Fikrət Qoca: "Onun dahiliyindən heç nə aparmır"Əsəd Cahangir: "Bu sadəcə olaraq adi diqqətsizliyin nəticəsi ola bilər "
Azərbaycanın böyük və dahi şairi Nizami Gəncəvinin Rusiyanın Dağıstan Respublikasında adını daşıyan parkı və abidəsi ürək sızladır.
Ötən günlərdə Kütləvi İnformasiya Vasitələrində yayılan fotoşəkildə Dərbənd şəhərində yerləşən parkın tamamilə məhv olub, zibilxanaya çevrilməsi əks olunur. Diqqət çəkən məqam isə Nizami Gəncəvinin parkın mərkəzində yerləşən heykəlinin də bərbad vəziyyətdə olmasıdır.
Məsələ isə bağlı Sherg.az-a danışan xalq şairi Fikrət Qoca problemin həlli ilə Rusiya Federasiyasının maraqlanmalı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, istənilən halda görmədən, bilmədən bununla bağlı etiraz səsləndirmək düzgün deyil: "Həqiqətən, Nizami Gəncəvinin heykəlinə qarşı bu cür diqqətsizlik göstərilibsə, sözsüz ki, bu ürəkaçan deyil. Nizami Gəncəvi həm Azərbaycan üçün, həm də bütün dünya üçün böyük şəxsiyyətdir. Onun yaradıcılığına, dahiliyinə bütün dünya bələddir. Dahi şairin heykəlinin bu vəziyyətə salınması Dərbəndin, Dağıstan Respublikasının özü üçün təqdir olunan hal deyil. Dünya şöhrətli bir şairə bu cür münasibətlə onlar öz mədəniyyətlərini göstərir. Nizami Gəncəvi kimi böyük şairin heykəlinin və heykəlinin salındığı parkın bu hala salınması isə onun dahiliyindən heç nə aparmır. Bu hadisə ilə onun kitablarda, dərsliklərdə, dünya mədəniyyət irsində yeri zəifləmir”.
Parkın dağıdılmasının, Nizami Gəncəvinin heykəlinin o şəkildə qalmasının siyasi mənası olmadığını vurğulayan tanınmış tənqidçi Əsəd Cahangir bunun adi sosial hadisə olduğunu söyləyib. O hesab edir ki, Rusiya-Azərbaycan münasibətləri müstəvisində izahı qəribə və hətta gülməli olar:"Bu sadəcə olaraq adi diqqətsizliyin nəticəsi ola bilər. Yerli hakimiyyət orqanlarının, məsul şəxslərin məsuliyyətsizliyi kimi dəyərləndirmək lazımdır. Necə ki, bu yaxınlarda Mikayıl Müşfiqin heykəlinin şairə yaraşmayan şəkildə saxlanması görüntüləri yayılmışdı. Bu o demək deyil ki, Mikayıl Müşfiqə Azərbaycan hakimiyyətinin münasibətidir. Həmin işlə məşğul olan təşkilatın, qurumun özünün məsuliyyətsizliyinin nəticəsi idi. İctimai rəyin buna kəskin etirazından sonra hakimiyyət dairələri həmin şəxslərin cəzalandırılmasını, heykəlin yerinə bərpa edilməsini təmin etdi. Buna görə də biz Dərbənddə baş verən hadisəyə görə Dağıstan hökumətini , Rusiyanı məsələyə qatmamalıyıq. Bu sadəcə yerli təşkilatın, icra orqanlarının həll edəcəyi məsələdir. Digər tərəfdən park dağıdılıbsa, yəqinki yenidən bərpa olunması üçün işlər aparılır. Nizami Gəncəvinin də heykəli yerindədir. Ola bilsin ki, indiki vəziyyət parkı daha yaxşı görkəmə salmaq istəyərkən yaranıb. Mənə elə gəlir, təlaşlanıb, bu hadisəni sensassiyaya çevirməyə ehtiyac yoxdur. Amma qeyd etməliyəm ki, mən hadisənin konkret səbəblərini də bilmirəm".
Əsəd Cahangir problemin həlli üçün Azərbaycan dövlət qurumlarına müraciət etmək əvəzinə birbaşa Dərbənd şəhərinin icra hakimiyyətinə müraciət etmək lazım olduğunu da əlavə edib:
"Son olaraq, xüsusi vurğulamaq lazımdır ki, Nizami Gəncəvinin hazırda bütün dünyada heykəllərinin yıxıldığı deyil, onun heykəllərinin bütün dünya şəhərlərinə, mədəniyyət mərkəzlərinə ayaq açdığı dövrdür. Onun Rusiya və Avropa şəhərlərində heykəlləri ucaldılıb. Gələcəkdə də bu proses gücləndiriləcək. Çünki Nizami yaradıcılığında bütün dünya xalqlarını sülhə, sevgiyə çağıran ümumbəşəri şairdir. Tək Azərbaycan, türk xalqlarının, Şərqin şairi deyil. Nizami planetin şairidir. Buna görə də yaşadığımız planetar genişlənmə dövründə Nizaminin şöhrətinin miqyası da genişlənəcək. Böyük şairlərin sırasında adı bundan sonra daha da çox çəkiləcək. Bütün bunları nəzərə aldıqda Nizaminin heykəli yerləşən parkın dağıdılması onun dünyavi şöhrətinə kölgə salacaq hadisə kimi dəyərləndirilməməlidir".
Aysel Aslan