Navalnı Nemtsov kimi sərt deyil

Rusiyada etirazların hədəfi dövlət başçısı Putin yox, hökumət başçısı Medvedyevdir


Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə iri şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilir. Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. Polis aksiyaya sərt reaksiya verib və 1500 adam saxlanılıb, eyni zamanda aksiyanın arxasındakı şəxs kimi qələmə verilən müxalif lider Aleksandr Navalnı da Moskvada antikorrupsiya əleyhinə keçirilən etiraz aksiyasında saxlanılıb.

Ehtimallar var ki, Navalnı da bir müddət əvvəl öldürülən Rusiya müxalifətinin tanınmış liderlərindən olan Boris Nemtsov kimi da sui-qəsdə məruz qala bilər.
Görəsən, deyilənlər nə dərəcədə real ola bilər? Rusiya hökuməti müxalifət liderlərinə qarşı öldürücü zərbə vurar?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, kriminalist-ekspert İlqar Altay Rusiyada hökumətlə narazı elektorat arasındakı gərginliyin artıq yetişdiyini deyib: 

"Düzdür, ölkənin bir neçə iri şəhərlərində müxalifət etirazlara başlayıb. Amma aksiyalar elə bir həddə catmayıb ki, müxalifətin kəskin itaətsizliyi və hökumətin də sərt addımları səviyyəsində olsun. Oradakı etirazların hədəfi dövlət başçısı Putin yox, hökumət başçısı Medvedyevdir. Yəni gərginliyə səbəb siyasi hədəflər deyil, korrupsiyadır. Konkret olaraq söhbət hakimiyyətin tamam yox, hissəvi dəyişikliyindən gedir. Ona görə də hansısa kəskin proseslərin olması gözlənilən deyil. Hesab edirəm ki, indiki situasiyada qarşılıqlı anlaşma əldə oluna bilər”.

Navalnının hakimiyyətə, xüsusən də Putinə qarşı Nemtsov kimi sərt və kobud mövqedə olmadığını vurğulayan İ.Altayın sözlərinə görə, o, öz işini və fəaliyyətini daha çox beynəlxalq aləmlə aparır. Həm də kifayət qədər tədbirli və ehtiyatlı şəkildə: 

"Həm bu faktora görə, həm də Nemtsova edilən sui-qəsddən sonra Navalnının da sui- qəsdə məruz qalmasını Putin hakimiyyəti heç bir çeçen və ya digər bir faktorla izah edə bilməyəcək və bu ölüm bütün dünya qarşısında biabırçı hal kimi Rusiya hakimiyyətinin boynunda qalacaq. Zənnimcə, Rusiya hakimiyyəti belə bir riskə getməməlidir”.

Şəymən