Hüsnü Mübarək 6 illik həbsdən sonra evinə qayıdıb

O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib



Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirənin Maadi rayonunda yerləşən hərbi hospitaldan çıxaraq, 6 illik həbsdən sonra evinə qayıdıb.
APA-nın xəbərinə görə, bu barədə "Əl-Məsri əl-Yaum” nəşrinə eks-prezidentin vəkili Fərid əd-Dib məlumat verib.
Qeyd edək ki, bu il martın əvvəllərində Qahirənin kassasiya məhkəməsi 2011-ci ilin yanvarında baş vermiş iğtişaşlarda nümayişçilərin ölümü ilə bağlı cinayət işi üzrə eks-prezident barəsində bəraət qərarı çıxarıb. Bunun ardınca Baş Prokurorluq H. Mübarəkin həbsdən azad edilməsinə razılıq verib.
88 yaşlı eks-prezident səhhətindəki problemlərlə əlaqədar hərbi hospitalda müalicə olunurdu.
H. Mübarəki evində ailə üzvləri və vəkili qarşılayıb.
"O, ailə üzvləri və dostları ilə bilikdə ənənəvi Misir yeməkləri ilə səhər yeməyi yeyib”, - deyə əd-Dib bildirib.

H. Mübarək 2011-ci ilin yazında həbs olunub. 2012-ci ildə - "Müsəlman qardaşları” təşkilatının nümayəndəsi Məhəmməd Mursi hakimiyyətdə olarkən məhkəmə onun barəsində ömürlük həbs hökmü verib.
Lakin 2014-cü ildə hərbçilər M. Mursini devirərək, hakimiyyətə gəldikdən sonra H. Mübarək bəraət alıb.
Məhkəmə 2016-cı ildə H. Mübarək və oğlanlarını yalnız korrupsiya cinayətlərində təqsirli bilib, eks-prezident barəsində bir iş üzrə 3 illik həbs cəzası çıxarılıb. H. Mübarək bu həbs müddətini çəkdiyi üçün azadlığa buraxılıb.