Kasıb ailələrə “yaşıl işıq” yandırıldı

100 min şagird rahat şəkildə ali məktəblərə qəbul imtahanında iştirak edə biləcək


Azərbaycan prezidenti İlham Əliyev respublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə, ilk dəfə qəbul imtahanı verən abituriyentlər ödənişsiz şəkildə imtahanda iştirak edə biləcək.

Sözügedən sərəncamla bağlı fikirlərini "Şərq”lə bölüşən təhsil eksperti Kamran Əsədov bu addımın abituriyentlər üçün stimul rolu oynayacağını hesab edir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətində mühüm yer tutan istiqamətlərdən biri də gənclər siyasətidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda ölkə başçımızın rəhbərliyi ilə milli maraqlara uyğun şəkildə davam etdirilir. Bir tərəfdən ölkəmizin davamlı sosial iqtisadi tərəqqisi, digər tərəfdən müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti quruculuğu prosesləri Azərbaycan cəmiyyətinin ayrı-ayrı sahələrində yüksək peşəkarlıqla işləyə bilən kadr potensialının yetişdirilməsini tələb edir. Bununla bağlı təhsil sahəsində əsaslı dövlət proqramları həyata keçirilir və gənclərin bilik və bacarıqlarının inkişafına, özünütəsdiqinə geniş imkanlar yaradılır. Ölkədə bu istiqamətdə ardıcıl olaraq proqramlar həyata keçirilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və sair bu kimi sənədlər ölkənin ayrı-ayrı sahələrinin inkişaf təlabatına və meyillərinə uyğun yüksək hazırlıqlı kadr potensialının formalaşmasına əlverişli imkanlar yaradır. Azərbaycan Respublikasında vətəndaşların müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindəndir. İnsan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən faydalanması prosesində ən mühüm şərtlərdən biri olmaqla, ölkənin təhsil sisteminin başlıca vəzifəsidir”.

Təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində son illərdə ölkədə bir sıra mühüm addımlar atıldığını vurğulayan ekspertin sözlərinə görə, eyni zamanda normativ hüquqi baza təkmilləşdirilib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib: "Azərbaycan Respublikasının mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, təhsilin iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin edib”.

Sözügedən sərəncamdan sonra 100 min şagirdin rahat şəkildə ali məktəblərə qəbul imtahanlarında iştirak edəcəyini qeyd edən K.Əsədovun sözlərinə görə, müəyyən qədər ailələr var ki, məhz maddi səbəblərdən bu imkandan istifadə edə bilmirdi. O həmçinin bu addımın ali məktəbə qəbul zamanı rəqabət qabiliyyətini artıracağını da istisna etmir: "Hər il qəbul imtahanlarında iştirak edən 100 mindən çox abituriyentin hər biri azı 5 manata yaxın məbləğ ödəyirdi. Bu məsələnin dövlət büdcəsinin vəsaiti hesabına həll olunması gənclərə böyük stimul verəcək. Dünya təcrübəsində heç bir vaxt qəbul imtahanlarının iddiaçı tərəfindən pul ödənilmədən keçirilməsi təcrübəsi yoxdur.

Pulsuz istifadə etmək hüququ ancaq imtahanlarda ilk dəfə iştirak edənlər üçündür. Onlar təkrar imtahanda iştirak edən zaman pul ödəyəcəklər. Əvvəlki illərdə məzun olmuş və təkrar olaraq imtahanda iştirak edən 30 min şəxs bu vəsaiti ödəməli olacaq” .

Tarif Şurasının müəyyən edəcəyi məbləğə gəldikdə isə əvvəlki illərdə olan təcrübəyə əsaslanan təhsil eksperti hesab edir ki, imtahan qiyməti 7 manatdan çox olmayacaq. Çünki imtahana çəkilən xərclər smetası bundan çox deyil.

Şəymən