. Cammat 20 yanvar faciəsindən sonra ruhdan düşmüşdü. Əhval -ruhiyyə yox idi. 1990-cı ilin 28 may bayramını Xocalıda qeyd etdim. Özü də təntənəli şəkildə. Xocalıda Rusiyanın daxili qoşunlarının nümayəndələri vardı. Komendant saatı vardı. Bu vəziyyətdə o tədbiri ərsəyə gətirmək çox çətin idi. Sağolsun indiki millət vəkili Elman Məmmədov və digər dostlar. Köməklik göstərdilər və orada gözəl bir bayram tədbiri keçirdim. Həmin vaxt Azərbaycan müstəqil deyildi və orada 28 may bayramını qeyd etmək qeyri-mümkün idi. Mən onun üçün Azərbaycan KP MK-nın ikinci katibi Polyaniçko Viktor Petroviçlə görüşdüm. 

Tədbirin baş tutması üçün ondan icazə aldım. Biz Xocalı şəhərində cammatın gözü qabağında 100 rus əsgərinin stadionun mühafizə etməsinə şərait yaratdıq. Bunu niyə söyləyirəm? Xocalıda durum çətin olsa da, mən Xocalıya bağlanmışdım. 1991-ci ilin senytabr ayından Məzahir Süleymanzadənin baş redaktoru olduğu "Səhər" qəzetinin müxbiri kimi çalışırdım. Mənə böyük bir etimad göstərilmişdi. Xocalıda aparılan abadlıq işlərində iştirak edirdim və tez-tez qəzetə xəbərlər verirdim. Son zamanlar görürdüm ki, ermənilər öz aralarında danışırlar ki, biz Sumqayıt hadisələrinin ildönümünü Xocalıda qeyd edəcəyik. Mən də Bakıya göndərdiyim materiallarda bunları xüsusi qeyd edirdim. Həm "Aydınlıq" , həm "İki sahil", həm də "Səhər" qəzetində bu məlumatları yazırdım. Diqqətə çatdırırdım ki, emrənilər belə sözlər danışırlar və buna qarşı təbir görmək lazımdır.

- Tədbir görülürdümü?

Xeyr. Nəhayət ki, 1991-ci ilin noyabr ayından Xocalıya gediş - gəliş yolu bağlandı. Ermənilər beton dirəklərlə Pənah xanın vaxtında tikilər Əsgəran qalasını hördülər. Maşın yolları tamam bağlandı. Yeganə ümid hava nəqliyyatına qalmışdı. Bir dəfə 1992-ci ilin yanvar ayının 28-də Ağdamda tədbir oldu. Bununla vəziyyət çox gərginləşdi və vəziyyət çətinləşdi.

- Yolları açmaq üçün neynəmək lazım idi?

- Baxın, Ağdamda olan Xocalının 18 nümayəndəsini Bakıya gətirdim. Dedim ki, Xocalını verəcəklər. Söhbət 1992-ci il fevral ayının 9-da olub. Fevralın 11-də isə biz onları müxtəlif adamlarla görüşdürdük. Hətta Türkiyənin Azərbaycana təyin olunmuş ilk səfiri Altan Karamanoğlu ilə də görüşdürdük. Ondan xahiş etdik ki, bizim sözlərimizi Ayaz Mütəllibova çatdırın. Bilsin ki, vəziyyət gərgindir. Xocalı işğal oluna bilər. Onda Xocalının işğalına hələ 15 gün qalırdı. Biz bu mesajımızı verdik. Milli Məclisin deputatı rəhmətlik İsmayıl Şıxlı, Tofiq Bağırov və AXC sədri Əbülfəz Elçibəylə də görüşdük. Əsas məqsədimiz o idi ki, Xocalıda vəziyyətin ağır olduğunu cammata çatdıra çatdıra bilək. O vaxtki Prezidet Aparatından xəbər gəldi ki, Ayaz Mütəllibovun rəhbəliyi altında Təhlükəzlik Şurasının iclası olacaq. Və sizdən də bir nümayəndə orada iştirak edəcək. Əfsuslar olsun ki, belə olmadı. Onların iclası fevralın 12-də gecə saat 23:00-dan sonra baş tutdu. 

