“Təəssüf ki, Avropa ölkələri islamı terrorla eyniləşdirirlər”

“İslamafobiyaya qarşı mübarizədə islam ölkələrinin ideoloji cəbhədə mübarizələrini gücləndirməsi uğurlu bir addım olar”


"İslam ölkələri islamafobiyaya qarşı mübarizədə ideoloji cəbhədə mübarizələrini gücləndirməlidir”. 

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, islamafobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: "Çox təəssüf ki, bəziləri islam haqqında müxtəlif mənfi rəylər formalaşdıraraq, guya onun dünya üçün təhlükəli olduğunu bildirirək terrorla eyniləşdirirlər”. 

Bu gün dünyada islam həmrəyliyinin olmasını olduqca vacib sayan komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2017-ci ilin "İslam həmrəyliyi” elan edilməsi dünyaya bir mesajdır: 
"Bu gün dünyada dini zəmində münaqişələr gedir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələrinin ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcud olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir”.

Komitə sədrinin sözlərinə görə, bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir. 

M.Qurbanlı deyib ki, Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır.

Mübariz Quliyevin fikirlərinin təqdirəlayiq olduğunu vurğulayan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev hesab edir ki, biz islamı olduğu kimi çatdıra bilmədiyimiz üçün Avropa ölkələri islamı özlərinin dərk elədiyi səviyyədə qəbul edirlər və islamı terrorla eyniləşdirirlər: 

"Hesab edirəm ki, islamafobiyaya qarşı mübarizədə islam ölkələrinin ideoloji cəbhədə mübarizələrini gücləndirməsi uğurlu bir addım olar. Bunun üçün isə İslam Əməkdaşlıq Təşkilatı kifayət qədər uğurlu bir təşkilatdır. Bu birliyə üzv olan ölkələr tez-tez toplanır və müvafiq müzakirələr aparırlar. Hesab edirəm ki, həmin ölkələrin islamafobiyaya qarşı vahid mövqedə dayanması öz effektini verə bilər. Dünya dövlətlərinin hər dördündən biri İƏT-in üzvüdür. Bu isə yetərincə güc deməkdir”.

C.Nuriyevin sözlərinə görə, islamafobiyaya qarşı mübarizədə Kütləvi İnformasiya Vasitələrinin apardığı təbliğatla yanaşı, elmi-praktiki konfransların sayını artırmaq lazımdır: 

"Fikir verirsinizsə, başqa dinin təmsilçiləri kütləvi qırğın edəndə, adam öldürəndə psixoloji problemli xəstə, dəli kimi təqdim edirlər. Amma hansısa bir müsəlman 2 nəfəri öldürəndə onun bu addımını islama bağlayırlar. Halbuki terrorun ilk yaradıcısı elə xristianlar olub”.

Şəymən