31 mart soyqırımı ilə bağlı yeni sənədlər – Tarixi fakt (FOTOLAR)

"1919-cu il martın 31-i Azərbaycan Cümhuriyyəti ərazisində milli matəm elan olundu”.
Bu fikri Sherg.az-a araşdırmaçı jurnalist, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı söyləyib.
Köhnə təqvimlə martın 16-sı və 17-də "İsmailiyyə” binasında M. Ə. Rəsulzadənin rəhbərliyi ilə milli matəm elan olunması və tətilin keçirilməsi ilə bağlı ziyalıların, ictimai-siyasi təşkilat rəhbərlərinin, məscid axundlarının geniş konfransı keçirilib. Həmin konfransın materiallarını "Şərq” qəzetinin növbəti saylarında çap edəcəyini bildirən A. Aşırlı arxivlərimizdə soyqırımı ilə bağlı hələ də tədqiq olunmayan sənədlərin mövcudluğunu söyləyib.
"Bakıda martın 31-i bütün bina və məscidlərin üzərinə qara haşiyəli parçalar örtülüb. Şəhərdə poçt-teleqraf, xəstəxana və apteklərdən başqa bütün müəssisələr fəaliyyətini dayandırıb. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Bütün məhəllələrdə ehsan verilib. Neft mədənlərində, sənaye müəssisələrində iş səhər saat 6-dan axşam 8-ə qədər dayandırılıb. Yekun matəm mitinqi Təzəpir məscidində izdihamlı keçirilib. Hətta Cənubi Azərbaycandan gələn soydaşlarımız da bu tədbirlərə qatılıb, çıxış ediblər. Ermənilərin Urmiya ətrafında soyqırımı törətdiklərini faktlarla dilə gətiriblər. Həmin gün bütün anadilli mətbuatımız bütövlükdə 31 mart soyqırımına həsr olunub”.
A.Aşırlı qeyd edib ki, Azərbaycan Dövlət Arxivində 894-cü fondda matəm mitinqi ilə bağlı 30 səhifəlik sənədlər saxlanılır. Təəssüf ki, indiyə qədər həmin sənədlərdən istifadə olunmayıb.
Bütün bu sənədləri yaxın vaxtlarda hissə-hissə çap edəcəyini bildirən A. Aşırlı Türkiyə arxivlərində ermənilərin Naxçıvan və İrəvanda törətdikləri qətllərlə bağlı saysız hesabsız sənədlərin olduğunu da əlavə edib.
Aysel Aslan