Qara xəbərlər hər yerdə kasıb ailələri tapır
Sumqayıt yolunda 6 tələbənin həyatını itirməsinə səbəb olan dəhşətli qəzanın səbəbləri hələ tam aydınlaşmadığı, günahkarlar cəzasını almadığı bir vaxtda daha iki tələbə bədbəxt hadisənin qurbanı oldu.
Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 nəfər dəm qazından zəhərlənərək ölüb. Onlardan ikisi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin 2 kurs tələbələri -1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı və 2000-ci il təvəllüdlü Xalıyeva Turanə Vahid qızı, digər 3 nəfər isə onlarla birlikdə mənzildə olanlar - Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır. Turanə və Lamiyə Xalıyevalar həm də bacıdırlar.
Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsindən bildirilib ki, Xırdalan şəhərində kirayə evdə qalan 5 nəfər dəm qazından zəhərlənərək ölüb. Abşeron Rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub. Abşeron Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, faciəli hadisə barədə onlara çağırış daxil olub, lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları meyitləri evdən çıxarıb morqa aparıb.
APA-nın məlumatına görə, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva açıqlamasında hadisədən dərin hüzn duyduqlarını bildirib:
"Mənə xəbər verilən kimi hadisə yerinə gəldim. Deyilənə görə, hadisə dəm qazı nəticəsində baş verib. İki tələbəmizin ölümü böyük faciədir”, - deyə o vurğulayıb.
Hadisə ilə bağlı istintaq aparılır.
Yersiz-yurdsuz tələbələr...
2 tələbənin dəm qazından zəhərlənərək ölməsi tələbə yataqxanaları problemini gündəmə gətirir. İllərdir ki, tələbə yataqxanaları problemi həllini tapmır. Məlumdur ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən didərgin düşmüş həmvətənlərimizin böyük bir hissəsi tələbə yataqxanalarında müvəqqəti məskunlaşdı. Bununla da tələbələr onlara aid olan binalardan perik düşdülər. Fərdi mənzillərdə kirayədə qalan tələbələrin sayı artmağa başladı. Halbuki tələbə yataqxanaları aidiyyəti üzrə fəaliyyət göstərdiyi zamanlarda yalnız bir qisim tələbələr, xüsusən də imkanlı, varlı ailələrin övladları fərdi mənzil kirayələrdi. Kütləvi şəkildə isə tələbələr yataqxanalarda qalardı. Lakin yataqxanaların birbaşa funksiyasını itirməsi ilə tələbələr məcburiyyət qarşısında mənzil kirayələməli oldular. Başqa seçimləri yoxdu. Burada da imkanlı-imkansız təbəqələşməsi yarandı. Maddi cəhətdən imkanlılar yaxşı təmir olunmuş, hündürmərtəbəli binalarda, imkansızlarsa Yasamalın, "Sovetski”nin, Alatavanın dar döngələri kimi darısqal otaqlara sığındılar. Həm də bir nəfər yox, bir neçə nəfər bir otaq tutdu ki, kirayə haqqı bir neçə nəfər arasında bölünsün. Ödəmək asan olsun.
Yəni, 2 tələbə qızın və onlarla birgə mənzildə məskunlaşmış qohumlarının ölümünün bir səbəbi yataqxanaların olmaması, tələbələrin də ən pis şərtlərlə fərdi mənzillərdə qalmağa məcburiyyət qarşısında razılaşmalarıdır.
Nazir 2012-ci ilə söz vermişdi...
Nəzərə alsaq ki, son illər Azərbaycan iqtisadi uğurlar əldə edib, tələbə yataqxanalarını əzəli sahiblərinə qaytarmaq imkanı yaranıb artıq. Tələbənin də sosial durumu nəzərə alınmalıdır. Kasıb, imkansız ailələr bəzən məhz kirayə pulunu ödəmək gücündə olmadığından övladlarının ali təhsil almaq arzusunu gerçəkləşdirə bilmirlər. "Şəhərə gedib harada qalacaqsan” sualı gənclərin qarşısında dilemma kimi dayanır. Yataqxanaların təyinatları üzrə fəaliyyətlərinin bərpası hətta Milli Məclisdə də dəfələrlə müzakirə predmeti olub. Və millət vəkilləri tələbələrin sosial durumunun yaxşılaşmasını zəruri hesab ediblər.
Amma nədənsə məsələnin həlli uzanır. Bəhanələr ortaya qoyulur; vəsait olmalıdır, yataqxana tikintisi üçün ərazi ayrılmalı, təşkilati tədbirlər görülməlidir və s...