Bizim heç birimiz içəri buraxılmadıq. Soruşdum ki, niyə bizi buraxmırlar? Bildirdilər ki, A. Mütəllibov deyir ki, onlar iclasda qəbul olunan qərarları Ermənistana sızdıra bilərlər. Biz də razılaşdıq və gecə saat 4-ə işləmiş iclas başa çatdı. A. Mütəllibov qapıdan çıxandan sonra iclas iştirakçılarından soruşdum ki, nə fikirləşirlər? Mənə bildirildi ki, A.Mütəllibov deyib ki, onlar Ağdama qayıtsınlar. Maşın verəcəyik və Xocalı yolu açılacaq. Bəli ayın 13-də Allahyar müəllim və digər 17 nəfər Ağdama qayıtdılar . Mən Bakıda qalmışdım. Uşaqlardan yardım götürdüm ki, Xocalıya Ağdam Əsgəran yolu açılsa, ora gedəcəm. Amma fevralın 20, 21 və 22-i yollar açılmadı . Hər dəfə bir bəhanə gətirdilər. Ayın 23-də Uzundərədə Rusiyaya məxsus böyük bir hərbi baza vardı. Qəsdən o bazanı dağıtdılar ki, cammatın başı ona qarışsın. Çox böyük biyabırçılıq idi. Bununla da Xocalı işğal olundu.

-İşğal günü Xocalıda idinizmi?

-Xeyr, mən o zaman Xocalının içərisində deyildim. Ora girə bilməmişdim. Əsgəran kəndi yaxınlığındakı Şelli -"Qaraqaya" deyilən bir yerdə idik. Milli qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi taborda idim. Allahverdi Bağırovun rəhbərlik etdiyi taborda idim. Hərbi hissələri gəzirdim. Hər an da çalışırdıq ki, Xocalıya gedən yolu açaaq. Nəysə, Xocalı işğal olundu. Və biz cammatı xilas etməyə başladıq. Fevralın 25-dən 26-a gecən gecə səhər qədər oradan yaralıları xilas etmişik. Ayın 26-da Xocalıdan Ağadama 30-40 meyit gətirildi. Bəlkə də rəqəm çox idi. Yadımda qalmayıb. Gördüm ki, maştab böyqkdü. Saat 6-a qədər yaralı və meyitləri çıxardıq. 

Düşündüm ki, Bakı ilə əlaqə saxlayım və deyim ki, vəziyyət belədir. Bakıya "Səhər" qəzetinin redaksiyasına zəng vurdum. Qəzetin redaksiyası Azərbaycan Nəşriyyatında birinci mərtəbədə yerləşirdi. Telefonu baş redaktorun müavini Hidayət Elvüsal götürdü. Ağlaya-ağalaya ona dedim ki, məni qəzetin Məzahir müəllimlə calaşdırın. Cavab verdi ki, Məzahir müəllimin Türkiyədən qonaqları var, mən sizi eşidirəm. Söylədim ki, Hidayət müəllim Xocalı işğal olunub. Dedi, ay Şamil nə danışırsan, bəs, bizdə rəsmi xəbərlər var ki, cəmi iki nəfər ölüb, Xocalı bizdədir. Dedim, Hidayət müəllim mənə inanmırsınızmı? Ondan sonra qəzetin əməkdaşı Mehti Aliyevlə və Çingiz Ələsgərlə danışdım. Onları inandırdım ki, Xocalı işğal olunub. Və nəhayət bildirdilər ki, Şamil bizdə Azərtacın rəsmi məlumatı var. Qəzet artıq çapa gedir. biz o yazını çıxarıb, sənin yazını qoyuruq. Beləliklə yazını çapa veriblər. 

Ondan sonra AZTV- və Azərtac yazıb ki, Xocalıda cəmi iki nəfər ölüb. Bizim qəzet isə yazır ki, ilkin məlumata görə 100-ə yaxın insan həlak olub. Paytaxtda aləm bir- birinə dəyir. Ayın 28-də 300 dən çox qız-gəlini Azərbaycan Nəşriyyatının qabağına yığıb deyirlər ki, bu qəzet ermənilərə işləyir. Onlar Xocalı ilə bağlı yanlış məlumat verirlər. Buna görə də, üzr istəməlidirlər. Mənim də Bakıda gedən proseslərdən xəbərim yox idi. Onda Məzahir müəllim camatın qabağına çıxır və deyir ki, ay cammat bizm müxbirimiz hadisə yerindədir. İnanmıram ki, Şamil yanlış məlumat versin. Əgər məlumat yalan çıxarsa, mən onun əvəzinə üzr istəyəcəm. Əvvəlcə biz bu xəbəri dəqiqləşirməliyik. Sonra mənə zəng gəldi ki, ay Şamil şəkil çəkmisənmı? Dedim bəli var, çəkmişəm. Dedilər göndər. Bir gündən sonra onları göndərdim. Həmin fotolar əsasında Hidayət müəllim, "Azərbaycan qan içində boğulur" başlıqlı məqalə yazdı. Ondan hamı bildi ki, Xocalı işğal olunub. Eyni zamanda Seyidağa Mövsümlünün və rəhbəməlik Çingiz Mustafayevin fədakarlığı nəticəsində hamı Xocalının işğal olunduğunu bildi. O vaxt da demişəm və bu gün də deyirəm ki, Xocalıda 613 nəfər yox, ən azı 800 nəfər qətlə yetirilib. 155 nəfər itkindir. Onlardan indiyə ədər xəbər yoxdur. Eyni zamanda orada adı siyahıya düşməyən nə qədər qonaqlar olub. Ora qonaq kimi gəliblər və qırılıblar. Bizdə onlar haqqında məlumat yoxdur.

