ABŞ yenidən GUAM-a güclü dəstək verəcək

Çünki Qərb gözəl anlayır ki, postsovet ölkələrini Rusiyadan uzaqlaşdırmağın ən yaxşı formulası budur


Martın 27-də Ukraynanın paytaxtı Kiyev şəhərində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar quruma üzv ölkələrin hökumət başçılarının sammiti keçirilib.

Sammitdə GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti və gələcək strategiyası geniş müzakirə olunub. 

Zirvə toplantısında eyni zamanda GUAM-ın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması məsələləri geniş müzakirə edilib. GUAM-a üzv ölkələrin hökumət başçıları arasında Azad Ticarət Zonasının yaradılması, üzv ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər imzalanıb. Qeyd edək ki, son vaxtlar GUAM-ın passivləşməsi və tədricən öz əhəmiyyətini itirməsi ilə bağlı fikirlər vardı. Bəzi rusiyalı ekspertlər hətta bir qədər irəli gedərək GUAM-ın faktiki səhnədən silindiyi yönündə mülahizələr belə irəli sürürdülər. Bəs bütün bunların fonunda GUAM-ın perspektiviylə bağlı səslənən pessimist proqnozlar nə dərəcədə əsaslıdır?

GUAM-ın Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılan regional qurum olduğunu vurğulayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin sözlərinə görə, bu qurum Rusiyaya qarşı olan bir neçə dövlətlərin birliyi idi. 

GUAM həm iqtisadi, həm də təhlükəsizlik baxımından postsovet məkanında ona üzv olan ölkələr üçün çox böyük əhəmiyyətə malik idi. Ancaq təəssüflər olsun ki, Amerikanın keçmiş prezidenti Obamanın dövründə GUAM-a ABŞ səviyyəsində dəstək azaldı və quruma üzv olan ölkələrin fəaliyyətində bir qədər zəiflik yaratdı”.

N.Mirinin sözlərinə görə, baş tutan sammit fonunda Amerikanın yeni hakimiyyətinin GUAM-a qarşı diqqət yönəldəcəyini və təşkilatın fəallaşmasında maraqlı olmasını ehtimal etmək olar: 

"Bu o baxımdan inandırıcıdır ki, postsovet məkanında ABŞ-ın strateji maraqlarına uyğun gələn dövlətlərin hər biri GUAM üzvüdür. Çünki Vaşinqton yaxşı başa düşür ki, bölgədə strateji və enerji maraqlarını qorumaq, eyni zamanda Rusiyanın hədsiz ambisiyalarının qarşısını almaq, postsovet məkanındakı dövlətlərin MDB-dən uzaqlaşdırılması üçün ən yaxşı və uğurlu forma GUAM-dır. Ancaq bu təşkilatın fəallaşması ABŞ-dan əlavə region ölkələrinin özlərinin də maraqları çərçivəsində baş tutmalıdır.
Faktiki olaraq Rusiya bu gün də regionda aqressiv siyasət yeritməkdə davam edir. Ukraynanın bir hissəsi işğal altında hesab olunur, Krım ilhaq olunub. Dombasdakı prosesləri Rusiya qıcıqlandırır. Moldovada hakimiyyətə gələn şəxsdə rusyönümlü mövqeyi ilə tanınır. Bütün bunlar isə onu deməyə əsas verir ki, rəsmi Moskva postsovet məkanında öz təsir imkanlarını getdikcə gücləndirir. Şübhəsiz ki, ayrı-ayrılıqda MDB ölkələrinin heç biri Rusiyaya qarşı dirəniş göstərmək iqtidarında deyillər. Yəni "tək əldən səs çıxmaz”. Ancaq zaman-zaman Rusiyanın təzyiqlərinə məruz qalan ölkələr birləşsələr, həm iqtisadi cəhətdən Rusiyanın sanksiyalarından özlərini sığortalaya bilər, həm də birgə hərbi-siyasi əməkdaşlıqla Rusiyanın güc göstərisindən özlərini sığortalaya bilərlər”.

GUAM-ın fəallaşmasının ABŞ-la paralel olaraq qərb dünyasının də maraqları çərçivəsində olduğunu vurğulayan N.Mirinin sözlərinə görə, hazırkı mərhələdə Avropa Birliyinin başı daha çox özlərinə qarışıb. ABŞ-ın isə xarici siyasəti ilə bağlı prioritetləri tam aydınlaşmayıb:

"Ancaq bütün bu qarışıqlıqlar öz yerini tapandan sonra GUAM-a bütün mənalarda güclü dəstək veriləcək. Bir sözlə, perspektiv baxımından bu təşkilat kifayət qədər uğurlu bir təşkilatdır. Bu qurumun inkişafı bütün region ölkələri üçün mühüm faktordur. Bu baxımdan GUAM-ı "ölmüş” bir regional təşkilat olaraq yox, perspektivli bir qurum kimi görürəm. GUAM-ın fəaliyyəti nisbətən zəifləmiş olsa belə onun fəaliyyətinin yaxın vaxtlarda canlanacağını söyləmək mümkündür. Xüsusən də, Azad Ticarət Zonası yaradılacağı halda bu qurum Avrasiya İttifaqına alternativ olaraq düşünülə bilər”.

Şəymən