Azad Məsiyev: Dünya siyasəti artıq gücün reallıqları ilə hesablaşır
Son 30 ildə regionumuzda baş verən hadisələr, xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğal beynəlxalq hüquq və siyasətin reallıqları haqqında mühüm dərslər verdi. Bu dövr ərzində həm Birləşmiş Millətlər Təşkilatı, həm də digər beynəlxalq qurumlar məsələyə diqqət yetirsə də, onun həllini icra etmədilər. Azərbaycan xalqı isə öz torpaqlarını müdafiə etmək və dövlət müstəqilliyini qorumaq məqsədilə birləşərək tarixi qərarlar verdi.
Dekabrın 24-də Ağdamda 2-ci yaşayış kompleksinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ATƏT-in Minsk Qrupunun yarıtmaz siyasətinə, BMT Təhlükəsizlik Şurasının məlum qərarlarının icra olunmamasına və Ermənistana heç bir sanksiya tətbiq edilməməsi məsələlərinə toxunub. O, eyni zamanda qeyd edib ki, oxşar hallarda kollektiv Qərb Rusiyaya, Serbiyaya və bir sıra digər ölkələrə sanksiyalar tətbiq edib, üstəlik hərbi gücdən də istifadə edib.
Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında bu proseslərin gedişatı və nəticələrindən danışıb:

"Ermənistan Silahlı Qüvvələri 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinə baxmayaraq, Ermənistan bu qərarları icra etmədi. Eyni zamanda, BMT qətnamələrinin icrası məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Lakin bu illər ərzində Minsk Qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi və BMT qətnamələrinin icrasını təmin etməyi bacarmadı. Nəticədə, Azərbaycan Prezidentinin siyasi iradəsi və apardığı daxili və xarici siyasət nəticəsində, 44 günlük Vətən Müharibəsində, “bir bayraq, bir yumruq” altında birləşən Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdi. İşğaldan sonra Azərbaycan həm de-facto, həm də de-yure olaraq regionda yeni siyasi situasiya yaratdı və Cənubi Qafqazda qlobal güclərin maraqlarını uzlaşdırdı. Təəssüf ki, dünya siyasəti beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimlənir. BMT artıq daha çox siyasi diskussiya klubuna çevrilib və onun qətnamələri bir çox hallarda icra olunmur. Eyni zamanda, Avropa İttifaqının bəzi qurumlarının Azərbaycana qarşı qərəzli yanaşmalarını da görürük. Dünya siyasətinin birbaşa güc faktoru üzərində qurulduğu açıqdır. Məsələn, ABŞ Təhlükəsizlik Şurasının razılığı olmadan bəzi dövlətlərə sanksiyalar tətbiq edir və təsirini göstərir".
Politoloq insan şüurunda təkamül prosesinin tam baş vermədiyini, güc faktorunun hələ də önəmli olduğunu vurğulayıb:
"Tarixdə insanlar məqsədlərinə çatmaq üçün ox, qılınc və yaydan istifadə edirdisə, bu gün bunu toplar, tanklar və raketlərlə edirlər. İnsan şüurunda isə təkamül prosesi tam baş verməyib, güc faktoru hələ də önəmlidir. Bu baxımdan, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan yeni siyasi reallıqlar yaradıb və dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün ordusunu gücləndirib. Prezident çıxışlarında dəfələrlə qeyd edir ki, Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl edir və münasibətləri beynəlxalq hüquq çərçivəsində qurur. Eyni zamanda, ölkəmizi müdafiə etmək və xarici təzyiqlərdən qorunmaq üçün ordumuzun gücləndirilməsinə davam edirik. Artıq dünyada gedən proseslər bir daha onu göstərir ki, güclüsənsə, haqlısan, güclüsənsə, səni etiraf edirlər. Təəssüf ki, beynəlxalq hüquq və təşkilatların qərarları ikinci plana keçib. Dünya siyasəti artıq gücün reallıqları ilə hesablaşır. Azərbaycan da öz dövlət siyasətini bu reallıqlara uyğun qurur".