Fəzail İbrahimli: “Təbliğatın ən böyük və təsirli forması Qubadakı açıq soyqırım məzarlığıdır”
“Allah onların ahını götürmədi”
“Torpaq öz-özünə ayrıldı və kütləvi məzarlıq üzə çıxdı”
Fəzail İbrahimli: “Təbliğatın ən böyük və təsirli forması Qubadakı açıq soyqırım məzarlığıdır”
Fəzail İbrahimli: “Təbliğatın ən böyük və təsirli forması Qubadakı açıq soyqırım məzarlığıdır”
1918-ci ilin mart ayının son üç günündə erməni caniləri Bakıda on minlərlə dinc sakini xüsusi amansızlıqla qətlə yetiriblər. Tədqiqatçı Kulqe mart qırğınları barədə yazırdı ki, "ermənilər əhalini işgəncələrlə öldürür, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vuraraq sakinlər qarışıq yandırırdılar. Həmçinin, qadınları soyundurur, saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.
Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən əhalinin şəkillərini də çəkib. Bütün bu faktlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin sadəcə kiçik bir hissəsidir. Bakı ilə yanaşı, digər şəhərlərdə də qətliamlar həyata keçirilib. Qaniçən Lalayanın quldur dəstələri Şamaxı əhalisinə divan tutublar. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılıb. Təxminən 8 minə yaxın insan öldürülüb ki, onların da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının əhalisi 1921-ci ildə təxminən 1700 nəfərə enib. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərib. Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə, Bakı Soveti tərəfindən 60 maşın dolusu silah və 2000 erməni əsgəri Şamaxıya göndərilib.
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edib. Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirirdi ki, ona Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilib. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırıb. Yerli sakinlər isə min bir əzabla qətlə yetirilib. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu” düzəldiblər. Xaçmaz, Lənkəran və digər bölgələrdə soyqırım törədilib. Həmin qətliamlar xalqımızın milli iradəsinə və azadlıq ideallarına qarşı idi. Qanlı soyqırım faktı uzun illər üstü bağlı saxlanılsa da, müstəqillik dövründə erməni vəhşiliyi ifşa edilib və qətliamlar dünya ictimaiyyətinə çatdırılıb. Bəs hazırda erməni saxtakarlığının baş alıb getdiyi bir vaxtda bu tarixi faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində hansı işlər görülür? Ümumiyyətlə bu sahədə daha hansısa tədbirlərə ehtiyac varmı?
Millət vəkili, tarixçi-alim Fəzail İbrahimli "Şərq”ə açıqlamasında bildirib ki, nə qədər həyat varsa və məkirli ermənilərlə qonşuyuqsa, soyqırımla bağlı müzakirələr, tədbirlər də gündən-günə güclənməlidir:
"Düşmənlərimiz tarixi faktlara yox, fərziyələrə, illuziyalara söykənərək özlərini "genosidə” məruz qalmış xalq kimi təqdim etməyə çalışırlar. Əslində hamıya yaxşı məlumdur ki, həqiqi soyqırımı ermənilər özləri törədib. İstər əsrin əvvəllərində baş vermiş 31 mart soyqırımı, istərsə də sonunda yaşanmış Xocalı qətliamının "müəllifi” məhz qaniçən ermənilərdir. Amma onlar dünyada nəinki genosid törətmiş xalq kimi tanınır, əksinə, Avropa ölkələrində "soyqırıma” məruz qalmış "yazıq millət” kimi bilinirlər. Bizə qarşı törədilmiş soyqırımı dünyaya sübut etmədiyimiz müddətcə, bu vəzifə nəsildən-nəsilə ötürülməlidir. Gələcək nəsillər bu missiyanı yerinə yetirməlidir. Hazırda Azərbaycan dövləti üzərinə düşəni etməkdədir”.
Tarixçi-deputatın fikrincə, təbliğatın ən böyük və təsirli forması Qubadakı açıq soyqırım məzarlığıdır:
"Allah orada dəhşətli şəkildə qətlə yetirilənlərin ahını götürmədi. Ölənlərin ruhu imkan vermədi ki, onların parçalanmış sümükləri torpaq altında unudulsun. Qubada torpaq öz-özünə ayrıldı və kütləvi məzarlıq üzə çıxdı. Artıq bütün dünya həmin məzarlığa soyqırım muzeyi kimi baxır və ziyarət edir. Dünyanın istənilən ölkəsindən Azərbaycana gələn qonaqlar, turistlər münasib zamanda Qubadakı soyqırım məzarlığına aparılmalıdır. Bu, ən böyük təbliğatdır. Bilirsiz, soyqırım haqqında yüzlərlə kitab yazılır, film çəkilir, araşdırma aparılır, həmçinin xarici ölkələrin parlamentləri qərarlar qəbul edirlər. Amma bunların hamısı nəzəri əsaslar müstəvisində edilir. Gözlə əyani görülən fakt daha təsirlidir. Deyirlər "göz görür, könül bulanır”. Quba məzarlığını görənlərin reaksiyaları bizə məlumdur. Əlbəttə, bundan başqa təbliğat istiqamətində kifayət qədər addımlar atılır və bundan sonra da atılacaq. Çünki soyqırımı bitmiş hadisə kimi qələmə vermək olmaz. Dünya tam mənası ilə bizə qarşı törədilmiş soyqırımı qəbul etmədiyi müddətcə təbliğat işində ara verməli deyilik”.
Millət vəkili, tarixçi-alim Musa Qasımlı da xatırladıb ki, Azərbaycan xalqına qarşı 1918-ci il 31 mart tarixində törədilən soyqırıma dair ölkəmizdə çoxlu tədqiqat işləri aparılıb:
"Bu haqda çoxlu monoqrafiyalar yazılıb, sənədli mənbələr hazırlanıb və filmlər çəkilib. Orta məktəb dərsliklərində mart soyqırımına dair ayrıca paraqraf var. Həmin gün və o ərəfədə Azərbaycan mətbuatı və ümumiyyətlə kütləvi informasiya vasitələri bu hadisəyə xüsusi diqqət yetirir. Bundan əlavə, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlarla əlaqədar olaraq həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətlərini qeyd etmək yerinə düşər. Tariximizdə ilk dəfə olaraq bu günün soyqırım günü kimi tanıdılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun imzaladığı sərəncamdan sonra bu gün soyqırım günü kimi qeyd olunur. Qeyd etdiyim kimi, bu sahədə bu günə kimi xeyli işlər görülüb. Ancaq hesab edirəm ki, görülən işlərlə kifayətlənmək olmaz. Diaspora təşkilatlarımız, xaricdə yaşayan azərbaycanlılar, KİV-lər millətimizə qarşı törədilən soyqırıma dair həqiqətləri dünyaya daha çox çatdırmalıdırlar”.
İsmayıl