Plan yerləri boş qalır
Rəqabət mühiti olmasa, təhsilimiz inkişaf etməyəcək
Azərbaycanda 2017-2018-ci tədris ili üçün magistratura və rezidenturayaya sənəd verənlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına və rezidenturaya sənəd qəbulu martın 10-dan başlayıb və martın 17-də bitməli idi. Elektron ərizə qəbulu vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alındığından, ərizələrin təsdiq edilməsi üçün müddət 28 mart saat 23:59-dək uzadılıb.
Həmin müddətdə magistraturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizələrini təsdiq etdirən bakalavrların sayı 13073 nəfər olub. Onların 11809 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə sənəd verib.
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizələrini təsdiq etdirən namizədlərin sayı 1075 nəfər olub. Onların 923 nəfəri Azərbaycan, 152 nəfəri rus bölməsi üzrə sənəd verib.
Qeyd edək ki, magistraturaya qəbulun birinci mərhələsi aprelin 9-da keçiriləcək. İmtahanın ikinci mərhələsi isə iyunun 4-də keçiriləcək.
Rezidenturaya qəbulun I mərhələsi üzrə imtahan aprelin 9-da, 2-ci mərhələsi üzrə iyulun 7-də keçiriləcək.
Görəsən, ekspertlər necə düşünür?
Magistr pilləsinə qəbul üçün imtahanların qiyməti bu il sənəd qəbuluna təsir edibmi?
Təhsil eksperti Kamran Əsədovun "Şərq”ə xatırlatmasına görə, 2016-cı ildə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 10-dan 19-dək aparılıb. İmtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim edib. 2015-ci ildə isə magistr pilləsinə ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək aparılıb. İmtahanda iştirak etmək üçün 23230 bakalavr ərizə təqdim edib:
"Qeyd etdiyim kimi, 2016/2017-ci tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 24110 bakalavr qeydiyyatdan keçib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən, 5184 bakalavr respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Lakin qəbul olanlardan 730 nəfəri (14 faiz) müəyyən olunmuş vaxtda ali məktəblərdə qeydiyyatdan keçməyib. Boş qalan plan yerlərinə aparılan müsabiqədə isə əlavə olaraq 305 nəfər magistratura səviyyəsinə qəbul olub. Ümumilikdə qəbul planı 64.78 faiz dolub. Plan yerlərindən 2593-ü (35.22 faiz) isə boş qalıb.
2015-ci ildə isə ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77 faiz dolub.
Bu il magistr pilləsinə qəbul plan yerlərinin artdığını və 8 minə çatdığını nəzərə alsaq, bu il ciddi şəkildə plan yerinin boş qalacağı qaçılmazdır”.
TQDK-nın ləğv olunub publik hüquqi şəxs olan DİM-ə çevrildikdən sonra keçirilən magistr və rezidenturaya qəbul imtahanlarından əldə etdiyi gəlirlərə toxunan K.Əsədov deyib ki, hələ imtahanın birinci mərhələsi üçün sənəd qəbulu həyata keçirilir:
"Magistr pilləsinə qəbul olmaq üçün birinci mərhələdən qeydiyyatdan keçən bakalavrların sayı 13073-dür. Hər bir bakalavr imtahanın birinci mərhələsində iştirak etmək üçün 50 manat ödəyib. Deməli, magistr imtahanının birinci mərhələsindən DİM 653650 manat gəlir əldə edib. Rezidenturaya qəbul olmaq istəyənlərin sayı isə 1075-dir. Rezidenturaya qəbul olmaq istəyənlərin isə hər biri birinci mərhələdə iştirak etmək üçün 60 manat ödəyib. Məlum olur ki, rezidenturaya imtahanın birinci mərhələsindən DİM 64500 manat gəlir əldə edib. Bu rəqəmləri hesablasaq, aydın olar ki, DİM magistr və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsindən 718150 manat gəlir əldə edib”.
Təhsil ekspertinin sözlərinə görə, imtahan qiymətlərinin artırılması sənəd verən tələbələrin sayına təsir etsə də, təhsilin keyfiyyətinə bir o qədər də təsir göstərməyəcək. Çünki qəbul imtahanları sadəcə olaraq seçim üsuludur. Onun necə keçirilməsi təhsilin keyfiyyətinə o qədər də ciddi təsir göstərə bilməz:
"Magistr pilləsinə riyazi məntiq, proqramist səviyyəsində informatika və akademik səviyyədə xarici dildən aparılan imtahanlar təhsilin keyfiyyətinə heç bir müsbət təsir göstərə bilməz. Təhsilin keyfiyyətinə təsir edən əsas məsələ rəqabət mühitinin olmasıdır. Amma imtahanda iştirak edənlərin sayının azalması rəqabət mühitini aşağı salır. Bundan başqa kifayət qədər savadlı, perspektivli gənclər maddi imkanları zəif olduğuna görə bu prosesdən kənarda qalacaq. Keyfiyyətin artırılması ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi ilə həyata keçirilə bilər. Riyazi məntiqdən yaxşı bal toplamaqla, informatikanı əzbərləməklə və xarici dildə qaydaları əzbərləməklə imtahanda nəticənin yüksəldilməsi təhsilin inkişafına təsir edə bilməz. Kiminsə yüksək bal toplaması onun yüksək hazırlıqlı kadr olması demək deyil”.
Şəymən