Saatlıda 15 min ədəd meyvə ağacı əkiləcək






Son illər Saatlı rayonu ərazisində 400 minə yaxın müxtəlif növ həmişəyaşıl ağac və dekorativ gül kolları əkilib. Builki ağacəkmə kampaniyasında isə Saatlıda 15 min ədəd meyvə ağacı da əkiləcək. Bu məqsədlə rayonun 43 yaşayış məntəqəsində meyvə bağlarının salınması üçün torpaq sahəsi ayrılıb. Artıq Saatlı-Sarıcalar avtomobil yolunun kənarında və Sarıcalar kəndi ərazisində meyvə ağacları əkilib. Əkin zamanı yerli şəraitə uyğun olaraq alma, armud, nar, heyva kimi meyvə ağaclarına üstünlük verilib.

Rayon kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsini icra edən Ağa Əsədov AZƏRTAC-a bildirib ki, meyvə bağlarının salınması təşəbbüsü bütün regionlarda olduğu kimi, Saatlıda da müsbət qarşılanıb. Bir neçə gündür ki, rayonda meyvə tinglərinin əkinə başlanılıb. Əkin kampaniyası may ayınadək davam etdiriləcək.

Qeyd edək ki, hazırda rayonda 131 hektar meyvə bağı var.