- O vaxtkı Azərbaycan rəhbərliyinin bundan məlumatı yox idimi?

- Həmişə deyirəm, inanmıram ki, Ayaz Mütəllibov kreslosunu tərk etmək istəsin. Bununla yanaşı mənə maraqlıdır ki, onun mətbuat katibi vardı. Səhv eləmirəmsə, Gürşad Zərbəliyev və Rasim Ağayev orada təmsil olunurdular. İnanmıram ki, onlar "Səhər" qəzetini oxumamış olsunlar. Necə olur ki, onlar bizım yazıları oxumayıblar? Təsəvvür edin ki, yanvarın 28-də Ağdamdan Şuşaya içərisində 43 nəfər heyət olan vertolyot ermənilər tərəfindən vuruldu. Bütün heyət həlak oldu. Onda "İki Sahil" qəzetində yazı yazmışdım. Bu qəzet məndə qalır. Yazmışdım ki, "O vaxta qədər belə bəlalar baş verəcək ki, bizi başsız başçılar idarə edir". Onda A. Mütəllibov prezident idi. Doğrudanmı Ayaz müəllimə çatdırmırdılar ki, qəzetlərdə sizin əlehinizə yazılar gedir? Bunu ən azından çatdırmaq lazım idi. Görün nə olub? Bu qədər yazıdan sonra qəzetimizi Ali Sovetin müzakirəsinə verirlər ki, guya "Səhər" qəzeti dezinformasiya yayır. Dəhşət burasındadır ki, bunlar arxayın oldular ki, Moskva buna imkan verməz. Amma Moskva da imkan verdi. Bizim o zaman yaxşı cəhətimiz o oldu ki, Xocalını insanlara çatdıra bildik. Məbuatda onu işıqlandırdı".

-Xocalı soyqırımının törədilməsində Rusiyanın rolu barədə nə deyə bilərsiniz?

- Mən vətənimi, torğağımı və millətimi sevən insanam. Azərbaycanda tolerantlığın tərəfdarıyam. İstəyirəm ki, xalqımızla yanaşı, xalqımızın adət ənənəsini bəyənən, sevən digər ölkə vətəndaşları da burada rahat yaşasınlar. Amma mən bunu deməliyəm ki, o zaman həqiqətən də Xocalı soyqırımı birbaşa Rusiyanın əli ilə törədildi. Bu məsələ birbaşa Boris Yeltsinin otağında müzakirə olunub. Yadımdadır. Rusiyanın müdafiə naziri vardı. Marşal Lukovnikov belə bir ifadə işlətmişdi və bu ifadə mətbuata da sızdı . Dedi ki, Şuşadan Xankəndinə tez-tez atəş yağdırılır, bunun qarşısı alınmasa, böyük tədbirlər görəcəyik". 366 -cı motoatıcı alay orada boş-boşuna saxlanılmırdı ki. Bəli, bunun başında birbaşa Rusiya dayandırdı. Biri var rus xalqı, biri də var rus və fars şovinistləri. Azərbaycanın bu günə qədər başına gətirilən faciələrdə rus və fars şovinistlərinin əli var. Bunu etiraf etmək lazımdır. Nədən qorxuram ki. Mən müstəqil Azərbaycanın vətəndaşıyam və bizim dövlətimizə dəstək göstərən ölkələrə rəğbət bəsləyirk. Mənim düşmənim Ermənistan və onu müdafiə edənlərdir. Yalnız Xocalının deyil, bütövlükdə Azərbaycan ərizlərinin işğalında Rusiyanın müstəsna rolu olub".

Ayyət Əhməd