Xatırladaq ki, Milli Məclisin iclaslarından birində maliyyə naziri Samir Şərifov "Əminliklə deyə bilərəm ki, 2012-ci ildə ilk yataqxanalar və ya yataqxana kompleksi istifadəyə veriləcək”, söyləmişdi. 5 il keçir artıq...
Köçkünlər köçdü,tələbələr niyə qayıtmadı?
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, birbaşa göstərişləri və tapşırıqları əsasında məcburi köçkünlər üçün şəhərciklərin salınması, yeni binaların tikintisi son illərdə xeyli sürətləndi. Paytaxtda çoxdan istismar müddətini başa vurmuş uçuq-sökük yataqxanalarda məskunlaşmış məcburi köçkün ailələri yeni mənzillərlə təmin edildi. Proses bu gün də davam edir. Amma nədənsə tələbələrin "doğma yataqxanalarına” qayıdışı prosesi irəli getmir ki, getmir.
Nümunə üçün deyə bilərik ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yataqxanasında məskunlaşmış köçkünlər köçürülüb. Bakı Dövlət Universitetinin tələbə yataqxanaları da məcburi köçkün sakinlərini artıq yola salıb. Bir neçə yataqxana hətta sökülüb də. Və yerində yenisinin tikiləcəyi günü gözləyir. Həmçinin "Neft Akademiyası”nın yataqxanalarında məskunlaşmış məcburi köçkünlər də köçürüldü. Tələbələr üçün yataqxanalarsa hələ də yoxdur.
Problemlə bağlı Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxladıq. P.İbrahimova bildirdi ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti məskunlaşmış 758 məcburi köçkün ailəsi Bakının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki yeni mənzillərə köçürülüb. BDU-nun köhnə yataqxanaları sökülüb, onların yerində yenilərinin tikiləcəyi gözlənilir.
Qeyd edək ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov da bir müddət öncə bu ali təhsil müəssisəsinin 100 illik yubileyi ərəfəsində yataqxana kompleksinin istifadəyə veriləcəyini bildirib.
BDU rektorunun sözlərinə görə, bununla da Azərbaycanda ilk tələbə şəhərciyi salınmış olacaq və yataqxanalarda təxminən 6-7 min tələbəni yerləşdirəcək. Doktorantlar, magistrlər üçün ayrı, bakalavrlar üçün isə ayrı yer nəzərdə tutulub. Şəhərcikdə idman kompleksi, iaşə obyektləri, yeraltı avtomobil dayanacaqları və s. də nəzərdə tutulur. Bu çox müasir bir layihə olacaq.
Bərbad mənzillər...
Hələliksə, imkanlılar hətta aylıq kirayə haqqı 500 manat olan müasir mənzillərdə, az imkanlılar "Elmlər Akademiyası”, "20 Yanvar” yaxınlığındakı 200-250 manatlıq mənzillərdə, kasıb tələbələrsə Yasamalın, "Sovetski”nin siçovullu məhəllələrində 100-150 manatlıq daxmalarında qalmaqdadır. Və bəzən belə kirayə mənzillərdə heç bir təhlükəsizlik qaydasına əməl olunmur. Kirayə mənzil elanlarında "super təmir, daimi işığı, qazı var” sözləri yazılsa da, çox vaxt bunlar aldadıcı olur. Mənzili kirayə verənlər nə mavi yanacağın, nə də elektrik enerjisinin təhlükəsizliyini təmin etmirlər. Əksər mənzillərdə kustar üsulla hazırlanmış, standartlara cavab verməyən qaz plitələri, köhnə elektrik naqilləri olur. Bunlar da hər cür fəlakətin yaşanmasına gətirib çıxarır. Kirayə verən kirayənişinə mənzildə olan qaz, su, elektrik cihazları barədə ətraflı məlumat verməli, mənzilin özünü də tam təhlükəsiz halda təhvil verməlidir.
Bir də ki, nə fərqi var; lap ən əla şəraitli mənzil olsun. Tələbə üçün yataqxana olmalıdır. Türkiyədəki tələbə yurdları kimi. Yataqxana həm sərfəli və təhlükəsizdir, həm də tələbələrin ictimailəşməsində böyük əhəmiyyət daşıyır. Gözü yolda qalan tələbə - yataqxana arzun tezliklə çin olsun!..
Məlahət Rzayeva